AZE | RUS | ENG |

Rusiya iqtisadiyyatını gözləyən təhlükə

Rusiya iqtisadiyyatını gözləyən təhlükə
Həyat səviyyəsinin aramsız olaraq aşağı düşməsi, əhali üçün yeni normaya çevrilib

ABŞ-ın  Rusiya oliqarxları və yüksək rütbəli hökumət məmurlarına qarşı tətbiq etdiyi sanksiyalar bu ölkə qarşısında çoxsaylı problemlərə yol açmaqdadır. Kremlin işğalçı siyasətinin bədəlini isə ölkə vətəndaşları ödəməkdədir. Maraqlı olan odur ki, Kreml nəinki yürütdüyü siyasətdən geri çəkilir, əksinə, yeni-yeni ambioz layihələr reallaşdırır, eləcə də geosiyasi sahədə bir an belə geri çəkilmək niyyəti güdmür. Məsələn, götürək elə Rusiyanı ilhaq olunmuş Krım yarımadasına birləşdirən 19 kilometrlik körpünü. Kerç boğazında inşa olunmuş körpü bu ilin dekabrında açılmalı idi, ancaq Rusiya hökuməti onu mayın 16-dan etibarən avtomobil və avtobusların üzünə açıb. Rusiyanın Krasnodar diyarı ilə Krımın şərqini birləşdirən körpünün tikintisinə 2016-cı ildə başlanıb. 3,7 milyard dollara başa gəlmiş layihəyə dörd zolaqlı magistral daxildir. İkicərgəli dəmiryol xətti isə tikilməkdədir. Prezident Vladimir Putin körpünün yük maşınları üçün payızda, dəmiryol xəttinin isə 2019-cu ildə açılacağına inandığını deyib. O bildirib ki, körpü, Krımı Rusiyanın nəqliyyat sisteminə inteqrasiya edəcək, iqtisadi artım üçün imkanlar yaradacaq. Krım qurudan ancaq Ukraynaya bağlıdır və körpü onu Rusiyaya birləşdirən yeganə xətdir.
İqtisadi rentabelliyi olmayan bu layihəyə çəkilən məsrəflər isə əhalinin cibindən gedir. Narahatlıqları isə Qərb deyil, elə Rusiya hakimiyyətinə yaxın nəşrlər də xüsusi qeyd edirlər. Məsələn "Nezavisimaya qazeta” yazır ki, Rusiya rublu 2015-ci ildən bəri ilk dəfə olaraq kəskin şəkildə dəyərsizləşməyə doğru istiqamət götürüb, milli birja indeksləri çöküb, investorlar isə məşhur rusiyalı milyarder Oleq Deripaskanın nəzarəti altında olan şirkətlərin səhmlərindən imtina etməyə başlayıblar. Milyarderin məşhur "Rusal” alüminium şirkətinin səhmləri Honkonq birjasında iki dəfə ucuzlaşıb. Rusiya Fond bazarına gəldikdə, onun indeksi 11 faiz aşağı düşüb. Rusiya valyuta bazarı ənənəvi olaraq mənfi tendensiyanın müşahidə olunduğu aprel ayında rekord vurub. Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq kapital bazarları departamentinin rəhbəri Yakov Mirkinə görə, xaricdən gələn "isti pullar” rublun məzənnəsinin sabitliyini təmin edib. Amma uzunmüddətli perspektivdə bu, "partlamağa hazır olan bomba” kimi xarakterizə olunur. Belə ki, Rusiyanın valyuta bazarında "köpük” əmələ gəlib. Bundan əlavə, həyat səviyyəsinin aramsız olaraq aşağı düşməsi, Rusiya əhalisi üçün yeni normaya çevrilib.
Rusiya Ali İqtisadiyyat Məktəbinin apardığı araşdırmalara görə, son iki il ərzində əhalinin real gəlirləri 12,7 faiz, təqaüd isə 7,7 faiz azalıb. Bu da tələbat həcminin qəfil sıxılmasına səbəb olub. Tələbat aktivliyinin aşağı düşmə tempi hətta gəlir azalmasını da qabaqlayıb. Belə ki, iki il ərzində pərakəndə satış 15,4 faiz azalıb. İki illik böhran zamanında ərzaq 24,8 faiz, qeyri-ərzaq məhsulları 24,3 faiz bahalaşıb. Üstəlik, yemək və geyimə pulu çatmayan ailələrin sayı 41 faizə çatıb. Rusların 27 faizi hazırda kommunal xərcləri ödəmək qabiliyyətində deyil. 18 faiz şəxs isə vacib dərmanlar üçün pul tapa bilmir. Krediti ödəyə bilməyənlərin sayı isə əhalinin 13 faizini təşkil edir. Ən ağır vəziyyət isə çoxuşaqlı ailələr və tək yaşayan şəxslərlə bağlıdır. Birincilərin 47 faizi, ikincilərin isə 57 faizi ərzaq və qida almaq qabiliyyətində deyil. Hesabatda vətəndaşların artıq tələbat standartlarının aşağı düşməsinə vərdiş etdiyi bildirilir. Ali İqtisadiyyat Məktəbi 2020-ci ilə qədər əhalinin alıcılıq qabiliyyətinin böhrandan əvvəlki vəziyyətə qayıtmayacağını bəyan edib. Qeyd edək ki, Rusiya Statistika Komitəsinin ötən il yaydığı məlumata görə, ölkə ərazisində 20,3 milyon nəfər yoxsulluq həddində yaşayır. Bu isə əhalinin 13,9 faizini təşkil edir. "2017-ci ildə Rusiya iqtisadiyyatının artmasına səbəb yüksək neft qiymətləri və dövlətin Kerç körpüsü kimi layihələrə artan xərcləri olub. 2018-ci ildə isə bu olmaya bilər”. Bunu "Maliyyə mühasibat məsləhətləri” (FBK) şirkətinin strateji təhlillər institutunun direktoru İqor Nikolayev səsləndirib. İ.Nikolayevin sözlərinə görə, buna baxmayaraq iqtisadiyyatda struktur böhran davam edir və iqtisadi artım dayanıqlı deyil. Direktor bu ilin yekununda Rusiyada inflyasiyanın 2,5 faiz, iqtisadi artımın isə 1,5-2 faiz olacağını proqnozlaşdırıb. İ.Nikolayev hesab edib ki, dolların məzənnəsində sabitlik xarici portfel investorların maliyyə bazarlarına daxil olması hesabına baş verib. Belə ki, onlar hazırda Rusiyanın yerli dövlət borclarının 30 faizdən çox hissəsinə sahibdirlər. 
"Nezavisimaya qazeta” da dərc olunan başqa bir yazıda vurğulanır ki, Rusiya əhalisinə inflyasiyanın qarşısının alınması və kəmərlərin sıxılması siyasəti baha başa gəlir: "MDB ölkələri arasında pərakəndə ticarətin dinamikası Rusiyada Moldova və Tacikistan istisna olmaqla, ən aşağı həddə düşüb. Belarus ticarəti ötən il Rusiya ilə müqayisədə üç dəfə, Qazaxıstanda beş, Ukraynada 7 dəfə artıb. Rusiyanın vəziyyəti isə yaxşılaşmayıb. Rusiyada inflyasiya tək ölkə üzrə deyil, bütövlükdə MDB-nin digər dövlətləri ilə müqayisədə rekord dərəcədə aşağı düşüb”. Rusiya bununla yanaşı, özünün istehlakçı bumu ilə də fəxr edə bilməz. Bunu MDB dövlətlərarası statistika komitəsinin təqdim etdiyi analizin nəticələri sübut edir. Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının mütəxəssislərinin apardıqları analizin nəticələrinə görə, ölkə pərakəndə satış dövriyyəsində çox aşağı dinamikaya malikdir. Qəzetdə dərc olunan başqa bir məqalədə qeyd edilir ki, yaxın bir-iki il üçün ciddi böhran gözlənilir. Söhbət "pis” kreditlərdən gedir. E.Qaydar adına İqtisadi siyasət İnstitutunun aparıcı elmi işçisi Aleksey Vedev məqalədə bildirir ki, vəziyyət fəlakətli həddədir və xəbərdar edir ki, götürülən kreditlər çox böyük risklərə səbəb ola bilər.
Beləliklə, Rusiyanın durumu elə də ürəkaçan deyil və belə bir durumun davam etməsi ona yaxşı heç nə vəd etmir. Lakin məsələ ondadır ki, ölkə bu siyasətdən də geri çəkilə bilmir. Əks təqdirdə, onun mövqeləri itiriləcək və yerini əzəli rəqibi ABŞ tutacaq. Bu isə bir dövlət kimi onun sonu demək olacaq.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2354
TRY 1 Türk lirəsi 0.2716
KWD 1 Küveyt dinarı 5.6137
SEK 1 İsveç kronu 0.1916
EUR 1 Avro 1.9852
CHF 1 İsveçrə frankı 1.7570
USD 1 ABŞ dolları 1.7000