• cümə axşamı, 25 aprel, 07:59
  • Baku Bakı 14°C

Rusiya mediası Ermənistanı “vurur”

23.07.18 15:46 621
Rusiya mediası Ermənistanı “vurur”
Son günlər Rusiyanın aparıcı informasiya saytları ard-arası kəsilmədən Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel səfərini ən müxtəlif formada şərh edir. Əksəriyyət yazılarda baş nazir ən ağır formada təhqir olunur, aşağılanır. "1in.am” saytında dəc olunan meterialda müəllif yazır ki, rusların bu təhqirlərinin arxasında Paşinyanın antirusiya ritorikası durur. Məsələn, "Regnum.ru”, "Lenta.ru”, "Gazeta.ru” və s informasiya-analitik saytlarda dərc olunan materialların əksəriyyəti bir-birini təkrarlayır. Erməni saytı əminliklə yazır ki, kremlyönlü saytlarda antierməni ritorikanın bir mərkəzdən idarə olunması heç kimdə şübhə doğurmur. "Bu tənqid və təhqir dolu materiallar Rusiyanın rəsmi təbliğat maşınının tərkib hissəsidir”, - deyə müəllif yazır. Paşinyanın NATO-nun Brüssel sammitində iştirakı, keçirdiyi görüşlərin Rusiyada sərt qarşılanacağı gözlənilənidir və belə də oldu. Bu səfərin ardınca, bütün Ermənistanı şoka salan insident baş verdi.
Rusiyanın bu ölkədə dislokasiya olunmuş hərbi bazasının əsgərləri yaylım atəşləri ilə bütöv kəndi stressdə saxladılar. İnsident Ermənistanda antirusiya əhval-ruhiyyəni daha da gücləndirmiş oldu. Hətta siyasətdən başı çıxmayanlar belə gözəl bilirlər ki, həmin gülləboran birbaşa Paşinyana ünvanlanan atəşlərdi. Yəni, sən bizim forpostumuz ola-ola, necə olur ki, belə bir antirusiya sammitində iştirak edirsən xəbərdarlığı. Sayt yazır ki, Paşinyan ilk gündən bəyan edib ki, xarici siyasətdə hər hansı bir dəyişiklik baş verməyəcək. Hətta Brüssel aeroportunda keçirdiyi mətbuat konfransında Moskvaya müəyyən bir mesajlar da ünvanladı. Rəsmən bəyan etdi ki, ölkə nə Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatından, nə də Avrasiya İqtisadi İttifaqından çıxmağa hazırlaşmır. Lakin məhz bu sözlərdən sonra Rusiya kütləvi informasiya vasitələrində görünməmiş şəkildə antierməni təbliğatı start götürməyə başladı. Rusiya KİV-ləri mərkəzdən gələn tapşırıqlar əsasında Paşinyan hökumətinin sərt tənqidlərinə başladılar. Və müəyyən mənada əllərində əsas da var. Məsələn, Paşinyan hökumətinin tərkibini analiz edən "Lenta.ru” saytı yazır ki, onların əksəriyyəti Rusiyaya nifrət bəsləyən şəxslərdən ibarətdir. Məxməri inqilabdan əvvəl və inqilab gedişində onlar Rusiyanı ittiham edən fikirləri ilə yadda qalıblar. Elə Paşinyanın özü də onlardan geri qalmayıb. Bu şəxs deputat olanda təmsil olunduğu "Çıxış” blokunun adından Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması barədə qanun layihəsi ilə çıxış etmişdi.
"1in.am” saytı da yazır ki, Moskvanın ən böyük problemi ondadır ki, Yerevanda tamam yeni bir keyfiyyətdə dövlət formalaşır. Bu komanda ilə Rusiya hakimiyyəti heç cür işləyə bilməz. Yəni ermənilərin yeni nazirləri başda baş nazir olmaqla, artıq forpost kimi görünmək istəmirlər. Adi bir misal. Rus hərbçilərin törətdikləri insidentdən sonra Paşinyanın sərt bəyanatını götürək. Halbuki, vaxtilə Permyakov bütöv bir erməni ailəsini qətlə yetirəndə o vaxtkı prezident Serj Sarkisyan səsini də çıxarmamışdı. İndi isə belə baxanda, ilk baxışda adi bir atışma baş verib. Lakin məsələ böyüyür - baş nazir, xarici işlər naziri və s. rəsmilər məsələyə sərt reaksiya verir. "1in.am” saytı daha sonra maraqlı bir şərh verir. "Əslində, Rusiyanı Ermənistan daxilində baş verən köklü dəyişikliklər narahat etməməlidir. Çünki bizim strateji tərəfdaş burada total etibara malikdir. Lakin biz yaddan çıxarmamalıyıq ki, bu total etibar, tərəfdaş münasibətlərə deyil, gizli müdaxilələrə, korrupsiya elementlərinə, oliqarxik seqmentlərə əsaslanır”, -deyə müəllif yazır. Müəllif iddia edir ki, Paşinyanın antikorrupsiya siyasəti Rusiyanın bütün təsir imkanlarını heçə endirir. Rəsmi Yerevanın təşəbbüsləri Moskvanın ümid etdiyi bütün əsasları məhv edir. Kreml Ermənistanda ən böyük dağıdıcı resursdan məhrum olur. Həmin vasitə istənilən vaxt Ermənistanı "partlatmaq” imkanlarına malik idi.
Yeri gəlmişkən, erməni kəndində yaşanan insident böyüməkdə davam edir. Ermənistanın müdafiə naziri David Toroyan bəyan edib ki, Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının statusu təkrar gözdən keçiriləcək. "Bunlar daşda yonulmuş sənədlər deyil və vaxt ötdükcə problemlər yaranır. Hansılar ki, hüquqi və müqavilə dəyişiklikləri tələb edir. Və bu, əlbəttə, ediləcək”,- deyə nazir Yerevanda jurnalistlərə bildirib. Nazir konkret nə kimi dəyişikliklərin ediləcəyini dəqiqləşdirməyib. Amma izah edib ki, Şirak əyalətinin Panik kəndində Rusiya hərbi qulluqçularının iştirakı ilə törədilən hadisə dəyişiklikləri sürətləndirə bilər. Dərhal da Rusiyanın "Kommersant” qəzeti yazıb ki, Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusuna yenidən baxılması haqda müdafiə naziri David Toroyanın bəyanatı, bu ölkənin müstəqilliyinin ilk illərindən bəri respublikada olan Rusiya hərbçilərinin ünvanına səslənən ən sərt fikirdir. Bütün bunların ardınca, Rusiya forpost ölkədə planlaşdırılmayan hərbi təlimlərə başlayıb. Bu haqda məlumatı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb. Təlimə 3000-dən artıq hərbçi cəlb edilib. Mətbuat xidməti təlimin bu həftənin sonuna qədər davam edəcəyini bildirib. Ümumilikdə 500 hərbi texnika təlimə cəlb olunub.
Azər
banner

Oxşar Xəbərlər