• cümə, 29 Mart, 03:35
  • Baku Bakı 7°C

Rusiya mediası Paşinyanı, Türkiyə mediası isə Ermənistanı hədəfə alıb

20.07.20 17:21 706
Rusiya mediası Paşinyanı, Türkiyə mediası isə Ermənistanı hədəfə alıb
Dünya mətbuatı Tovuzda baş verən gərginlikdən yazmaqda davam edir

Sərhəddə növbəti təxribatı törətməklə Ermənistan hakimiyyətinin məqsədi bəllidir. Beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaqdır. Artıq dünya mediası neçə gündür ki, Ermənistanın bu mənfur planından bəhs edir. Bu sırada Rusiya nəşrləri xüsusi fəallıq nümayiş etdiriblər. Onlar ilk gündən Ermənistan hakimiyyətinin sərhəd münaqişəsinə Rusiyanı cəlb etmək planından, eləcə də, mövcud daxili gərginliyi arxa plana keçirmək istəyindən yazır. Sərhəddə baş verən gərginliyi ilk gündən işıqlandıran "Kommersant” ötən günki nömrəsində "son durumu sakit adlandırmaq olmaz” yazır. "Azərbaycan tərəfi dəyən ziyanı dəyərləndirir və min axtaranları çağırıb”, - deyə müəllif yazır. Reportajda həmçinin, Tovuz rayonundakı kəndlərin sakinlərinin düşdükləri çətin durumdan, evlərinin necə bombalanmağından bəhs edilib. Qəzet əməkdaşlarına dinc sakinlərin evlərinin necə dağıdılması ətraflı şəkildə izah edilib. Konkret olaraq Dondar Quşçu kəndi sərhəddən 8 km. uzaqda olsa da, məhz bu kənddə daha çox ev dağılıb - 12 evə zərər dəyib, iki ev isə tamamilə dağıdılıb. Kənd sakinləri belə vəziyyətin 1994-cü ildən davam etdiyini bildiriblər.
"Nezavisimaya qazeta” isə iddia edir ki, Moskva Yerevan və Bakı arasındakı münaqişənin girovuna çevrilib. Qəzetə açıqlamalarında ekspertlər deyib ki, Ermənistan və Azərbaycan arasında Tovuzdakı döyüşlərin başa çatması, iki ölkə arasında qarşıdurmanın sonu deyil. Onlar əlavə edirlər ki, yaxın vaxtlarda tərəflər hərbi ritorikanın dərəcəsini artıracaqlar. "Toqquşmalar başa çatacaq. Lakin əgər gərginlik uzanarsa, onda bu, Rusiyanın regiondakı diplomatiyası üçün test rolunu oynayacaq. Axı iki Qafqaz respublikası arasında irimiqyaslı müharibədə Rusiya başlıca məğlub tərəf olacaq. Hadisələrin indiki inkişafı xatırladır ki, Dağlıq Qarabağ ətrafında münaqişəni tezliklə həll etmək gərəkdir. Əks təqdirdə, münaqişə mina rolunu oynaya bilər”, -deyə qəzet yazır. Müəllif iddia edir ki, Moskva yaranmış gərginlikdə mürəkkəb duruma düşüb. Sanki Ermənistanın işğalçılıq siyasətinin arxasında və Azərbaycan torpaqlarının işğalında Ermənistana Rusiyanın o vaxtkı rəhbərliyi deyil, tamam başqa bir dövlət kömək edib. Müəllif qeyd edir ki, Moskva hər iki dövlətin müttəfiqidir, hər iki dövlət MDB-nin üzvüdür. Moskvada son hərbi parada iki ölkənin hərbçiləri birgə qatılıblar. Forpost ölkənin ərazisində hərbi bazanın olması da xüsusi qabardılır. Ermənistanla KTMT üzrə müttəfiqdir və hüquqi cəhətdən Moskva ona hücum olarsa, kömək etməlidir. Lakin Ermənistan həqiqətən də hücumun olduğunu sübut edə bilərsə. Qəzet burada Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun mövqeyini də verib. Səfirimiz bildirib ki, Ermənistan qəsdən gərginliyə gedərək bununla Rusiyanı münaqişəyə cəlb etməyə çalışır. İki ölkə arasında münaqişəyə Moskva həm də dolayı yolla qoşulmuş olur. Belə ki, hər iki ölkə Rusiya silahı ilə təchiz olunub. Hazırda hansı silahların çatdırılması məxfi saxlanılır. Lakin bəzi mənbələrdə bu silahların ən müasir tipli olduqları bəllidir.
"NG”da dərc edilən başqa bir məqalədə müəllif yazır ki, erməni baş nazirin son vaxtlara qədər postsovet birliyindən qaçmağa tələsdiyi göz önündə idi. Hətta Moskvaya parada belə getmədi. Lakin son hadisələrdən sonra dərhal Minskə uçdu. KİV qeyd edir ki, Rusiyadan uzaqlaşmaq Paşinyan üçün xarakterikdir. Paşinyanın ikili standartlarını başqa bir nəşr - Lenta.ru da təsdiqləyir. Müəllif yazır ki, hakimiyyətə gələrkən, KTMT rəhbərinin həbsinə razılıq verən şəxs indi bu qurumdan yardım istəyir.
"Moskovski komsomolets” isə yazır ki, Azərbaycan müharibəyə Ermənistandan yaxşı hazırlaşıb. Məqalədə koronavirus pandemiyası ilə mübarizədə Ermənistanın aciz bir duruma düşdüyü, iqtisadi çətinliklər içində çabaladığı vurğulanır. Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan müsahibəsində bildirib ki, Azərbaycan hər cəhətdən Ermənistanı üstələyir. MDB ölkələri İnstitutunun şöbə rəisi Vladimir Novikov pandemiyanın Ermənistana daha çox ziyan vurduğunu bildirib. O ki qaldı müharibənin maliyyələşdirilməsinə, qeyd edilir ki, bu baxımdan da Azərbaycanın imkanları daha genişdir. "İzvestiya” isə Rusiya XİN rəhbərinin keçmiş müavini Sergey Orconokidzeyə istinadən yazır ki, Ermənistan KTMT-yə üzv olsa da, Rusiyanın hər iki ölkə ilə yaxşı münasibətləri mövcuddur.
Rusiyanın "The Moscow Post” qəzeti Ermənistan baş naziri Nikol Paşinyanın gizli silah alveri və bu ticarətin Yerevan-Moskva münasibətlərini necə gərginləşdirdiyinə dair maraqlı araşdırma dərc edib. Müəllif xatırladır ki, son günlər Ermənistanla Azərbaycan arasında qızışan döyüşlər bu məsələni kölgədə qoysa da, gərginlik qalmaqda davam edir.
Yeri gəlmişkən, işğalçını açıq şəkildə adı ilə birbaşa çağırmaqdan çəkinən Rusiya mediasından fərqli olaraq Türkiyə mediası Ermənistanı baş verənlərdə ittiham edir. Məsələn, "Guneş” qəzeti yazır ki, son hücumun səbəbi Azərbaycan neftidir. Sakarya Universiteti Türk Erməni Əlaqələri Araşdırma Mərkəzinin rəhbəri Haluk Selvi bu qənaətdədir. "Ermənistanın hədəfi Qafqazdakı xaos yaratmaqdır. Hədəf Bakı neftidir”. ATƏT PA-da Türkiyə heyətinin rəhbəri, AKP-dən olan deputat Nabi Avçı isə "Haberturk”ə açıqlamasında Ermənistanın hücumunun əsl mahiyyətinin dünyaya çatdırılmasının zəruriliyini bildirib.
"Aksam” qəzeti isə cəbhə xəttindən geniş reportaj təqdim edib. Azərbaycan əsgərləri və zabitləri qəzet əməkdaşına mümkün hücumlara cavab verməyə hazır olduqlarını bildiriblər. Zabitlər qardaş ölkələr, xüsusən də Türkiyədən gələn dəstək mesajları ilə qürur duyurlar.
"Yeni şafak” isə Tovuzdan reportaj verilib. "Burada doğulduq burada öləcəyik: Sərhəddəki azərbaycanlılar, ermənilərin top atəşlərinə baxmayaraq, evlərini tərk etmirlər” deyə sakinlər bildiriblər.
"Yeni mesaj”da dərc edilən "Türkiyə üçün haqla daralır” başlıqlı məqalədə müəllif yazır ki, Tovuzda baş verənlər əslində Türkiyənin hədəfə alınmasıdır. "Türkiyə ətrafında haqla daralır. Tovuzun seçilməsi də təsadüfi deyil. Bütün nəqliyyat və enerji layihələri məhz buradan keçir. Türkiyənin Ermənistana qarşı ən təsirli addımı qeyri-qanuni vəziyyətdə ölkədə yaşayan 1 milyon erməninin ölkədən çıxarılması ola bilər.
"Cümhurriyet” yazır ki, "Türkiyə Ermənistanla bağlı əvvəllər bir sıra yanlış addımlar atıb və bunlardan da ən önəmlisi bu ölkə ilə sərhədlərin açılmasının müzakirəsi olub. Həll variantı Türkiyə və Azərbaycanın güclü olmasından, böyük güclərin xüsusən də Rusiyanın mövqeyinin dəyişdirməsindən asılıdır”. "Milli qazete” isə bildirilir ki, "bu gün təəssüf ki, öz iradəsi ilə hərəkət etməyən Ermənistan ilə qarşı-qarşıya qalmışıq. Tovuzun seçilməsi də təsadüfi deyil. Əslində planın arxasında Türkiyə ilə Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərə müdaxilə etmək hədəfi var. Həqiqətən də bölgə strateji bir rayondur. Təsəvvür edin ki, Ermənistan Türkiyə və Azərbaycanın bu qədər vacib bir bölgəsini ələ keçirsə vəziyyət necə olar?”
Qeyd edək ki, beynəlxalq mediada sərhəddə baş verənlərə yer ayrılıb. "Reutersagentliyi "Azərbaycan Ermənistanla münaqişənin Xəzər enerjidaşıyıcılarının ixracını risk altına aldığı barədə xəbərdarlıq edir". Forbesnəşri də Tovuz istiqamətində son günlər ərzində gedən döyüşlərdən yazıb: "İndi hərbi əməliyyatlar, deyəsən, dayanıb, lakin vəziyyət gərgindir. Azərbaycanda minlərlə etirazçı Dağlıq Qarabağı hərbi yolla qaytarılmasını dəstəkləmək üçün küçələrə çıxıb”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər