• cümə, 19 Aprel, 22:36
  • Baku Bakı 24°C

Rusiya ilə qarşılıqlı siyasi əlaqələrimiz çox yüksək səviyyədədir

08.05.20 10:53 507
Rusiya ilə qarşılıqlı siyasi əlaqələrimiz çox yüksək səviyyədədir
Rusiya ilə qarşılıqlı siyasi əlaqələrimiz çox yüksək səviyyədədir.
Azərbaycan Prezidenti İlham Əliyev bu barədə TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində danışıb.
Prezident İlham Əliyev deyib:
"Biz tranzit-logistika sahəsində işləri intensivləşdirmək barədə razılığa gəlmişik. Ölkələr arasında, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinə gəldikdə isə əlbəttə, pandemiya mənfi təsirini göstərir. Lakin əminəm ki, biz müsbət əməkdaşlığı qoruyub saxlayacaq və genişləndirəcəyik.
Siz qeyd etdiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti ilə biz həm Rusiyada, həm də Azərbaycanda yetərincə tez-tez görüşürük. Sonuncu görüşümüz keçən ilin axırında Peterburqda olub, bundan əvvəl Soçidə. Mən "Valday” Diskussiya Klubuna dəvət edilmişdim. Buna görə bizim ünsiyyətimiz və görüşlərimiz qarşılıqlı əlaqələrimizin inkişafına çox müsbət təkan verir və tabeliyimizdə olanlara verdiyimiz göstərişlər, təlimatlar həyata keçirilir.
Qarşılıqlı siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Əlbəttə, pandemiya olmasaydı, biz əmtəə dövriyyəsini daha da artırardıq. Lakin əminəm ki, iqtisadi əlaqələrimiz lazımi səviyyədə olacaq. Bizim nəqliyyat-logistika sahəsində də böyük planlarımız var. Bu gün bizim fəal istifadə etdiyimiz Şimal-Cənub dəhlizi ilə yanaşı, Rusiyanın Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulması da bizi sevindirir. Rusiyalı yükgöndərənlər Azərbaycandan Avropa istiqamətinə gedən bu marşrutdan istifadə edirlər. Elektroenergetika sahəsində elektrik enerjisi mübadiləsi, habelə çoxtərəfli əməkdaşlıq baxımından böyük potensial var. Biz yüksəkvoltlu elektrikötürmə xətləri ilə bağlıyıq.
Neft-qaz sahəsində də vəziyyət yaxşıdır. Bəlkə də çoxları bilmir, lakin Xəzər dənizinin Rusiya sektorunda Rusiya şirkətləri tərəfindən hasil edilən neftin bir hissəsi Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə nəql edilir. Yəni, burada əməkdaşlıq yüksələn xətt üzrə davam edir.
Əlbəttə, Rusiya Prezidenti ilə birlikdə humanitar sahədə həmişə həyata keçirdiyimiz əməkdaşlığı da hökmən qeyd etmək lazımdır. Düşünürəm ki, bu, qonşular arasında əməkdaşlığın nümunəsidir. Rusiyada da bunu çox yüksək qiymətləndirirlər ki, Azərbaycanda tədrisin rus dilində olduğu 330-dan çox məktəb var. Rusiyanın aparıcı ali məktəblərinin filialları, yetərincə zəngin mədəni proqram və əlbəttə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulmuş "Azərbaycan” pavilyonunun təntənəli açılışı da dostluq münasibətlərinin rəmzidir.
Əlbəttə, biz təəssüflənirik ki, pandemiya turizm sektoruna çox güclü zərbə vurub. Ona görə ki, keçən il bir milyona yaxın rusiyalı Azərbaycana səfər edib. Biz bu il də rusiyalı turistlərin sayının artacağına ümid edirdik. Lakin hər şeyin qaydaya düşəcəyi və insanların yenidən bir-birini ziyarət etməyə başlayacağı vaxtı gözləyək. Siz tamamilə haqlısınız, biz vaxtı itirməməliyik, bu il görüləsi işlər hələ çoxdur. Biz daim əlaqə saxlayırıq və yaxın dostlar, tərəfdaşlar kimi işləyirik".
banner

Oxşar Xəbərlər