• cümə, 29 Mart, 18:43
  • Baku Bakı 14°C

Rusiya nəşrindən Ermənistanla bağlı bədbin proqnoz

15.07.14 08:38 1133
Rusiya nəşrindən Ermənistanla bağlı bədbin proqnoz
Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına üzv qəbul olmağa hazırlaşan Ermənistanda sosial durumun necə ağır olması barədə növbəti qalmaqallı məqalə Rusiya mətbuatında dərc edilib. Bu dəfə nüfuzlu “Kommersant” nəşri Rusiya ilə heç bir sərhədə malik olmayan bir dövlətin Gömrük İttifaqına üzv qəbul olmasına ironik münasibət əks etdirən reportajla çıxış edib. Müəllifin gəldiyi qənaət bundan ibarətdir ki, Ermənistanın bu qurumlara üzv qəbul olmasının heç bir iqtisadi əsası yoxdur. Əvvəlcə bu ölkənin işğalçılıq siyasəti səbəbindən üzləşdiyi ağır vəziyyətə toxunulur. Mühasirə vəziyyətinə düşmüş ölkəyə əvvəllər Azərbaycan, yaxud da Gürcüstandan gəlməyin mümkün olduğu qeyd edilir. “Bu gün Ermənistanın dəmir yolları Rusiyanın Dəmir Yollarının nəzarəti altındadır. Lakin faktiki olaraq bu dəmir yolu adadır. Azərbaycanla müharibə səbəbindən Ermənistanın dəmir yolları dağılıb sökülüb. Gürcüstandan keçib gedən yol isə Abxaziya ərazisinə düşür. Bu ərazi isə Rusiyanın nəzarəti altındadır və burada da vəziyyət ağır olaraq qalır. Nəticədə Rusiya ilə Ermənistan arasında dəmir yolu əlaqəsi mövcud deyil. Moskvadan Yerevana iki sutka ərzində avtomobillə Şimali Qafqazdan və Gürcüstandan keçib getməklə, yaxud üç saat təyyarə ilə gəlib çatmaq olar. Müəllif yolda rastlaşdığı mənzərələrin tam sovet dövrünü xatırlatdığını, hər şeyin köhnəliyi əks etdirdiyini yazır. “Bir yerdə belə Leninin heykəlinə rast gəlmədim, ancaq inqilab dövrünün qəhrəmanlarının heykəli saxlanılır. Bu heykəllərdən birinin kimə məxsus olduğunu soruşdum. Dedilər “komissardır”. “Nə üçün Leninin heykəlini götürdünüz, yerli komissarlar Myansnikyan və Şaumyanın heykəlini isə saxladınız» - deyə sual etdim. Bu zaman “axı onlar ermənilərdir” - cavabını veriblər”.
Rus jurnalisti daha sonra Ermənistan iqtisadiyyatının necə acınacaqlı durumda olduğuna işarə edib: “İqtisadiyyat barədə danışsaq, 2011-ci ildə «Forbes» Ermənistanı dünyada iqtisadiyyatı bərbad vəziyyətdə olan 10 ölkə arasında sonuncu yerdə qərarlaşdırıb. Hətta Madaqaskar belə ondan yuxarıda qərarlaşıb”. Jurnalist bildirib ki, söhbət etdiyi şəxs ona Ermənistan iqtisadiyyatı barədə yazmamağı məsləhət görüb. 2012-ci ilin siyahıyaalınmasına görə, Ermənistanda 3,2 milyon insan yaşayır və onların 3 milyonu daimi burada yaşayanlardır. Lakin bu rəqəm həqiqəti əks etdirmir. Jurnalistə bu barədə məlumat verən Yerevanın keçmiş meri, iqtisadçı Vaaqn Xaçaturyan bildirib ki, ölkədə heç 2 milyon insan yaşamır: “Bizim ümumdaxili məhsul 10 milyard dollar təşkil edir. Xaricdə yaşayan ermənilərin bura transfer etdikləri vəsaitin həcmi il ərzində 1,8 mlrd. dollardır. Ermənistanda orta aylıq əmək haqqı təxminən 300 dollara ayxındır”. Lakin daha sonra əlavə edib ki, Ermənistanın Rusiyadan total asılılığı tək pul köçürmələri ilə bağlı deyil: “Rusiya kompaniyalarına ölkənin müəssisələrinin böyük əksəriyyəti tabedir. Məsələn, elektrik enerjisinin verilməsi bunu bariz nümunədir. Eləcə də iri elektrik stansiyaları - Razdan SES, Razdan SES-in beşinci bloku (bunlar ayrı-ayrı müəssisələrdir), Sevan elektrik stansiyalarının kaskadı da bura daxildir. Ruslar həmçinin artıq bağlı olan zavodlar üzərində də nəzarəti ələ alıblar. Bunların içərisində fəaliyyətdə olan müəssisələr də var – “Rusal”a tabe olan «Armenal»ı da bura daxil etmək olar. Müəssisələrin bir çoxunu Rusiya Ermənistanın ona olan borcuna görə 2004-cü ildə özününkü edib. İrandan gələn qaz kəmərləri də Rusiyanın, daha dəqiq desək, «Qazprom»un nəzarəti altındadır. Ermənistandakı iki mobil operator Rusiyanındır - Beeline və MTS. Erməni iqtisadçısı bildirib ki, bank sektorunda da vəziyyət acınacaqlıdır - ölkənin 25 bankından 21-i erməni deyil, əcnəbi kapitalın nəzarəti altındadır”. Müəllif sonra bildirib ki, dünyadakı 10 milyon erməninin 7 milyonu xaricdə yaşayır. Məqalədə həmçinin ermənilərin necə ustalıqla xarici malların nüsxəsini çıxarıb öz malları kimin satmalarından da bəhs edilib.
Müəllif daha sonra Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı narahatçılıq keçirdiyini yazıb. “2013-cü ilin 3 sentyabrında bizə elan etdilər ki, Gömrük İttifaqına qəbul olacağıq. Halbuki, ona kimi qeyd edilirdi ki, Ermənistan Gürcüstan, Ukrayna və Moldova ilə birlikdə Avropa İttifaqının assosiativ üzvlüklə bağlı sazişinə imza atacaq. Həmin bu dövlətlər artıq sazişə imza atdılar. Ermənistan isə bundan imtina etdi».
2013-cü ildə Ermənistandan Rusiya 334,5 mln, Belarusa 8,6 mln. Qazaxıstana isə 7,3 milyonluq mal daşınıb. Gömrük İttifaqı üzvlərinin ümumdaxili məhsulu 2,3 trln. dollardır. Bu isə Ermənistanın ÜDM-dən 230 dəfə çoxdur. Nəzəri cəhətdən ölkənin inteqrasiyası müsbət effekt verə bilər. İxrac mallarına və xammala qoyulan rüsumların ləğvi 2-3 ərzində 4-5 faiz arta bilər və bu da 400-500 milyon dollardır. Gömrük İttifaqına üzvlüyün müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Ermənistan quruma üzv qəbul olduqdan sonra ölkə tamam başqa bir düşərgəyə düşmüş olacaq. Avropa İttifaqı ilə münasibətləri pisləşəcək, ticarət münasibətlərinə xələl gələcək, tranzit məsələlərində problemlər yaranacaq. Bundan əlavə, ölkəyə gətiriləm bir sıra malların, ərzaq mallarının, avtomobillərin rüsumları artacaq. Aydın olan və gəlinən qənaət bundan ibarətdir ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyü nə özünə, nə onun üzv qəbul olacağı quruma, onun iştirakçılarına iqtisadi effekt gətirməyəcək. Ekspertlərin böyük əksəriyyəti üzv olmanın arxasında siyasi addımların olduğunu bildirir.
Müəllif daha sonra ölkəsinin imperiya maraqlarını ortaya qoyaraq, bu ölkənin daima Rusiyanın himayəsi altında olmasının zəruri olduğunu bildirib.
Məqalədə Türkiyə-Ermənistan münasibətləri də diqqətdən kənarda qalmayıb. Türkiyədəki NATO bazasının Ermənistan üçün təhlükə olduğunu bildirən müəllif Gümrüdə erməni bazasının olmasının ermənilərə sakitlik gətirdiyini yazıb. Qonşu İran da diqqətdən kənarda qalmayıb. Bu ölkənin Ermənistanın xilaskarı olmasına baxmayaraq, hər halda müsəlman dövləti olduğu xüsusi vurğulanıb. Beləliklə, Rusiya nəşri bir daha Ermənistanı bütün çılpaqlığı ilə ortaya qoyub. İqtisadi vəziyyəti, üzləşdiyi ağır sosial durumu və perspektivdə bu ölkəni yaxşı heç nəyi gözləmədiyi bir daha diqqətə çatdırılıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər