• cümə, 19 Aprel, 14:33
  • Baku Bakı 25°C

Rusiya mediası Paşinyanın Brüssel uğursuzluğundan yazır

19.07.18 21:50 738
Rusiya mediası Paşinyanın Brüssel uğursuzluğundan yazır
Paşinyanın Brüssel səfəri, Rusiyanın əbədi rəqibi NATO-nun sammitində iştirakı, gözlənildiyi kimi, Rusiya ictimai-siyasi dairələrində, ən əsası da mediasında sərt reaksiya doğurmaqdadır. Əksər media orqanları forpost ölkəni bir növ "çörəyi dizinin üstündə olan ölkə”, xəyanətkar adlandırır. Bəziləri isə bu səfərlə Paşinyanın heç bir uğur əldə edə bilmədiyinə işarə edirlər.
Məsələn, Rusiyanın nüfuzlu "Lenta.ru” portalı yazır ki, Rusiya üçün "dost”u Ukraynanın əkiz bacısı peyda olub. Bu ölkə Ermənistandır. Məqalədə vurğulanır ki, son vaxtlara qədər Moskvaya loyal münasibəti ortada olan Ermənistan artıq əks siyasət yürütməkdədir. "Bu səbəbdən də Rusiya tərəfi Ermənistanla ikitərəfli münasibətlərin gələcək perspektivləri barəsində ətraflı düşünməlidir. Və bu düşüncələr yaxşı heç nə vəd etmir”, - deyə müəllif yazır. Müəllif bildirir ki, baş nazir Nikol Paşinyanın son dövrdəki fəaliyyəti bu qənaəti daha da gücləndirir. Paşinyanın bu fəaliyyəti ilə Ukrayna prezidenti Petro Poroşenkonu xatırlatmağa başladığı vurğulanır.
Müəllif erməni baş nazirin fəaliyyətini "iki stulda əyləşməyə çalışan arxa” kimi xarakterizə edib: "Onun etibar edilən ölkənin (Ermənistanın) xarici siyasətini daha çox Qərbə doğru istiqamətləndirmək meyli hiss olunur. Ölkəni Rusiyaya qarşı düşmən mövqedə olan NATO-ya inteqrasiya etmək istəyir. Ola bilsin, bu addımı ilə Moskvadan gələcək əməkdaşlıq üçün xüsusi şərtlər əldə etməyə çalışır”. Əlavə edilir ki, Paşinyan Brüssel sammitində KTMT üzvü olan yeganə ölkə kimi çıxış edib. O da qeyd edilir ki, Rusiya cəmiyyətinə bu səfər sadəcə tanışlıq səfəri kimi yeridilməyə çalışılır. "Paşinyanın antirus ritorikasını göstərən ikinci məsələ onun kadr siyasətidir. Təsadüfdən, yoxsa məqsədli şəkildə kabinet üzvlərinin böyük əksəriyyəti rusofoblardan təşkil olunub. Onların arasında "Soros Fondu”nun koordinatoru olmuş, hazırda isə diaspora nazirinin müavini Babken Ter-Qriqoryan da var. Bu şəxs Paşinyanın aksiyaları zamanı Putinin təhqir olunduğu plakatla şəkil çəkdirmişdi. Əmək naziri Mane Tandilyan isə Ermənistanın Aİİ-dən çıxmasında israr edir. Belə misallar həddən artıq çoxdur”, - deyə məqalədə vurğulanır.
Daha sonra Brüsseldə erməni baş nazirin düşdüyü kuryoz vəziyyətlər də qeyd olunur. Xüsusən də onun ABŞ prezidenti Donald Trampın əlini sıxmaq üçün necə oyunlardan çıxdığı, özünü gülünc vəziyyətə saldığı rişxəndlə qeyd olunur. "Mədəni bir adam olan Tramp qəfil qarşısına çıxan Paşinyanın əlini sıxmağa məcbur oldu. Erməni mediası isə bunu az qala diplomatik dönüş kimi qiymətləndirib. Analoji sxemlə Paşinyan Qərbin digər liderləri ilə də görüşüb. Paşinyanın bu "diplomatik jesti”ni bir vaxtlar Ukrayna prezidenti Petro Poroşenko da tətbiq edib. Paşinyanın başqa bir uğursuzluğu NATO-nun Azərbaycanın Dağlıq Qarabağı geri qaytarmaq barədə bəyanatlarına Alyansın sərt cavab verməsi tələbi olub. Belə ki, bu mövqe əks reaksiya doğurub. Qərb dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və avantüralarda iştirak etmədiyini bəyan edib”, - deyə məqalədə bildirilib. "Düzdür, Paşinyanın "diplomatiya”sı onun pul xahiş etməsindən sonra solmağa başladı. Təəssüf ki, onun bu yorulmaz əməyi yalnız 10 mln. avro ilə qiymətləndirildi. Avropa İttifaqının Ermənistandakı xüsusi nümayəndəsi Petr Svitalski də erməni baş nazir ilə görüşdə bəyan edib ki, Ermənistana əlavə vəsait verilməsi nəzərdə tutulmur. Yəni, Qərbin Ermənistana münasibəti əvvəlki rejimə olduğu kimi qalacaq”, - yazıda qeyd edilir.
Sonda isə belə fikir səslənir ki, yaranmış vəziyyət acınacaqlı təsir bağışlayır. "Arıqlamış” erməni büdcəsi ilə bağlı bir neçə həll variantı irəli sürülür – birinci, ölkəni NATO-ya satmaq. Yəni, Ermənistanda Alyansın hərbi bazasını yaratmaq. İkincisi, Qərblə əməkdaşlığı genişləndirmək bəhanəsi ilə Rusiyanı şantaj edib ondan daha çox vəsait almaq. Üçüncüsü, Ermənistanın suveren iqtisadiyyatına nail olmaq. Paşinyanın bu variantlardan hansını seçəcəyi maraqlıdır...

Azər
banner

Oxşar Xəbərlər