• cümə, 19 Aprel, 10:45
  • Baku Bakı 13°C

Rusiya Köçəryanın müdafiəsinə qalxdı, ermənilər hiddətləndi

01.08.18 17:00 682
Rusiya Köçəryanın müdafiəsinə qalxdı, ermənilər hiddətləndi
Rusiyanın Ermənistanda yaşanan qalmaqallı həbslərə, antirusiya, rusofob ritorikanın güclənməsinə biganə qalmayacağı barədə proqnozlar öz təsdiqini tapmaqdadır. Rəsmi Moskva Ermənistanın ikinci prezidenti olmuş və hazırda həbsdə olan Robert Köçəryanın həbsinə sərt reaksiya verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Ermənistanda baş verənlər ölkənin yeni rəhbərliyinin keçmiş hakimiyyətin təqib edilməyəcəyinə dair bəyanatları ilə ziddiyyət təşkil edir. Rusiyanın TASS dövlətxəbər agentliyinin məlumatına görə, Lavrov deyib ki, son günlərin hadisələri Ermənistanın yeni hakimiyyətinin, keçmiş hakimiyyətin siyasi motivlərlə təqib olunmayacağına dair bu yaxınlarda verdiyi bəyanatlarla ziddiyyət təşkil edir. Lavrov deyib: "Rusiya Yerevanın müttəfiqi kimi erməni dövlətinin sabitliyində maraqlıdır və buna görə də hazırda orada baş verənlər, həm də MDB ərazisində fəaliyyət göstərən təşkilatların normal işi baxımından bizi narahat etməyə bilməz”. Lavrov ümid etdiyini bildirib ki, Ermənistanda siyasətçilərin həbsləri ilə bağlı situasiya konstruktiv həllini tapacaq: "Son günlər ərzində biz bu narahatlığımızı bir neçə dəfə Ermənistan hakimiyyətinin nəzərinə çatdırmışıq”. Sergey Lavrov yeni Ermənistan hakimiyyəti tərəfindən "siyasi zəmində təqib edilən” keçmiş rəsmilərin heç birinin adını çəkməsə də, söhbətin KTMT-nin baş katibi Yuri Xaçaturovdan və Ermənistanın sabiq prezidenti Robert Köçəryandan getdiyi bəllidir.
Öz növbəsində ermənilərin "1in.am” saytı yazır ki, Moskvanın Ermənistanın yeni rəhbərliyinə qarşı bu formada sərt bəyanat səsləndirəcəyini proqnoz etmək mümkün belə deyildi. Saytda dərc olunan materialda bildirilir ki, Moskvanın bir qədər diplomatik tərzdə bəyanat verəcəyi gözlənilirdi. Lakin Lavrov bütün optimistik proqnozları alt-üst etdi. Əgər Lavrov kimi bir diplomat bu tərzdə bəyanat səsləndirirsə, onda bu, Ermənistana qarşı demarşın təzahürüdür. Moskva Köçəryanın həbsindən o qədər narahatdır ki, hətta elementar diplomatik etikanı belə pozmağa üstünlük verib. Bununla Köçəryanın onların agenti olduqlarını göstərmiş olublar. Əslində isə Moskvanı heç də 1 mart hadisələrinin araşdırılması, hətta Köçəryanın həbsi narahat etmir. Moskvanı narahat edən 27 oktyabr gülləboranının üstünün açılma qorxusudur. Bu isə birbaşa Rusiya maraqlarına zərbədir. Çünki bununla, dünya ictimaiyyəti terror aktının arxasında Rusiya xüsusi xidmət orqanlarının durduğunun şahidi olacaq. Onlar Köçəryanın, Nairi Unanyanın dəstəsi kimi bir alət olduğunun şahidi olacaq. Materialda xüsusi qeyd edilir ki, Rusiya XİN rəhbərinin bəyanatı Respublika Partiyası, Daşnaksütyunun bəyanatlarına uyğun hazırlanıb. Onlar sadəcə, "11-ci ordu”nun Ermənistana növbəti yürüşünü təşkil etməyə hazırlaşırlar. Sonda vurğulanır ki, Lavrovun bəyanatı Ermənistana qarşı yönəlmiş düşmənçilik siyasətindən irəli gəlir və birbaşa Paşinyan hökumətinə qarşı müharibənin başlanması deməkdir.
Beləliklə, Paşinyan hökumətinin, ölkəni Rusiyanın orbitindən uzaqlaşdırmaq planı sürətlə reallaşmaq üzrədir. Ermənistanın baş naziri də bunu bir daha təsdiq edib. Ötən gün RFI radiosuna verdiyi müsahibədə bunu bir daha təsdiqləyib. Ölkəsinin daxili və xarici siyasəti, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandıran baş nazir, Ermənistanda inqilabın hələ də davam etdiyini bildirib. Onun sözlərinə görə, bir sıra məsələlər, xüsusən də ölkə idarəçiliyi ilə bağlı neqativ hallar qalmaqdadır. O, korrupsiyanın kökünün kəsiləcəyini, hüquq-məhkəmə sistemindəki bütün rüşvətxor hakim və məmurların aşkarlanaraq qanunla cəzalandıracağını deyib. Erməni KİV-ləri yazır ki, hələ baş nazir seçilməzdən öncə müxalifətdə olan Paşinyan, açıq şəkildə Qərbpərəst mövqe ortaya qoyur, o zamankı Serj Sarkisyan hökumətini Rusiyaya hədsiz boyun əyməkdə ittiham edir, Qərb strukturlarına inteqrasiyaya səsləyirdi. Putinlə görüşündən sonra isə Ermənistanın xarici siyasət kursunda ciddi dəyişikliklər olmayacağına söz verdi. Bu mənada, RFI radiosuna müsahibəsində, Paşinyan, ölkəsinin xarici siyasət vektorunda mövqeyinin dəyişmədiyi məsələsinə də aydınlıq gətirib. Qeyd edib ki, bundan sonra Ermənistan birtərəfli, yəni rusiyapərəst xarici siyasət yürütməyəcək və ölkənin milli maraqları prioritet tutulacaq. "Bizim məqsədimiz milli maraqlar, ölkənin suverenliyi, müstəqillikdir. Ermənistanın xarici siyasəti nə Qərbə, nə də Rusiyaya meylli deyil, biz ermənipərəstik”, – deyə Paşinyan vurğulayıb.
Yeri gəlmişkən, sosial şəbəkələrin erməni seqmentində ötən gündən etibarən Rusiyanın 102-ci hərbi bazasını Ermənistandan çıxarmaq çağırışları durmadan artır. Rusiyada yerləşən "EADaily” portalına istinadla xəbər verir ki, çağırışda hərbi bazanın Ermənistanın maraqlarına cavab vermədiyi və ölkə ərazisindən çıxarılmalı olduğu göstərilir. Sosial şəbəkələrdə, bir il əvvəl 102-ci hərbi bazanın sifarişi ilə Azərbaycan və Türkiyədəki vəziyyətlə bağlı araşdırmalar aparmış ekspertlərin fəaliyyəti "dövlətə qarşı yönəlmiş pis hərəkət” adlandırılır.
Məlumata görə, belə çağırışların yayılması ilə "Soros” fondunun çoxdankı əməkdaşı, bu günlərdə Ermənistan hökumətində işə keçən və seçki məcəlləsində islahatları koordinasiya edən Daniel İnonisyan məşğuldur.Habelə baş nazirin birinci müavini Ararat Mirzoyanın keçmiş sözçüsü, bu yaxınlarda 2016-cı ilin aprel döyüşlərində ölən erməni əsgərləri barədə "yersiz ifadələr” işlətdiyi üçün işdən azad edilən Karpis Paşoyan da 102-ci bazaya qarşı kampaniyanın fəallarındandır. Həmin Ararat Mirzoyanın özünü də Rusiyada "Amerikanın adamı” kimi tanıyırlar. Sayt xatırladır ki, bu günlərdə müdafiə naziri David Tonoyan Ermənistan sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunması məsələsinə yenidən baxıla biləcəyini deyib. Habelə, 102-ci bazaya dair müqavilənin şərtlərinə yenidən baxılmasının mümkünlüyü haqda danışıb.
"Ermənistanın yeni hökuməti Rusiya ilə müttəfiqlik münasibətlərinə sadiq olduğunu və 102-ci bazanın ölkə ərazisində dislokasiyasının vacibliyini desə də, daxili informasiya məkanında rəhbər şəxslər tərəfindən ciddi antirusiya kampaniyası başladılıb və tədricən geniş miqyas alır”-sayt yazır. Qeyd edək ki, saytda Rusiya prezidenti Vladimir Putini aşağılayan karikaturalar da əks olunur.
Sensasiya doğuracaq başqa bir fakt odur ki, Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası erməni xəbər saytını maliyyələşdirirmiş. Bu barədə Ermənistanın Gənclərin "Zorakn” elmi-maarifləndirici fondunun hesabatında bildirilib. Məlumata görə, "Azdarar.am” adlı saytda rəsmi olaraq, bu media qurumuna aid "Razm.info” adlı hərbi yönlü xəbərlər yayan portal, qonşu dövlətlərin elektron KİV-ində yayılan materialların icmalını hazırlaması qarşılığında, 2016-cı ildə 100 min rubl (1600 dollara yaxın) pul alıb. "Forrights.am” da çap olunan məqalədə isə bildirilib ki, "Razm.info” portalı Rusiyanın Ermənistandakı hərbi bazası ilə əməkdaşlıq edərək, Rusiyanın hərbi bazasının maraqlarını qoruyub.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər