• cümə, 19 Aprel, 01:28
  • Baku Bakı 18°C

Rusiya işğalçını dəstəkləməməlidir

24.09.16 11:11 1186
Rusiya işğalçını dəstəkləməməlidir
Ermənistanda keçirilən hərbi paradda Rusiya silahlarının nümayiş etdirilməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı şəkildə pislənir və hər kəs bunu iki ölkə arasında mövcud yaxın münasibətlərə yaraşmayan, tərəfdaşlığa kölgə salan addım kimi qiymətləndirir. Sözügedən dövlətin ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğunu nəzərə aldıqda, bu cür addım, işğalçı ölkənin hərbi potensialını artırmasına belə bir dəstək verilməsi ümumiyyətlə anlaşılan deyil. Üstəgəl, bu dövlət münaqişənin nizamlanmasında həlledici söz sahibi olmağa çalışırsa. Bu haqda şərhlərini bizimlə bölüşən politoloqların fikrincə, işğalçı ölkəyə silah ötürülməsi yaxşı heç nə vəd etmir.
Politoloq Elxan Şahinoğlu "Kaspi”yə açıqlamasında dedi ki, bu məsələdə bir neçə mesaj var. Birinci mesaj bundan ibarətdir ki, Rusiyanın Ermənistana verdiyi silahlar, o cümlədən müasir "İsgəndər” raketləri Ermənistanı qorumaq və Azərbaycanı təhdid altında saxlamaq gücündədir. İkinci mesaj isə odur ki, həmin silahlar yalnız Ermənistanı deyil, Dağlıq Qarabağı qorumaq üçün nəzərdə tutulub. Başqa sözlə, həmin silahların bir hissəsi Dağlıq Qarabağda yerləşdiriləcək. Halbuki, bu, beynəlxalq hüquqa ziddir: "İsgəndər” raketlərinin separatçıların əlinə keçə biləcəyi Rusiyanı narahat etmir. Əks halda, hansısa rusiyalı rəsmi açıqlama verib deməliydi ki, "Rusiyanın Ermənistana verdiyi silahlar Dağlıq Qarabağda yerləşdirilməyəcək”. Ancaq belə açıqlama verilməyib”. Əsas sual budur: İrəvanda nümayiş etdirilən modern "İsgəndər” raketləri Rusiyanın hərbi bazasındakı özəl mülkiyyətidir, yoxsa həqiqətən Ermənistana aiddir? Bu silah çox dağıdıcı xüsusiyyətlərə malikdir. Özü də, Rusiya bu silahı hər dövlətə satmır. Varlı Səudiyyə Ərəbistanı bu raketləri almaq üçün Moskvaya müraciət etmişdi. Moskva rədd cavabı verdi. Varlı Səudiyyə Ərəbistanının əvəzinə həmin raketləri kasıb Ermənistana göndərdi. Görəsən rəsmi Bakı müraciət etsə, Rusiya bu raketləri Azərbaycana da satarmı? Bu sual da açıq qalır. Sözdə Kreml Azərbaycanı strateji tərəfdaş adlandırır və bölgədə hərbi balansın pozulmasını istəmədiyini bildirir. Ancaq "İsgəndər” raketlərinin ancaq bir dövlətə məxsus olması hərbi balansı pozur. Demək, o biri dövlətdə də bu raketlərdən olmalıdır. Rusiya rəsmi Bakının da raketləri əldə etmə müraciətinə rədd cavabı verərsə, deməli, Kremlin "hərbi balans pozulmamalıdır” kimi problemi yoxdur. Rusiya üçün əsas odur ki, Ermənistan Azərbaycandan zəif olmasın”.

Politoloqun fikrincə, rəsmi Bakı raketlərlə bağlı Rusiyaya nota verə bilməz, Rusiyanın silahı kimə satması və hədiyyə verməsi işinə qarışa bilməz, bu, Moskvanın daxili işidir. Ancaq Azərbaycan XİN öz kanalları ilə məsələni aydınlaşdırmalı və bu haqda Azərbaycan ictimaiyyətinə məlumat verməlidir ki, İrəvanda nümayiş etdirilən "İsgəndər” raketləri kimə məxsusdur, Rusiyaya yoxsa Ermənistana: "Ermənistan hakimiyyətinin qəsdən həmin şəkilləri saytları vasitəsilə yaymasının məqsədi bu raketlərlə Azərbaycan cəmiyyətində qorxu yaratmağa hesablanıb. Rusiya rəsmiləri və hərbçiləri hələ ki, susurlar. Raketlər Rusiyaya məxsus olsaydı, Ermənistan hakimiyyətinin həmin raketləri özününkü kimi nümayiş etdirməsi Moskva tərəfindən təkzib olunmalı idi. Təkzib yoxdursa və ya susqunluq nümayiş etdirilirsə, deməli, bu raketlərin Ermənistana məxsusluğu və ya Ermənistanın maraqları üçün istifadə oluna biləcəyi faktı ortaya qoyulmuş olur. Bu isə o deməkdir ki, həmin silahlar çox rahatlıqla Dağlıq Qarabağda və digər işğal altındakı ərazilərimizdə peyda ola bilər. Bu faktor Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xidmət etmir. Ermənistan əvvəlki tək Rusiyaya arxayındır. Amma Rusiya hakimiyyətinin və hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslərin hesablamadığı məqam var: Azərbaycan başqa ölkələrdən də modern silahlar alır. Həmin ölkələr isə Rusiyadan fərqli olaraq, Ermənistana pulsuz silah vermirlər. Rusiya Ermənistana modern silahlar bağışlamaqla və sentyabrın sonunda Moskvada konfransda Dağlıq Qarabağ separatçılarının iştirakına şərait yaratmaqla vasitəçi statusuna kölgə salır. Aydındır ki, belə bir şəraitdə Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyəcək. Putinin "biz münaqişənin həllində heç bir tərəfin qalib və məğlub olmasını istəmirik” sözləri də bundan xəbər verir. Belə vəziyyətdə danışıqlar prosesində irəliləyiş olmayacaq. Bu isə növbəti hərbi qarşıdurma ehtimalını artırır”.

Politoloq Qabil Hüseynli də Rusiyanın bu addımını pislədi və onun beynəlxalq konvensiyalara zidd olduğunu qeyd etdi: "Bilirsiniz ki, o silahı başqa ölkəyə satmırlar. Bəs niyə Ermənistana verilir? Məqsəd nədir? O, çox təhlükəli silahdır. Rusiya ATƏT-in sədridir, bölgədə vəziyyətə nəzarət edir. Söz vermişdi ki, mövcud problemləri həll edəcək. Bu cür həll edir? İşğalçını gücləndirməklə? Bu silahların verilməsi ilə faktiki olaraq, vəziyyət Ermənistanın xeyrinə dəyişir. Düşünürəm ki, ölkəmiz bu məsələni beynəlxalq təşkilatlara çıxarmalı, vəziyyət müzakirə edilməlidir”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər