• cümə, 29 Mart, 02:26
  • Baku Bakı 7°C

Rusiya kimin yanında olduğunu açıqlamalıdır

19.10.17 10:00 2972
Rusiya kimin yanında olduğunu açıqlamalıdır
Rusiyanın Ermənistana silah satışı üçün ayırdığı 100 milyon dollarlıq güzəştli kredit heç də birmənalı qarşılanmır. Çünki Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədridir. Haqlı olaraq, Azərbaycan ictimaiyyətində sual yaranır ki, necə ola bilər, vasitəçilik missiyasını həyata keçirən bir dövlət, həm də işğalçını silahlandırır? Özü də belə bir addım Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində baş verir...

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Rusiya Ermənistana 2015-ci ildə imzaladığı müqaviləyə əsasən 200 milyon dollar həcmində silah-sursat almaq üçün kredit ayırmalı idi: "Artıq həmin kreditin 100 milyonunu ayırıb. Bu hadisə xüsusilə Cenevrə danışıqları öncəsi reallaşdırılıb. Bunlar heç şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını tükəndirən, ona arxadan zərbə vuran bir hadisə kimi də dəyərləndirilir. Xüsusən nəzərə alsaq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir. Həmsədr dövlətin funksiyası münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasıdır. Vasitəçilikdə ən mühüm prinsiplər qərəzsizlik, obyektivlik və neytrallıqdır. Amma təəssüf ki, Rusiyanın bu davranışı həmin prinsiplərlə daban-dabana ziddir. Ümumiyyətlə, Azərbaycan ictimaiyyətində haqlı olaraq belə bir sual yaranır ki, əgər Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olaraq vasitəçilik missiyasını üzərinə götürübsə, onda Ermənistanla bağlı atdığı bu addım nə deməkdir? Axı, Ermənistan işğalçı dövlətdir. İşğalçını silahlandırmaq vasitəçiliyə ziddir. Eyni zamanda Rusiya Ermənistanı silahlandırmaq istəyirsə, onda vasitəçilik missiyasından imtina etsin və biz də bilək ki, Rusiya konkret olaraq işğalçının yanındadır. Hesab edirəm ki, bu məsələyə aydınlıq gətirilməlidir. Faktiki olaraq, Rusiya iki stulda əyləşmiş vəziyyətdə görünür. Bu qəbuledilməz məsələlərdir və haqlı olaraq Azərbaycan xalqında böyük narahatlıq, nigarançılıq və məyusluq yaradır. Çünki Rusiya bizimlə strateji tərəfdaş dövlətdir, amma bir yandan da işğalçını silahlandırır”.

E.Nəsirov qeyd etdi ki, belə bir addımın Cenevrə danışıqları ərəfəsində atılması təbii olaraq, Ermənistan prezidentinə əlavə arxayınçılıq gətirir və qeyri-konstruktiv mövqeyini bir daha möhkəmləndirir: "Bu məsələ bizi narahat edən məsələdir. Hesab edirəm ki, bu məsələ ilə bağlı Rusiya konkret mövqeyini ortaya qoyacaq. Ya vasitəçi kimi qalıb münaqişənin həllində tərəfsiz mövqe tutacaq, ya da ki, vasitəçilik missiyasından imtina edib Ermənistanın yanında olacaq. Yəni, məsələyə aydınlıq gətirilməlidir. Eyni zamanda həm vasitəçi olub, həm də işğalçını silahlandırmaq münaqişənin həlli imkanlarını buxovlayır və bu səbəbdən də 20 ildən artıqdır problem öz həllini tapa bilmir”.

Politoloq Elşən Manafov bildirdi ki, bu gün beynəlxalq güclərin siyasətində ikili standartlar özünü qabarıq şəkildə büruzə verir: "İkili standartlar təkcə Rusiyanın xarici siyasətini xarakterizə edən amillərdən deyil. ABŞ və dünyanın digər dövlətlərinin siyasətində də bu kimi faktorları görmək mümkündür. O ki qaldı Rusiyanın bölgə ilə bağlı siyasətində özünü büruzə verən bu kimi amillərə, bir tərəfdən Ermənistan Rusiyanın strateji müttəfiqi deyil, o biri tərəfdən isə öz silahlarının satın alınması üçün Ermənistana 200 milyon dollarlıq kredit ayırır. Burada Rusiyanın Ermənistanla bağlı siyasətində iki mühüm faktor diqqəti cəlb edir. Bir tərəfdən Rusiya öz silahını satır və bundan külli miqdarda mənfəət əldə edir. Digər tərəfdən Rusiya Ermənistanı maliyyə asılılığında saxlayır və beləliklə, bölgə ilə bağlı proseslərə təsir etmək imkanlarını əldən vermək istəmir. Çünki Dağlıq Qarabağ münaqişəsi Rusiyanın bölgə ilə bağlı geosiyasi maraqlarının yaşamasına kömək edir”.

Azərbaycan ictimaiyyətinin mövcud faktla əlaqədar Rusiyaya etiraz etməsi məsələsinə toxunan E.Manafov əlavə etdi ki, Rusiya ölkəmiz üçün nəhəng əmək bazarıdır: "Rusiyaya miqrasiya etmiş azərbaycanlılar işləyərək il ərzində Azərbaycana maliyyə vəsaiti göndərirlər. Yəni bu baxımdan Rusiya Azərbaycan üçün ciddi önəm kəsb edən ölkədir. Digər tərəfdən, bəllidir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana təsiredici imkanlara malikdir və bu, Azərbaycan hakimiyyətinin və ictimaiyyətinin diqqətindən yayınmır. Ona görə də Rusiya ilə münasibətləri məhz balanslaşdırılmış siyasətin kriteriyaları kontekstində saxlamaq bütün hallarda Azərbaycanın milli dövlət təhlükəsizliyi maraqlarına cavab verir. Biz Rusiyasız bölgədəki mövcud münaqişələrin, o cümlədən Dağlıq Qarabağın münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü kontekstində həllinə ümid edə bilmərik. Ona görə də Qərblə münasibətlərə önəm verdiyimiz kimi, Rusiya ilə münasibətləri də müasir dünyanın geosiyasi reallıqları kontekstində qurub inkişaf etdirməyi bacarmalıyıq”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər