Rusiya ilə Gürcüstan arasında gərginlik pik həddə çatıb
Xəbər verildiyi kimi, Şimali Qafqaz və separatçı Cənubi Osetiya
ərazisində Rusiya Federasiyası Silahlı Qüvvələrinin 7 günlük hərbi təlimlərinə
start verilib. 58-ci ümumqoşun ordusuna daxil olan hərbi hissələr arasında
keçirilən təlimlər əsgərlərin döyüş qabiliyyətinin hansı səviyyədə olmasını
yoxlanılması adı altında start götürüb. Hərbi təlimlərə 16 mindən yuxarı hərbçi
və 4 mindən artıq döyüş texnikası və silahlar cəlb edilib. Gürcüstanın nəzarəti
olmayan ərazilərdə iri miqyaslı təlimlər dərhal bu ölkədə həyəcan yaradıb.
Gürcüstanın rəsmi şəxsləri Rusiya ordusunun hərbi təlimlərini bütün region üçün
həyəcana səbəb ola biləcək siqnal hesab ediblər. "Bu cür manevrlər təhlükə
doğurur və tək Gürcüstan üçün deyil, bütün region və Avropa üçün təhlükə
yaradır”, - deyə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə
naziri Ketevan Çixelaşvili bildirib. Analoji bəyanatı sabiq müdafiə naziri
Dmitri Şaşkini də səsləndirib. Onun sözlərinə görə, Rusiya Sxinvalidəki hərbi
korpuslarını Gürcüstanın hələ də işğal olunmayan ərazilərinə hücum üçün
hazırlayır. O, əlavə edib ki, bu cür təlimlər bürün region üçün hədə kimi qəbul
olunmalıdır: "Rusiya Gürcüstan ərazisindən Ermənistan ərazisindəki Gümrü
bazasına dəhliz açmağa hazırlaşdığını gizlətmir. Onlar buna hazırlaşır və bunu
gizlətmirlər də”, - deyə sabiq müdafiə
naziri bildirib. O, əlavə edib ki, Rusiyanın Cənubi Osetiyadakı hərbi təlimi
təkcə Gürcüstan üçün yox, İran üçün də təhdiddir.
Yayılan məlumatlara görə, Rusiya Silahlı Qüvvələri Gürcüstanın Kaspi
rayonunun Karapila rayonu ərazisinə doğru istiqamət götürüblər. Bakı-Supsa neft
kəmərinin bir hissəsi də onların nəzarəti altına keçib. Bu xəbəri Gürcüstan
Dövlət Təhlükəsizliyi Xidmətindən də təsdiq ediblər. Briqada generalı Amiran
Salikvadze gürcü KİV-lərinə müsahibəsində bildirib ki, Rusiya qoşunları SSRİ
dövründəki sərhədlərin bərpasına çalışırlar. Bir faktı da qeyd edək ki, bir
neçə gün bundan əvvəl Gürcüstan deputatları Moskvaya səfər edib. "Vətənpərvərlər
Alyansı” adlanan partiyanı təmsil edən deputatlar Dövlət Dumasında görüşlər də
keçiriblər. Çoxları onları Rusiyanın Gürcüstandakı "beşinci kolonu” kimi
qiymətləndirir. Parlamentdə 5 faiz yerlə təmsil olunan bu partiyanın
Gürcüstandakı daxili vəziyyətə necə təsir edə biləcəyi sual altında olsa da,
çoxları onları Gürcüstanda Rusiyanın nüfuz agentləri kimi qiymətləndirirlər.
Maraqlıdır ki, onlar son dövrlər siyasi fəallıqlarını artırıblar. Dəfələrlə
Rusiya ilə danışıqlara gedilməsini, ölkənin ərazi bütövlüyünün bərpasının
sonrakı məsələ olduğunu iddia ediblər. Xüsusi qeyd edirlər ki, Rusiya Qafqazda
sülhün təminatçısıdır. Eləcə də, Rusiyanın irəli sürdüyü bütün şərtlərlə
razılaşmağı vacib sayırlar.
Gürcüstan parlamentinin hüquqi məsələlər üzrə komitəsinin üzvü
Vaxtanq Xmaladze hesab edir ki, Bakı-Supsa neft kəmərinin bir hissəsinin Rusiya
Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi Gürcüstana təzyiq vasitəsi,
tanınmamış Cənubi Osetiyanın sərhədlərinin delimitasiyasının tanınmasına nail
olmaqdır. Məsələ ondadır ki, Gürcüstan tanınmamış Cənubi Osetiya ilə danışıqlar
aparmaqdan imtina edir. Moskva isə tanınmamış qurumun tanınmasını tələb edir: "Bakı-Supsanın
bir hissəsi üzərində nəzarəti ələ almaqla Rusiya kəmərin sahibi BP-dən neftin
tranzitinə görə heç nə tələb edə bilməz. Belə ki, bu hissə Cənubi Osetiyanın
ərazisindən keçir. Separatçı qurum da heç nə əldə edə bilməz, çünki beynəlxalq
hüququn subyekti deyil”.
Rusiyanın regiondakı bu addımı Qərbə yönəlik bir siqnaldır. Bununla
demək istəyir ki, Xəzər regionundan Avropaya nəql edilən enerji axınları
üzərində nəzarətin böyük bir hissəsini həyata keçirir. Lakin iqtisadçılar
bildirir ki, bu təhlükə yalnız Bakı-Supsa üçün var. Yerdə qalan layihələr -
Bakı-Tbilisi-Ceyhan və Bakı-Ərzurum üçün bu təhlükə yoxdur. Səbəb də onların
coğrafi cəhətdən gərginlik olan bölgədən uzaqda olmasıdır. Məşhur rusiyalı
hərbi ekspert Pavel Felqenqauer isə hesab edir ki, baş verənləri dramatikləşdirmək
gərək deyil. Lakin bununla belə, o, faktiki olaraq gürcü briqada generalı
Amiran Salukvadzenin bəyanatını təsdiqləmiş olub. General bildirib ki, Rusiya
qoşunları SSRİ dövründə mövcud olan sərhədlərin bərpasına çalışır. O, əlavə
edib ki, Gürcüstan ərazisindən Ermənistandakı hərbi bazaya dəhliz açılması
planı da real deyil. Əgər bu kiməsə lazım olsa, onda başqa cür olacaq”, - deyə
o bildirib. O ki qaldı Azərbaycana, onun qənaətincə, ölkəmiz üçün hər hansı bir
təhlükə yoxdur. "Təlimlərin özü Soçinin qorunması ilə bağlı qarşıya qoyulan
məqsədlərin hədəfə çatılması ilə bağlıdır. O ki qaldı Gürcüstanda sərhədlərin
dəyişdirilməsi ilə baş verənlərə - bu hərbçilərin təşəbbüsüdür. Rusiyanın ali
rəhbərliyinin başı indi başqa məsələlərə qarışıb – amerikalılar, sanksiyalar,
Suriya, Donbas, Ukrayna, Koreya və s.” - deyə ekspert bildirib. Lakin əlavə
edir ki, bu problem Gürcüstan üçün əhəmiyyətlidir. "O ki qaldı Bak-Supsaya, baş
verənlər kəmər üçün hər hansı bir təhlükə yaratmır. Kəmər yerin altındadır və
üstündə baş verənlərin ona təsiri yoxdur və heç kim onu qazmaq niyyətində
deyil”, - deyə əlavə edib.
Bəzi ekspertlər isə qeyd edir ki, Rusiyanın təlimləri NATO-nun Gürcüstandakı
təlimlərinə cavabdır.
Belə ki, iyulun 30-da Vazianidə (Tbilisi) növbəti "Noble Partner”
hərbi təlimləri başlayacaq. Bu təlimlər Gürcüstan ordusunu NATO standartlarına
uyğunlaşdırmaq üçün 2015-ci ildən bəri təşkil olunur. Bu dəfə təlimlərə üzv və
tərəfdaş ölkələrdən 3 minə yaxın əsgər və çoxlu sayda hərbi texnika cəlb
edilib. Artıq Poti limanına gələn NATO hərbi texnikası quru yolu ilə Tbilisiyə
irəliləyir və NATO tankları ilə rus tankları arasında çox az məsafə var. Təlimlərin
açılışında yüksək səviyyəli qonaq - ABŞ-ın vitse-prezidenti Mayk Pens də
iştirak edəcək. Bu fakt isə hazırkı çətin məqamda Gürcüstana dəstək nümayişi
kimi qiymətləndirilməlidir.
Azər