• şənbə, 20 Aprel, 04:54
  • Baku Bakı 15°C

Rusiya Nazarbayevin ABŞ səfərindən narahatdır

17.01.18 16:32 843
Rusiya Nazarbayevin ABŞ səfərindən narahatdır
Qazaxıstan prezidenti Nursultan Nazarbayev prezidentliyi dövründə Birləşmiş Ştatlara sayca yeddinci səfərini reallaşdırıb. Maraqlıdır ki, Rusiya mediası səfərə daha çox ABŞ-Rusiya münasibətlərinin normallaşması prizmasından şərh etməyə çalışır. Məsələ ondadır ki, Nazarbayevin əvvəlki səfərləri ABŞ və Rusiya arasında münasibətlərdə gərginlik olmadığı dövrlərə təsadüf edib. İndi isə vəziyyət başqadır. İki böyük dövlət arasında sanksiyalar, casus qalmaqalı və regional münaqişələrlə bağlı gərginlik yaşanır. Məhz bu səbəbdən də media bu səfəri ABŞ və Rusiya arasında münasibətlərin normallaşmasına səbəb ola biləcəyini ehtimal edir. Onların qənaətincə, Nazarbayev iki ölkə arasında dialoqun baş tutmasında əhəmiyyətli rol oynaya bilər. Rusiyalı ekspertlər istisna etmirlər ki, Nazarbayev ABŞ və Rusiya arasında dialoqda vasitəçi qismində çıxış etməyə can atsın. Qazaxıstan beynəlxalq münasibətlər üzrə Şuranın sədri Erlan Karin bildirir ki, Nazarbayev Ağ ev rəhbərinin xarici qonaq qismində qəbul etdiyi ilk şəxslər sırasındadır. Onun sözlərinə görə, bu səfər Mərkəzi Asiya ilə ABŞ arasında gələcək münasibətlərin perspektivləri, ABŞ-ın bu regiondakı rolu baxımından maraqlıdır.
Nazarbayevin səfəri həm də C5+1 (Mərkəzi Asiyanın beş dövləti və ABŞ) formatında nazirlərin toplantısını da canlandıra bilər. Maraqlıdır ki, Moskvada qazax liderinin ABŞ-a səfəri bir qədər ehtiyatlılıqla qarşılanır. Məsələn, Rusiya XİN rəhbəri Sergey Lavrov ehtiyat edir ki, Vaşinqton C5+1 formatından Rusiyanın Mərkəzi Asiyada rolunun azaltmaq istiqamətində istifadə edə bilər.
S.Lavrov bildirib ki, "bu layihə "Böyük Mərkəzi Asiya” layihəsinin bir hissəsidir. Məqsəd Mərkəzi Asiya boyu bütün layihələrin cənuba Əfqanıstana yönləndirilməsidir. Lakin əsas olan odur ki, bütün bunları Rusiyanın iştirakı olmadan həyata keçirməkdir”. Bu format 2015-ci ildə meydana gəlib. O zaman ABŞ bu formatın gücləndirilməsi üçün 15 mln. dollar ayırmışdı.
Rusiya ekspertləri isə Lavrovun bu ehtiyatlılığını əsassız sayırlar. Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov "Kommersant”a bildirib ki, "regionun Özbəkistan və Türkmənistan kimi dövlətləri Əfqanıstanla ikitərəfli dialoq aparmağa öyrəşiblər. C5+1 formatı onlar üçün əlavə problemdir. Bu səbəbdən də ABŞ-ın uğur qazanacağı barədə fikir söyləmək tezdir”. Qazax ekspert Erlan Karin da hesab edir ki, Astana Moskva və Vaşinqton arasında balansı qoruyub saxlayacaq. "Qazaxıstan heç zaman ABŞ və Rusiya arasında qarşıdurmada öz məqsədləri naminə yararlanmağa çalışmayıb, əksinə, hər iki tərəflə işləyib, onları öz tərəfinə çəkməyə çalışıb”, - deyə o bildirib.
Tramplə Nazarbayevin görüşünə gəldikdə, liderlər iki ölkə arasında əlaqələri, təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Nazarbayev və Tramp dünyanın gündəmində olan vacib məqamlara da toxunublar. "Şimali Koreya hökuməti nüvə silahından şantaj vasitəsi kimi istifadə etməməlidir”, - deyə Nursultan Nazarbayev söyləyib. O, Pxenyanın nüvə silahından imtina etməsinin gərəkliliyini bildirib: "Bizim mənəvi haqqımız çatır ki, nüvə ölkələrindən Astana kimi davranmalarını istəyək. Biz bu məsələni İranla bağlı da etmişik və indi də Şimali Koreya ilə danışırıq”. Tərəflər genişləndirilmiş strateji tərəfdaşlıq barədə birgə bəyanat da veriblər. Sənəd 21-ci əsrdə Qazaxıstan-ABŞ əlaqələrinin daha da dərinləşdirilməsini nəzərdə tutur.
Qeyd edək ki, Trampla Nazarbayev buna qədər 2017-ci ildə Ər-Riyadda "ABŞ-islam dünyası” sammitində görüşüblər. O zaman onların görüşü qısa olmuşdu. Bu dəfə isə Qazaxıstan prezidentinin səfəri 3 gün çəkəcək. Özü də onun tək Trampla deyil, ABŞ işgüzar dairələrinin nümayəndələri ilə də görüşü planlaşdırılır. Statistikaya görə, Qazaxıstanın ümumi xarici ticarətinin 3 faizi ABŞ-ın payına düşür. Qazaxlar bu ölkəyə əsasən kimya məhsulları və metal ixrac edir. Ötən il bu sahə üzrə ABŞ-a 300 mln. dolar yaxın məhsul satılıb. Nazarbayev ən əsası ABŞ-a titan daşınmasının artırılmasına çalışır. O da qeyd edilir ki, biznes forumun sonunda iki ölkə arasında bir neçə milyardlıq sazişlərin imzalanması da nəzərdə tutulub. Yeri gəlmişkən, Qazaxıstan prezidenti Donald Trampa, Vaşinqtonun onun ölkəsinin ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Nazarbayev habelə Trampı prezidentliyinin birinci ildönümü münasibətilə təbrik edib. Nazarbayev deyib ki, "Qazaxıstan öz müstəqilliyinin və ərazi bütövlüyünün Amerika tərəfindən dəstəklənməsini yüksək qiymətləndirir”. Nazarbayev bu bəyanatının təfərrüatlarını izah etməyib, lakin sirr deyil ki, Qazaxıstan Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını işğal edəndən sonra Moskvanın keçmiş sovet respublikalarına münasibətindən narahatdır. Əsas etibarilə etnik qazaxların məskunlaşdığı Qazaxıstanda əhəmiyyətli sayda etnik rus yaşayır. Ölkə əhalisinin 20 faizini təşkil edən ruslar əsasən respublikanın Rusiya ilə həmsərhəd şimal bölgələrində yaşayırlar.
Səfər çərçivəsində Nazarbayevlə ABŞ energetika naziri Rik Perri arasında da görüş olub. Görüş zamanı neft-qaz və energetika sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Nazarbayev Vaşinqtonu ölkəsindəki investisiyalarını artırmağa çağırıb. O, həmçinin, ABŞ-la Qazaxıstanın Xəzər dənizindəki Tengiz və Kaşaqan yataqlarında əməkdaşlığını müsbət dəyərləndirib.
Qazaxıstan prezidentinə müşavirlik edən Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun direktor müavini Sanat Kuşkumbayev deyib ki, "ABŞ Qazaxıstanın ən böyük ticarət partnyoru və investorlarından biridir”.
Kuşkumbayev "Kazinform”a müsahibəsində deyib: "Biz regional və qlobal təhlükəsizliyin həlli və inkişaf etdirilməsi sahəsində əməkdaşlıq edirik. Bu görüşün diqqəti Əfqanıstandakı vəziyyətə, Suriya münaqişəsinə və Rusiya ilə münasibətlərə yönələcək”.
Xatırladaq ki, N.Nazarbayev bu günlərdə Astanadakı ABŞ səfiri Corc Krolu qəbul edərkən demişdi ki, son 26 ildə iki ölkə arasında "dost münasibətlər” olub və o bundan sonra bu münasibətlərin inkişaf etdirilməsini istərdi. Qazaxıstan prezidenti habelə bildirib ki, Astana Vaşinqtonla terrorizmə qarşı mübarizədə və kütləvi qırğın silahlarının yayılmaması məsələlərində əməkdaşlığın inkişaf etməsini istəyir.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər