• şənbə, 27 Aprel, 06:37
  • Baku Bakı 12°C

Rusiya ilə Səudiyyə Ərəbistanının səyləri yetərli olmayacaq

07.09.16 12:40 1926
Rusiya ilə Səudiyyə Ərəbistanının səyləri yetərli olmayacaq
Hələ bu ilin aprel ayında OPEC-ə üzv və üzv olmayan neft istehsal edən ölkələrin Qətərin paytaxtı Dohada baş tutan görüşündə hasilatın dondurulması ilə bağlı gözlənilən nəticə əldə edilməmişdi. Belə ki, görüşün əsas məqsədi neft hasilatının bu ilin oktyabr ayının 1-nə qədər dondurulması ilə bağlı neft istehsal edən ölkələr arasında razılıq əldə olunması idi. Səudiyyə Ərəbistanı hələ görüşdən əvvəl bildirmişdi ki, neft hasilatının azaldılması, dondurulması ilə bağlı razılığa İranın da eyni addımı atacağı təqdirdə gedəcək. İran Doha görüşündə iştirak edəcəyini bəyan etsə də, sonradan toplantıya nümayəndəsini göndərmədi. Belə olan təqdirdə Səudiyyə Ərəbistanı və bəzi Körfəz ölkələri əvvəlcədən hazırlanmış sənədi imzalamağa razı olmadılar. Və Doha görüşü nəticəsiz başa çatdı. Halbuki Doha görüşündə razılıq əldə olunsaydı, neftin qiymətinin 50 dollardan yuxarı olacağı proqnozlaşdırılırdı.
"Razılaşmanın önəmi böyükdür”

Amma indi Rusiya və Səudiyyə Ərəbistanı neft bazarında sabitləşmə məqsədi ilə birgə bəyanat imzalayıblar. Bəs bu razılaşma neft ölkələrini neftin qiyməti ilə bağlı vahid mövqeyə gəlməsinə gətirib çıxaracaqmı? Müqavilə xəbərindən sonra dünya bazarında neftin qiymətində müəyyən artım olsa da, sonra qiymət yenidən düşdü. Ümumiyyətlə, Rusiya və Səudiyyə Ərəbistanı arasında imzalanan razılaşma neftin qiymətində hər hansı artıma səbəb ola bilərmi?

Millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, bu razılaşmanın önəmi böyükdür. Çünki Səudiyyə Ərəbistanı OPEC üzvü olan ən böyük ölkədir. O cümlədən, Rusiya da neft ixracında önəmli rol oynayır: "Bu iki dövlətin anlaşması o biri dövlətləri, xüsusilə OPEC-ə üzv olan ölkələri razılaşmaya cəlb edə bilər. Çünki xeyli vaxtdır neft istehsal edən ölkələr arasında hasilatın dondurulması ilə bağlı ümumi razılıq əldə edilmədiyi üçün qiymətlər aşağı səviyyədə qalır. Ümumi razılığa gəlinməsini istəməyən ölkələr də var. Səudiyyə Ərəbistanı neft ixrac edən böyük bir ölkə olduğu üçün onun mövqeyi önəmlidir. Yəqin ki, bunun arxasınca müəyyən dairələr, neft ixrac edən digər ölkələr də mövqe bildirəcəklər. Əgər gözlənilənlər baş tutmasa, neftin qiyməti 45-50 dollar səviyyəsində qalacaq”.

"...50 dollardan sonrakı artımına nail olmaq üçün yetərli deyil”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban əvvəlcə bəyanatın imzalaması ilə neftin qiymətində tez bir zamanda baş verən artım haqqında danışdı: "Bəyanatın imzalanması ilə bağlı xəbər yayılan kimi neftin qiyməti sıçrayışla 5 faiz bahalaşdı. 46 dollardan 49 dollara qədər bir artım müşahidə etdik. Amma imzalanan sazişdən sonra rusiyalı nazir Aleksandr Novak açıqlama verdi, gözləntilərini ictimaiyyətlə paylaşdı. Bildirdi ki, Səudiyyə Ərəbistanı ilə Rusiyanın bir arada atacağı addımlar dünyada neftin qiymətinin 50 dollardan sonrakı artımına nail olmaq üçün yetərli deyil. Bu açıqlamadan sonra neftin qiyməti London birjası bağlananda 47 dollara qədər ucuzlaşdı.

Söhbət nədən gedirdi? Biz artıq bu cür situasiya ilə cari ilin fevral-mart aylarında da üzləşmişdik. O zaman da aprelin əvvəlində Qətərdə hasilatın dondurulması ilə bağlı "Doha görüş”ü olmalı idi. Mütəmadi olaraq bazar iştirakçıları və iri neft hasilatçıları müxtəlif bəyanatlarla çıxış edirdilər. Bəyanatlar pozitiv olanda neftin qiyməti yüksəlirdi, neqativ olduqda isə düşürdü. İndi də faktiki olaraq bazar o cür əhval-ruhiyyəni yaşayacaq. Düzdür, o zaman bazarda həqiqətən dondurulma əməliyyatı nəticəsində canlanma baş verdi. Yanvar ayında neftin qiyməti 27 dollara qədər ucuzlaşmışdısa, həmin ərəfədə nə az, nə çox 39 dollara qədər artım əldə edildi. Amma avqustun sonunda neftin qiyməti 45 dollar ətrafında idi. İndi ümumiyyətlə, 50 dollar baryerini hələ ki, keçməyib. İlin əvvəlindən neftin qiyməti ilə bağlı bütün proqnozlar göstərirdi ki, qiymət dördüncü rübdə 50-55 diapazonu arasında olmalıdır. Hətta optimistlər bunun 60-a qədər yüksələcəyini proqnoz edirdilər. Ancaq sual olunur, biz bunu müşahidə edəcəyikmi? Buna hələ ki, qəti əminlik yoxdur. Çünki bazarda həddindən artıq izafi neft həcmləri var”.

İraq və İran da hasilatı dondurmalı...

İ.Şabanın sözlərinə görə, qiymətin qalxması üçün Rusiya ilə Səudiyyə Ərəbistanının neft hasilatını bir müddətlik azaltması yetərli deyil. Nəticə üçün digər ölkələr də hasilatın dondurulması ilə bağlı addım atmalıdırlar: "Qiymət artımı ona görə proqnozlaşdırılmır ki, bazarda gündəlik neft təklifi yüksəkdir. Bu təklif aşağısı 2,5 milyon barrel azalmalıdır. 2,5 milyon təklif hansı ölkələr hesabına azala bilər? A.Novak deyib ki, biz Səudiyyə Ərəbistanı ilə 3 aydan 6 aya qədər hasilatın dondurulması məsələsini müzakirə edə bilərik. Bu üç ay oktyabrda başlasa ilin sonuna qədər bir az gec başlasa, marta qədər olacaq. Bəs sonra? A.Novakın bu açıqlaması bazar iştirakçılarının Aşıq Ələsgər demişkən, "qol-qanadını sındırıb yanına saldı”. Bax ona görə neftin qiyməti 49 dolardan 47-yə düşdü.

Rusiya bu gün rekord həcmdə neft hasil edir. Səudiyyə Ərəbistanının da hasilatı rekord həcmdədir. Biri 10,8 milyon, digəri 10,3 milyon barreldən çox. Bu iki dövlətin payına dünya neft hasilatının 21 faizi düşür. Bunlar hasilatı hərəsi bir milyon azaltsa, bu da yetərli deyil. Nəticə əldə etmək üçün heç olmasa İraq və İran onlara dəstək olmalıdır. Çünki onlar ən böyük neft hasilatçısıdırlar. 4 milyon barreldən artıq İraqın hasilatıdır. İran neft naziri bildirib ki, təqribən 2-3 aya onların da gündəlik hasilatı 4 milyon barreli keçəcək. İran 3,75 milyon barreldə hasilatı dondursa, İraq öz hasilatını 6 ay, yaxud bir illik 3,5-3,6 milyon barreldə saxlasa, nəsə əldə etmək olar. Ancaq bu İraqda mürəkkəb məsələdir. Orada hasilatın pay bölgüsü çərçivəsində şirkətlər kapital qoyuluşu ediblər. Ona görə hasilatın azaldılması onların heç birinin marağında deyil. Hökumətin onlara hər hansı bir təsir gücü yoxdur. Yatırdıqları vəsaiti qısa bir zamanda əldə etməyə maraqlıdırlar. Həm də İraq qeyri-stabil bir ölkədir. Çoxlu faktorlar var. İran deyir ki, biz uzun müddət sanksiyalar altında yaşamışıq. İndi hamı ilə eyni müstəvidə, eyni mövqedən dondurma əməliyyatında çıxış etsək, bu, ədalətsizlikdir. Bu baxımdan, Rusiya da onu dəstəkləyir”.

"Ölkələrin hərəsinin öz marağı var”

İ.Şaban deyir ki, əslində həm OPEC-ə daxil olan, həm də daxil olmayan iri neft hasilatçıları iqtisadiyyatı neftdən asılı olan ölkələrdir. Onlar neft hasilatının çox olmasında ona görə maraqlıdırlar ki, heç olmasa həcm etibarı ilə daha çox məhsul istehsal etməklə gəlirlərini artıra bilsinlər. Bu zaman isə sual ortaya çıxır ki, onlar hasilatını bir az azaltsalar, nefti qiyməti 5 dollar qalxsa, onlar daha çox gəlir əldə edəcəklər. Bəs buna niyə getmirlər? İ.Şaban deyir ki, bunun sadə bir cavabı var: "Rusiya prezidenti Vladimir Putin də demişdi, bütün bazar iştirakçıları maraqlı olsa, oyun qaydalarına riayət etsələr, buna nail olmaq olar. Ancaq dünyada 70 ölkə neft hasilatçısıdır. Onlardan 30-35-i isə sanballı ölkələrdir. Ancaq o ölkələrin özlərinin də marağı var. Onların hamısına nəzarət etmək çətindir. Çox müşkül bir məsələdir. OPEC faktiki olaraq 2003-cü ildən dünya neft bazarında olan qiymətlərə nəzarət etmək funksiyasını əlindən buraxıb. Çünki o zaman neftin aşağı və ya yuxarı dəhlizi var idi. O dəhlizi keçəndə OPEC qarışıb qiymətləri həmin dəhlizə gətirə bilirdi. Ancaq təşkilat 2003-cü ildən artıq bunu edə bilmir. ABŞ-ın enerji administrasiyası həftəlik hesabatını açıqlayan kimi dünya bazarı qiymət baxımından alt-üst olur. Ona görə də qiymət bu gün hasilatçı ölkələrdən deyil, istehlakçılar yəni, Çin iqtisadiyyatından və Amerika kimi dünyanın ən böyük hasilatçı və istehlakçı ölkəsinin bazara təsirindən asılıdır”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər