• cümə axşamı, 18 aprel, 18:35
  • Baku Bakı 21°C

Rusiya mediası Paşinyanı yenə “topa tutdu”

29.07.19 18:44 9573
Rusiya mediası Paşinyanı yenə “topa tutdu”
Rusiya mediası Ermənistanın sabiq prezidenti Robert Koçaryanın müdafiəsinə start verib. "Arqumentı i faktı” və "İzvestisiya” qəzetləri eks-prezidentin həbsinin bir illiyi ilə bağlı rəsmi Yerevanı sərt tənqid edən yazılar dərc ediblər. "Arqumentı i faktı”da dərc olunan "Ədalət məhkəməsi və yaxud qisas? Ermənistanda keçmiş prezidenti necə zəhərləyirlər” başlıqlı məqalədə baş verənlər siyasi təqib kimi qələmə verilib. "İzvestisya” isə yazır ki, müdafiə tərəfi eks-prezidentin azad olunması üçün Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət etməyə hazırlaşır. Hətta buna illər lazım olsa belə. Qəzetə açıqlamasında Koçaryanın vəkili Ruben Saakyan bildirib ki, onlar yerli məhkəmələrə müraciətlərini də kənara qoymayacaqlar. Nikol Paşinyan hökuməti də sərt addımlara start verib. Belə ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryanı həbsdən azad edən hakim David Qriqoryanın səlahiyyətləri dayandırılıb. Bu barədə Ermənistanın Ali Məhkəmə Şurası qərar verib. May ayında Yerevan birinci instansiya şəhər məhkəməsinin hakimi D.Qriqoryan qondarma DQR liderlərinin təlimatı ilə Koçaryanı həbsdən azad etmiş, işi Konstitusiya Məhkəməsinə göndərmişdi. Amma Ermənistan Apellyasiya Məhkəməsi sabiq prezidentin azadlığa buraxılması ilə bağlı qərarı ləğv etdi. Xüsusi İstintaq İdarəsinin mətbuat katibi Marina Ohancanyan isə bir müddət əvvəl bildirib ki, Qriqoryanla bağlı məhkəmə işi başladılıb və onun evində axtarış aparılıb.
Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə ölkədə konstitusiya quruluşunun zorla dəyişdirilməsi cəhdində ittiham olunur. Həmin hadisələr çərçivəsində 10 nəfər – 8 mülki şəxs və 2 polis əməkdaşı həlak olmuşdu. Təhqiqat işi ilə məşğul olan mənbənin "İzvestiya”ya verdiyi məlumata görə, prokurorluq sonda konstitusiya quruluşunun ləğvi cəhdini sübuta yetirə bilməyəcək. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, hüquqi nöqteyi nəzərindən Koçaryanın üzərindən ittihamları götürmək üçün bütün əsaslar var. Müəllif yazır ki, xalq tamaşa gözləyir və hakimiyyət də bunu təqdim etməyə hazırdır. Moskvada isə baş verənlər Ermənistanın daxili işi kimi hesab edilsə də, çaşqınlığı və narahatçılığı davam edir. Bir faktı da qeyd edək ki, iyulun 28-də Koçaryanın həbsinin bir ili tamam olub. Nəşr yazır ki, Koçaryan, əsasən, 2008-ci il hadisələrində ittiham olunur: "Koçaryanın, o zaman xüsusi rejim elan etmək üçün tam səlahiyyəti olub. Bundan əlavə, eks-prezidentin əsas ittiham olunduğu maddə - Yerevana qoşun hissələrini yeritməsi barədə əmri o vaxtkı müdafiə naziri verib. Hansısa bir məxfi qərarın olması barədə qərarı isə indiki hakimiyyət tapıb üzə çıxara bilməyib”. Qəzet yazır ki, cinayət işinin qaldırılması barədə qərar Moskvada çaşqınlıq yaradıb. "Səbəb də odur ki, respublikanın yeni rəhbərliyi prezident toxunulmazlığına malik şəxs barəsində cinayət işi qaldırıb”, - deyə qəzetdə dərc olunan məqalədə vurğulanır. "Ola bilsin, Koçaryanın hər hansı bir günahı var”, - deyə Ermənistanın siyasi dairələrindəki mənbə "İzvestiya”ya bildirib: "Lakin prezidenti, vəzifədə olarkən nəsə etdiyinə görə mühakimə etmək çox təhlükəlidir. Özü də hər hansı bir sübut olmadan. Bu, daha çox şəxsi vendettaya bənzəyir”. Qəzet xatırladır ki, 2008-ci il hadisələrindən sonra Nikol Paşinyan qaçıb gizlənsə də, 2010-cu ildə tutulub və kütləvi iğtişaşlar törətdiyinə görə, 7 il müddətinə həbs edilib. Lakin üstündən bir il sonra amnistiya ilə azadlığa buraxılıb. Rəsmi Yerevanın xeyrinə olmayan hallar da baş verib. Belə ki, sosial şəbəkələrdə milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vaneçyanla xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryanın səs yazısının yayılması aləmi bir-birinə vurdu. Söhbət zamanı Vaneçyan bildirir ki, ona tapşırıq verilib ki, nəyin bahasına olursa-olsun Koçaryan həbs edilməlidir. Sonradan növbəti bir lent yazısı yayıldı. Orada isə Vaneçyan KTMT səfri Yuri Xaçaturovun həbsini müzakirə edir. Onu da konstitusiya quruluşunu devirməkdə ittiham edirlər. Qəzet yazır ki, eks-prezidentə qarşı irəli sürülən ittihamların heç bir hüququ əsası yoxdur. Nə cinayət elementləri, nə də elementar hüquqi müəyyənlik dəqiq göstərilib. Bütün bunlar isə istintaqa cinayət işini tələm-tələsik məhkəməyə təqdim etməyə mane olmayıb. Bir il ərzində 64 yaşlı Koçaryanı iki dəfə azad edib, üç dəfə də həbs ediblər. Sonuncu dəfə isə iyunun 25-də həbs ediblər. Məhkəmənin Koçaryanı azad etməsindən sonra baş nazir Nikol Paşinyan sevinclə, inqilabın ikinci mərhələsini elan edərək tərəfdarlarını məhkəmə binasını mühasirəyə almağa çağırmışdı. Qəzet yazır ki, Apellyasiya Məhkəməsi müdafiə tərəfinə, öz mövqeyini ortaya qoymağı da qadağan edib. Onların müdafiə etdikləri şəxsin girov müqabilində azadlığa buraxılması barədə təkliflərinə məhkəmə baxmayıb. Məhkəmə iclasının tarixi də təyin edilməyib. Vəkil Ruben Saakyan "İzvestiya”ya bildirib ki, baş verənlər cinayət işinin "sifarişli” olduğuna işarədir. Bu səbəbdən də hüquqi pozuntuları nəzərə alaraq müdafiə tərəfi ittihamların beynəlxalq strukturlar vasitəsilə aradan qaldırılmasına nail olmaq istəyirlər. "Artıq bununla bağlı bir neçə müraciət var. AİHM işlərə beş-altı il ərzində baxır. Düzdür, indi bir qədər sürətli iş görürlər. Həm də yerli məhkəmələr vasitəsilə də ittihamların götürülməsinə çalışırıq. Problem ondadır ki, hələ də növbəti iclas təyin edilməyib. Bu səbəbdən də nəzəri cəhətdən onun nə vaxt azadlığa çıxmasını söyləmək olmur”, - deyə vəkil qəzetə bildirib. Əlavə edib ki, yeni hakimiyyət Koçaryana qarşı çox güclü informasiya kampaniyasına başlayıb. Hakimlərə qarşı da sanksiyalaşdırılmamış axtarışlar aparılır, sənədlər alınır. Rusiya Federasiya Şurası beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov qəzetə açıqlamasında bildirib ki, dünya praktikasında belə bir hal var ki, könüllü şəkildə istefaya gedən dövlət başçısının toxunulmazlıq immuniteti olur. Senator xatırladıb ki, narahatçılıqlara baxmayaraq, Moskva məsələni Yerevanın özünün həll etməli olduğu qənaətindədir. Əlavə edib ki, məhkəmə prosesi çox pis bir presedent yaradır. Sonda qəzet AŞPA qətnaməsinə istinad edərək yazır ki, Koçaryanı siyasi məhbus hesab etmək olar.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər