Rusiya narahatdır
Postsovet məkanına daxil olan bir sıra ölkələrdə son vaxtlar qəbil
edilən qərarlar Rusiyanın müəyyən dairələrində, daha çox imperiya xülyası ilə
alışıb-yanan mərkəzlərində narahatlığa səbəb olub. Onların qənaətincə, bu
ölkələr keçmiş Çar Rusiyasını, eləcə də sovet dövrünü xatırladan abidə və yaxud
hansısa bir hadisəni yaddaşlardan silməyə çalışmamalıdırlar. Hətta bəziləri
bunu təhlükəli hal kimi qələmə verməyə çalışır. Həmin dairələri ən çox özündən
çıxaran bu yaxınlarda Qırğızıstan prezidenti Almazbek Atambayevin Oktyabr
inqilabı ilə bağlı bayram təqvimində dəyişiklik etməsi və qazaxların əlifba
islahatları olub. Məlumat üçün bildirək ki, postunun tərk etməyə hazırlaşan prezident
A.Atambayev noyabrın 7-nin bundan sonra ölkədə Əcdadların tarixi və yaddaşı
günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. Bundan sonra noyabrın 7-8-də həm
də 1916-cı ildə yaşanan Türküstan üsyanı zamanı qətlə yetirilən insanların
xatirəsi anılacaq. O zaman yerli əhali müharibə zamanı arxa cəbhədə işləmək
istəmədiyindən çar hökuməti onların üzərinə qoşun göndərmişdi. Minlərlə insan
qətlə yetirilmişdi. A.Atambayevin qəbul etdiyi qərarda göstərilir ki, xalq
azadlığa can atmaq istədiyindən bu cür hadisələr yaşanmışdı.
Öz növbəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayev də bu
istiqamətdə inqilabi addım atıb. Onun imzaladığı sərəncama əsasən, respublika hökumətinə
qazax dili əlifbasının latın qrafikasına keçidi üzrə milli komissiya yaradılıb,
komissiyaya 2025-ci ilədək mərhələ-mərhələ latın qrafikasına keçidi təmin etmək
tapşırılıb. Prezident bildirib ki, latın qrafikasına keçiddə dərin məntiq var:
"Bu, müasir texnologiya, mühit və kommunikasiya, həmçinin 21-ci əsrin təhsil və
elmindəki proseslərin özəllikləri ilə bağlıdır. Uşaqlarımız məktəb yaşlarından
ingilis dili keçir və latın hərflərini öyrənir. Ona görə də gənc nəsil üçün heç
bir çətinlik və maneə yaranmamalıdır”.
Qazaxıstan prezidenti məqaləsində qeyd edib ki, 2018-ci ildən yeni
əlifbanın tədrisi üzrə mütəxəssislərin və orta məktəblər üçün dərsliklərin
hazırlanmasına başlamaq lazımdır. Nazarbayev məqaləsində ilk dövrdə latın
qrafikası ilə yanaşı, kiril əlifbasının da istifadə olunacağını qeyd edib.
Qeyd edək ki, keçmiş sovet məkanında hazırda latın qrafikasından
Baltika ölkələri, Moldova, həmçinin türkdilli Azərbaycan, Türkmənistan və
Özbəkistan istifadə edir. Ancaq ekspertlər hesab edir ki, keçmiş SSRİ-nin
tərkibində olan Qazaxıstanın belə bir qərar verməsi Rusiyanı qıcıqlandıracaq və
belə də olub. Etiraz edənlər əsas fakt kimi də Qazaxıstanda hazırda 6 milyona
yaxın rusun yaşamasını qabardırlar. Qeyd edək ki, qazaxlar müstəqilliklərinin
yalnız 25-ci illiyində latın əlifbasına keçidlə bağlı qərar veriblər. Qeyd
edilir ki, Rusiya postsovet ölkəsində rus dilinin əsas və rəsmi dil olmasını
istəyir. Bu yöndə artıq Rusiyada konsepsiya da var və bunu ölkənin təhsil
naziri də açıq şəkildə bildirib. Nazarbayevin addımı isə bu konsepsiyanın
reallaşmasında əsas maneəyə çevrilə bilər.
Yeri gəlmişkən, latın əlifbası ilə yanaşı, Qazaxıstanda çar Rusiyası
zamanı yaşanan milli-azadlıq hərəkatı hadisələri zəminində yol verilən qətliamlar
da diqqət mərkəzinə çıxarılıb. Qırğızıstanda olduğu kimi, Qazaxıstan ərazisində
də xalq üsyanları zamanı insanların kütləvi qətliamı yaşanmışdı.
Rusiyanın nüfuzlu "Lenta.ru” portalı Mərkəzi Asiyadakı bu antirusiya
ritorikanın səbəblərini araşdırmağa çalışıb. Müsahib kimi də rusiyalı alim
Sergey Volkov seçilib. Ekspert maraqlı bir yanaşma ilə çıxış edib. İddia edib
ki, Rusiya Federasiyasının rəhbərliyi mahiyyət etibarilə özünü Rusiya
imperiyasının deyil, SSRİ-nin varisi adlandırır: "Bu səbəbdən də postsovet
ölkələri çarizmi ittiham etməlidirlər. Lakin Ukrayna və Pribaltika ölkələri
məhz indiki Rusiyanın məsuliyyət daşımalı olduğunu iddia edirlər. Bu da düz
yanaşma deyil. Ötən əsrin əvvəllərində mübarizə əsasən çarizmə, xalqların
müstəmləkə rejiminə qarşı mübarizəsinə həsr olunmuşdu. Bu mübarizə sosial, bir
çox hallarda isə milli mübarizə forması alırdı. Bu qiymətləndirmə də heç bir
zaman dəyişməyib”. Rus alim iddia edir ki, o zaman heç bir halda milli azadlıq
hərəkatının getməsindən söhbət belə gedə bilməz. Onun qənaətincə, üsyanı
pantürküst və panislamizm ənənənin yayılmasını istəyən qüvvələr etmişdi.
Yeri gəlmişkən, bir çox postsovet xalqları tək çarizm deyil, SSRİ
dövründə kütləvi qətliamlara məruz qalıblar. Ukraynada Qolodomoru misal çəkmək
olar. Aclıq illərində milyonlarla insan tələf olub. İndi isə rəsmi Kiyev
bununla bağlı məsələ qaldıranda Rusiyada etirazlar qalxır. Eləcə də xalqların
deportasiyasını buna misal çəkmək olar. Postsovet məkanında ruslara qarşı ən
güclü nifrət Pribaltika ölkələrində qeydə alınıb. Burada hakim olan əsas fikir
odur ki, ölkənin bütün bəlaları məhz Rusiyadan və sovetlərdən gəlib. Bu
səbəbdən də hər üç ölkədə mütəmadi olaraq antirusiya aksiyaları keçirilir, faşist
təmayüllü təşkilatların aksiyalar keçirmələrinə icazə verilir.
Maraqlıdır ki, Rusiyanın digər nəşrləri də Qırğızıstanda prezident
qərarı və Qazaxıstanda son vaxtların ən aktual məsələsi olan Kirill əlifbasının
latınla əvəz olunmasını da bura daxil edirlər. Onların qənaətincə, N.Nazarbayev
bu addımı atmalı deyildi. Rus alimlərin qənaətincə, Qazaxıstanda hakimiyyət hər
vəchlə rus təsirindən uzaqlaşmağa çalışır. Elə paytaxt Alma-atanın Astana ilə
əvəzlənməsini də bura daxil edirlər. Məsələ ondadır ki, Almatı əksəriyyət
tərəfindən az qala rus şəhəri kimi ad çıxarmışdı. Rus analitikləri və müəyyən
imperiyapərəst dairələrin gəldiyi qənaət budur ki, çarizm və sovet dövrünü
xatırladan nə varsa aradan qaldırılmalı deyil. Lakin istənilən halda tarixdə yaşananlar
obyektiv qiymət almalıdır. Baş verənlərə müasir prizmadan yanaşılmalıdır. Hər
bir xalq, dövlət üçün prioritet milli özünüdərk hissinin qorunub
saxlanılmasıdır və adları yuxarıda qeyd olunan dövlətlər də bu hissi aşılamağa
çalışırlar. Təəssüf doğuran isə müstəqil dövlətlərin bu istiqamətdə atdıqları
addımlara verilən reaksiyalardır.
Azər NURİYEV