Rusiya ilə Gürcüstan arasında münasibətlər normallaşır?
Rusiya ilə
Gürcüstan arasında münasibətlərdə yaxınlaşma artıq bütün sahələrdə hiss
olunmaqdadır. Gürcüstanda parlament seçkilərində qələbədən sonra "Gürcü arzusu”nun
sürətlə Rusiyaya doğru yaxınlaşdığı artıq heç kimə sirr deyil. "Qazprom”la əldə
olunan razılaşma ölkədə geniş narazılıq doğursa da, hakimiyyət narazılıqları
qulaqardına vuraraq, Rusiyanın qaz nəhəngi sazişi qüvvədə saxladı. Artıq əməkdaşlıq
digər məsələləri də əhatə etməyə başlayıb.
"İnerfaks”ın
yaydığı xəbərə görə, Rusiya və Gürcüstan Abxaziya və Cənubi Osetiyadan
nəqliyyat dəhlizlərini fəaliyyətə başlatmaq barədə razılıq əldə ediblər. Agentliyin
Gürcüstanın "Rezonansi” və Fransanın "RFİ” radiosuna istinadən yaydığı xəbərdə
vurğulanır ki, Rusiya Gürcüstan-Rusiya sərhədinin abxaz və Cənubi Osetiya
hissəsində yüklərin daşınmasının monitorinqinin aparılması barədə sazişə "yaşıl
işıq” yandırıb. 2011-ci ildə imzalanan bu saziş yüklərin kompleks, müasir
auditinin yaradılmasını nəzərdə tutur. Qeyd edilir ki, İsveçrə şirkətlərindən
biri sərhədlərin auditini həyata keçirəcək. Martın sonunda razılaşmanın sonuncu
detallarını müzakirə etmək üçün İsveçrə heyəti Tbilisiyə səfər edəcək. Maraqlıdır
ki, Tbilisidə və Moskvada bunu müxtəlif cür izah edirlər. Məsələn, Tbilisi
hesab edir ki, bu razılaşma Abxaziya və Sxinvalini Gürcüstanın ərazisi kimi tanıyan
yeganə sənəddir. Rusiya tərəfi isə hesab edir ki, iki ölkə arasında
münasibətlərdə bir istiləşmə hiss olunur və indi tərəflər birbaşa ticarət üçün
yeni dəhlizlər açırlar.
Yeri gəlmişkən, Qərb nəşrləri yazır ki, Cenevrədə
tərəflər arasında keçirilən müzakirələrdə ilkin olaraq ticarət münasibətlərinin
genişləndirilməsi nəzərdə tutulur. Artıq müxtəlif düşüncə mərkəzləri Rusiyayla
Gürcüstanın yeni ticarət marşrutları barədə razılığa gəldiyinə diqqət çəkirlər.
Gürcüstan baş nazirinin Rusiya ilə
münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze
deyib ki, onlar ruslarla üç ticarət marşrutunu razılaşdırıblar. Yeni ticarət
yolları Gürcüstandan ayrılan Abxaziya və Cənubi Osetiyadan keçəcək.
Üstəlik, Moskvanın da Tbilisinin beynəlxalq
müşahidəçilər haqda tələbiylə razılaşdığı bəlli olub. Məlumata görə, Gürcüstan
Rusiyanın Cənubi Osetiya və Abxaziyayla sərhədlərindən keçirilən məhsullara
nəzarət etməkdən ötrü beynəlxalq müşahidəçi məntəqələrinin yaradılmasını
istəyir. Gürcüstanla ondan ayrılmış ərazilərin sərhəd xətlərinə də məntəqələrin
yerləşdirilməsi planlanır. "Stratfor” analitik mərkəzi yazır ki,
razılaşdırılmış marşrutlar üzrə ticarət Rusiyayla Gürcüstanın iqtisadi
münasibətlərini yaxşılaşdıra bilər. Hazırda bu iki ölkənin ticarət dövriyyəsi
800 milyon dollardır, Rusiya Gürcüstanın üçüncü ən böyük ticarət tərəfdaşıdır.
Ticarət marşrutu Moskvayla Tbilisinin əldə etdiyi
yeganə razılaşma deyil. Bu yaxınlarda onlar həm də Rusiyanın Ermənistana
göndərdiyi təbii qazın Gürcüstan vasitəsilə nəqli haqda anlaşıblar və bu, Gürcüstanın
enerji sektoru üçün mənfəət deməkdir.
Onu da qeyd edək ki, 2008-ci ildə - Rusiyanın
Gürcüstan ərazisinə müdaxiləsindən sonra bu iki ölkə arasında münasibətlər
korlanıb. Diplomatik əlaqələr tamamilə kəsilmişdi və cəmi bir neçə il öncə
indiki razılaşmaların mümkün olacağı kimsənin ağlına gəlməzdi. "Amma bu gün
Kreml Gürcüstan hökumətinə barışmaq niyyətində olduğunu çatdırmaqdadır, heç
olmasa, iqtisadi sahədə”, - deyə "Stratfor” yazır. Mərkəz, həmçinin Gürcüstanın
daxilində Rusiyaya meylin əvvəlkiylə müqayisədə artdığını qeyd edir. Sorğular
göstərib ki, hazırda gürcülərin 53 faizi Avropaya inteqrasiyanın tərəfdarıdır.
Bu rəqəm əvvəlki illə müqayisədə, az qala, 10 faiz aşağıdır. Respondentlərin
təxminən 31 faizi Rusiyayla münasibətlərin yoluna qoyulmasını istədiyini
bildirib. Bu rəqəmsə keçən illə müqayisədə 10 faiz yuxarıdır.
"Stratfor” təhlil mərkəzinin mütəxəssisləri hesab
edirlər ki, bu dəyişikliklər gürcülərin təkcə ruslarla deyil, həm də
Gürcüstandan ayrılan ərazilərin əhalisiylə münasibətlərini yaxşılaşdırır. 2016-cı
ilin sonunda Rusiya və Gürcüstan, eləcə də tanınmamış Abxaziya nümayəndələri
toqquşma zonasında münaqişələrin önlənməsi haqda danışıqları başa çatdırıblar.
Digər tanınmamış respublikanın – Cənubi Osetiyanın rəsmiləri isə Gürcüstanla
ticarət məntəqəsi açmağı planlaşdırdıqlarını deyirlər. Bütün bunlar o deməkdir
ki, Gürcüstan ondan ayrılmış bölgələrlə ticarəti bərpa edə bilər. Tbilisidə
konstitusiyaya dəyişikliklə bağlı yeni ideya da var. İdeya sahibləri deyirlər
ki, separatçı Abxaziya və Cənubi Osetiyaya gedən turistlər (çox vaxt ruslar
olur) Tbilisidən icazə almadıqlarına görə cinayət məsuliyyətinə cəlb
olunmasınlar, sadəcə, cərimələnsinlər. "Stratfor” Gürcüstanda geosiyasi durumun
hərəkətdə olduğunu yazır. "Avropa İttifaqında fikir ayrılıqları güclənməkdədir.
Yeni ABŞ administrasiyası Rusiyayla əməkdaşlığa meylli olduğunu bildirib. Ona
görə də keçmiş sovet ölkələrinin, o cümlədən Gürcüstanın Moskvayla
münasibətlərə yenidən baxması çox vacibdir”, - deyə "Stratfor” mütəxəssisləri bildiriblər.
Bir faktı da qeyd edək ki, Rusiya ilə
Gürcüstan arasında münasibətlərin nizamlanması barədə xəbərlər ermənilərin
sevincinə səbəb olub. Erməni saytları yazır ki, bu iddiaların reallaşması onlar
üçün həyati əhəmiyyət kəsb edir. "Birincisi, Gürcüstan Ermənistan üçün onu
Avrasiya İqtisadi İttifaqı ilə bağlayan yeganə quru sərhədi deməkdir. Rusiya
ilə Gürcüstan arasında münasibətlərin normallaşması Cənubi Osetiya avtomobil
yolunun işə salınmasına gətirib çıxara bilər. Belə ki, hazırda mövcud olan
Yuxarı Lars sərhəd buraxılış məntəqəsi təbi şəraitdən asılı olur”,- deyə Qafqaz
üzrə rusiyalı ekspert Sergey Markedonov bildirib. Onun sözlərinə görə, bu
razılaşmanın reallaşması Ermənistan-Rusiya dəmir yolunun abxaz hissəsinin bərpasına
gətirib çıxara bilər. Ermənilər ümid edir ki, bununla da ölkənin izolyasiyasına
son qoyular.
Öz növbəsində, Gürcüstanın İnkişaf
İnstitutunun rəhbəri Qia Xuxaşvili hesab edir ki, Rusiya ilə Gürcüstan arasında
razılaşmanın əldə olunacağı inandırıcı deyil. Səbəb kimi də gürcü müxalifətinin
sərt mövqeyini və Gürcüstanın qəbul etdiyi "İşğal haqqında” qanunu göstərir.
Azər NURİYEV