• cümə, 29 Mart, 03:00
  • Baku Bakı 7°C

Rusiya mediası Njdeni müdafiə edən Paşinyana qarşı

27.11.19 18:45 837
Rusiya mediası Njdeni müdafiə edən Paşinyana qarşı
"Bu şəxsin adı faşistlərlə əməkdaşlıq edən Vlasov, Bandera, Şuşkeviçlə yanaşı çəkilməlidir”

Ermənistan hökumətinin faşist əlaltısı Qaregin Njdeni qəhrəmanlaşdırmaq cəhdləri ətrafında yaşanan qalmaqal Ermənistan-Rusiya münasibətlərində növbəti gərginliyə səbəb olmaqdadır. Xüsusən də Armavirdə erməni faşistin xatirəsinə qoyulan abidənin rusiyalı deputat tərəfindən qara rəngə boyanması erməni tərəfini əməlli-başlı hiddətləndirib. Rusiya mediasında bu məsələ ətrafında dərc olunan məqalə və informasiyaların sayı-hesabı yoxdur.
"Fedpress.ru” nəşri yazır ki, Rusiya-Ermənistan münasibətləri Njdenin qəhrəmanlaşdırılması üzündən yenidən zərbə altına düşüb. Rusiyanın Ermənistandakı səfiri Sergey Koprıkin bildirib ki, bu gün beynəlxalq kontekstdə tarixi yenidən yazmaq, ləkələmək cəhdi baş verir. Məqalə müəllifi qeyd edir ki, bu, ola bilsin rəsmi Yerevanın son bəyanatlarından irəli gələrək verilib. Səfir Njde məsələsindən danışarkən bəyan edib ki, belə məsələlər çox həssasdır və bu problem Rusiya və Ermənistan tarixi üçün əhəmiyyət kəsb edir. Erməniləri üstüörtülü şəkildə tənqid edən səfir "biz siyasi və beynəlxalq kontekstdə tarixin saxtalaşdırılması və yaxud yenidən yazılması cəhdlərinin şahidi oluruq” deyib. Səfirin bəyanatında siyasi korrektələrə baxmayaraq, kütləvi informasiya vasitələrində belə bir fikir yayılıb ki, problemin kökü dərindir. Məqalədə daha sonra bildirilir ki, erməni baş nazir Nikol Paşinyan uğursuz formada Njde ilə o vaxtkı SSRİ xarici işlər naziri Vyaçeslav Molotov arasında paralellər aparır. Müəllif yazır ki, Njde faşistlərlə sıx əməkdaşlıq edib, ermənilərdən ibarət dəstələrin formalaşdırılmasında yaxından iştirak edib. Həmin döyüşçülər Almaniyada xüsusi bazalarda təlim keçiblər, müəyyən təxribatçılıq fəaliyyətini mənimsəyiblər. Sonralar Njde dindirilmə zamanı bildirib ki, həmin erməniləri Krıma göndəriblər. Onlar orada Simoni kəndində yerləşdiriliblər və Krımda təxminən 4 ay qalıblar. Onları Sovet Ermənistanına müəyyən təxribatçı əməllər həyata keçirmək üçün göndərmək planı olub. Rusiya nəşri yazır ki, erməni baş nazir bütün bu faktların fonunda nasistlərlə əməkdaşlıq edən öz soydaşını müdafiə etməyə çalışır. Daha sonra Aşqabadda MDB dövlət başçılarının sammitində Paşinyanın etdiyi məlum çıxışa yer ayrılır. "Njde Vladimir həbsxanasında ötən əsrin 50-ci illərində vəfat edib. Məgər biz həmin həbsxanalarda ölənlərin hamısını xalq düşməni hesab edirik?” - deyə rus nəşri baş nazirin fikirlərini sitat gətirib. Müəllif yazır ki, Paşinyan bu yola faşist əlaltısını təmizə çıxarmağa çalışır.
Ardınca da əlavə edilir ki, vəziyyəti gərginləşdirən Armavirdə şəhər dumasının deputatı Aleksey Vinoqradovun Njdenin xatirəsinə qoyulan xatirə lövhəsini qara rəngə boyaması olub. Onun bu hərəkətini Moskvadakı erməni səfirliyi sərt tənqid edib. "Arqumentı.ru” da bu məsələyə toxunub. Burada da Krasnodar vilayətinin Armavir şəhərində deputat Aleksey Vinoqradovun iştirak etdiyi qalmaqaldan bəhs edilir. Bildirilir ki, deputat Njdenin erməni kilsəsinin həyətində qoyulan xatirə lövhəsini qara rəngə boyamaqla qalmaqalın mərkəzinə düşüb. Bu məsələyə "lenta.ru” portalı da toxunur. Əvvəlcə xatırladılır ki, MDB-nin son sammitində iştirakçılar dünya ictimaiyyətinə müraciət qəbul edib. Bildirilib ki, beynəlxalq ictimaiyyət tarixin saxtalaşdırılması və nasizmin qəhrəmanlaşdırılmasına yol verməməlidir. Özü də BMT Baş Assambleyasının üçüncü komitəsinin nasizmin qəhrəmanlaşdırılmasına qarşı qəbul etdiyi qətnaməyə Ermənistan da imza atıb. Əlavə edilir ki, o dövr bir sıra siyasi xadimlərin tərcümeyi-hallarında nasistlərlə əməkdaşlıq edilməsi barədə epizodlara rast gəlinir. Njde də onlardan biridir. Onun barəsində danışanda, dərhal Rusiya XİN-in 2019-cu il "Nasizmin qəhrəmanlaşdırılması” hesabatı yada düşür. Orada Ermənistanın keçmiş iqtidar partiyası - Respublika Partiyasının birmənalı qəbul edilməyən Njdeni qəhrəmanlaşdırmaq cəhdləri etməsinə geniş yer ayrılır. Halbuki, onun Üçüncü Reyxlə əməkdaşlıq etdiyi barədə təkzibolunmaz faktlar olduğu bəllidir. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova isə Yerevanda Njdeyə abidə qoyulmasının başadüşülən olmadığını bəyan edib. Bu məqalədə də xüsusi vurğulanır ki, "Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş nazir olan Nikol Paşinyan sələflərinin yolu ilə getməyib, Njde məsələsində daha sağlam düşüncə ortaya qoya bilərdi. Məqalədə bildirilir ki, ermənilər belə bir arqument gətirirlər ki, "Njde Ermənistanın türklər tərəfindən işğal edilməsinə qarşı döyüşüb. Elə Nikol Paşinyan da Aşqabadda belə arqumentlərlə çıxış edib. Njdenin ideallaşdırılması ilə bağlı iradlara gəldikdə isə, bildirib ki, belə bir irad erməni xalqının təhqir olunmasıdır: "Erməni xalqı faşistlərə qarşı döyüşsə də, Njde səngərin başqa tərəfində olub. Nasistlərlə əməkdaşlıq edib və ümid edib ki, Hitlerin qələbəsi ilə türklərin Cənubi Qafqaza daxil olmaması təminatı alacaq. Lakin tarixçilərdə belə bir məlumat var ki, Njde 40-ci illərdən vermaxtın tərkibində erməni batalyonları yaradılmasına dəstək verib, Berlində yaradılan erməni milli şurasının üzvü olub. Bolqarıstanda həbs olunan bu şəxs barəsində 25 illik həbs qərarı çıxarılıb və o, həyatını Vladimir həbsxanasında başa vurub. Əlbəttə, abidələri rəngləmək yaxşı arqument deyil. Lakin bu tip abidələr tarixi arqumentləşdirilmiş hiddət doğurursa, onda Armavir hakimiyyət orqanları məsələnin həlli yollarını axtarıb tapmalıdırlar. Məsələn, Peterburqda Mannerqeymin xatirəsinə qoyulan xatirə lövhəsini yada salaq – vətəndaşların etirazından sonra lövhəni götürüb eksponat kimi muzeydə yerləşdiriblər”.
"Novıe izvestiya” isə "Rusiyada Njdeyə abidələr olacaqmı” başlıqlı məqalədə yazır ki, son vaxtlar postsovet məkanının iki ölkəsi - Rusiya və Ermənistan arasında münasibətlər prinsipial ideoloji mübahisə ilə soyuyur. Söhbət faşist əlaltısı Njde ilə bağlı yaranan mübahisədən gedir. Və bu məsələ Böyük Qələbənin 75 illiyi ərəfəsində daha da aktuallaşır. Ardınca da Njdenin keçdiyi "həyat yolu” ətraflı şərh edilir. Bildirilir ki, onun faşistlərlə əməkdaşlıq etdiyi heç kimdə şübhə doğurmur. Onun nə o vaxtkı sovet rəhbərliyi, nə də ki, indiki Rusiya tərəfindən reabilitasiya olunmadığı vurğulanır. Bu şəxsin adı faşistlərlə əməkdaşlıq edən Vlasov, Bandera, Şuşkeviçlə yanaşı çəkilir. Qeyd edilir ki, Ermənistanda müəyyən və nüfuzlu qüvvələrin səyi ilə Njde qəhrəman obrazında təqdim edilir, ona heykəllər ucaldılır. Xatirəsinə qızıl sikkə də buraxılıb. Son 30 ildə Rusiya hakimiyyət orqanları Njdenin qəhrəmanlaşdırılmasına Ermənistanla dostluğu pozmamaq xatirinə toxunmur, sükutla üstündən keçirdi. Lakin Njdeyə olan pərəstiş yeddi il əvvəl Ermənistan sərhədini keçəndən sonra vəziyyət dəyişməyə başladı. Armavirdə erməni qəbiristanlığında onun xatirəsinə lövhə qoyuldu. Son vaxtlar isə məsələ beynəlxalq səviyyəyə yüksəlib. Məqalədə xüsusi bildirilir ki, prezident İlham Əliyev bu məsələni dəfələrlə qaldırıb. Və Paşinyan buna reaksiya verməyə də bilərdi. Axı Njdeyə əvvəlki hakimiyyət dövründə abidə qoyulub. Lakin əvəzində onu "görkəmli xadim və Ermənistanın Türkiyə tərəfindən işğalına qarşı çıxan bir şəxs” adlandırıb.
Öz növbəsində, rusiyalı diplomat Vitali Arkov sosial şəbəkədə yazdığı statusda Paşinyanın Njdeni təmizə çıxarmaq cəhdini onun ən böyük diplomatik səhvi kimi qiymətləndirib.
Son olaraq qeyd edək ki, Rusiyanın nüfuzlu "Change.org” saytında təşkil edilən petisiyada Njdeyə qoyulan xatirə lövhəsinin dərhal götürülməsi tələbi də yer alıb. Petisiyada xüsusi vurğulanır ki, belə bir lövhəcik Böyük Vətən Müharibəsi veteranlarının xatirəsini təhqir edir. Ümid edək ki, Rusiya rəsmiləri petisiyada əks olunan məsələni tez bir zamanda həll edəcəklər.
Azər
banner

Oxşar Xəbərlər