• şənbə, 20 Aprel, 13:57
  • Baku Bakı 23°C

Rusiya miqrantlarla bağlı qaydaları sərtləşdirir

06.12.17 09:00 1950
Rusiya miqrantlarla bağlı qaydaları sərtləşdirir
Rusiya hakimiyyət orqanları yaxın və uzaq xaric ölkələri ilə potensial miqrantların yığımı barədə danışıqlar aparır. Rusiya nəşrləri yazır ki, bundan əlavə, ölkənin Daxili İşlər Nazirliyində qanunları pozan əcnəbilərin ölkədən çıxarılması ilə bağlı plan hazırlanıb. Yeni qaydalara görə, qastarbayterlərdən ölkələrinə qayıtmaq üçün vəsaiti ödəmək tələb olunacaq, əks təqdirdə onlar məcburi işlərə cəlb olunacaqlar. Artıq Dövlət Dumasına DİN-in səlahiyyətlərinin artırılmasını nəzərdə tutan "Gəlmələrin deportasiyası ilə bağlı təşkilatın səlahiyyətləri” adlanan qanun layihəsi daxil olub. Güc strukturu dəfələrlə ölkə qanunlarını pozan şəxslərin geri qaytarılması üçün vəsait çatışmazlığından şikayət edib. Yeni təklif olunan dəyişikliklər də bu sahədə yaşanan problemlərin aradan qaldırılmasına xidmət etməlidir. Məsələn, xırda qanun pozuntularına yol verən əcnəbilərin öz hesablarına ölkədən çıxarılması təklif olunur. Onlar müstəqil şəkildə bilet alıb, polislərin müşayiəti ilə ölkədən çıxa biləcəklər. Hüquq-mühafizə orqanları əməkdaşları həmin şəxslərin təyyarə və yaxud qatara minib sərhədi keçib ölkəni tərk etməsinə və bir də qayıtmamasına nəzarət edəcəklər. DİN həmin şəxslər barədə məlumatları ümumi bazada saxlayacaq. Bununla da miqrantlar aylarla həbsxana şəraitini xatırladan yerlərdə nə vaxt deportasiya olunacaqları günü gözləməyəcəklər. Dövlət də bütün bunlardan az vəsaitə qənaət etməyəcək. Belə ki, bir şəxsin saxlanılması və deportasiyası 90 min rubla başa gəlir. Miqrantlara alternativ variant kimi məcburi işlərə cəlb edilməsi təklif oluna bilər. Məmurların qənaətincə, ölkədən çıxarılacaq şəxslər müvəqqəti saxlanc yerlərində qalmaqdansa, məcburi işlərə cəlb edilib cərimələrini ödəsələr yaxşı olar. Daxili İşlər Nazirliyi bununla yanaşı, miqrantlarla bağlı qaydaların sərtləşdirilməsini də planlaşdırır.
Əsas məsələlərdən biri də miqrantların öz vətənlərində yığılması prosesidir. Yaxın və xaric ölkələrində bu məqsədlə xüsusi mərkəzlər yaradılacaq. Orada yerli sakinlərin hazırlanması, təhsili və Rusiyaya göndərilməsi prosesi həyata keçiriləcək. Ən əsası, onların məhkəmə ilə bağlı problemlərinın olub-olmadığı da əsas götürüləcək. Artıq bu cür razılaşma Özbəkistanla imzalanıb. Digər yaxın xaric ölkələri ilə də analoji sazişlərin imzalanması nəzərdə tutulub. Bu saziş çərçivəsində rusiyalı sahibkarlar öz işçilərini yerlərdə evlə təmin edəcək, eləcə də, təhlükəsizliyini, təmin olunan əmək haqqı ilə bağlı problemlərini həll etməli olacaqlar. Əgər onlar bütün bunları etməsələr, onda məsuliyyətə cəlb olunacaqlar. Məlumat üçün bildirək ki, artıq dünyanın bir çox yerlərində miqrantlar üçün belə qaydalar mövcuddur. Məsələn, həmin ölkələrdə işləmək üçün gələn miqrantların yaşı 40-dan yuxarı olmamalı, təhsil minimum orta olmalı və geriyə biletləri mütləq olmalıdır. Yeri gəlmişkən, artıq Rusiya əyalətlərində əmək miqrantları arasında "təmizləmə” işlərinə başlanılıb. Prokurorluq və İstintaq Komitəsi qastarbayterləri müəyyən edir, onlara verilən qanunsuz iş sənədlərini üzə çıxarır. Tək Sverdlovsk vilayətində 202 belə hal müəyyən olunub. Rusiya baş naziri Dmitri Medvedyev isə bu günlərdə əcnəbilər və vətəndaşlığı olmayan insanlar üçün müvəqqəti yaşayış üçün verilən kvotaların azaldılması barədə qərar qəbul edib. Gələn il 90 min belə sənədlərin verilməsi nəzərdə tutulub. Bu da əvvəlki illə müqayisədə 20 min azdır. Hökumətdən bildiriblər ki, ilbəil Rusiyaya gələn miqrantların sayında azalma müşahidə edilir. Bu ilin səkkiz ayı ərzində də 37 min azalma var. Rusiya əmək və sosial müdafiə naziri Maksim Topilin bildirib ki, miqrasiya axının azalması ölkənin əmək bazarına təsir etməyib. Əksinə, onun qənaətincə, vəziyyət yaxşılaşıb. Belə ki, bir çox sahələrdə xarici işçilərin ruslarla əvəzlənməsi prosesi yaşanıb.
Azər
banner

Oxşar Xəbərlər