• cümə axşamı, 28 mart, 13:25
  • Baku Bakı 16°C

Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir - Fotolar

03.09.18 17:51 1260
Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir - Fotolar
Müstəqillik əldə etdikdən sonra Azərbaycan dünyanın bütün ölkələri ilə, xüsusən yaxın coğrafi ərazidə yerləşən dövlətlərlə dinc və mehriban qonşuluq münasibətlərinə əsaslanan xarici siyasət xətti yürütməyə başlayıb. Bu siyasi kursda Rusiya Federasiyası ilə münasibətlər xüsusi yer tutub. Hər iki müstəqil dövlət arasında diplomatik münasibətlər 1992-ci il aprelin 4-də Bakıda imzalanmış müvafiq protokol əsasında qurulub. Həmin il Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. Müstəqil dövlət quruculuğu prosesində Rusiya ilə əlaqələri inkişaf etdirmək ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda müstəqil istiqamət kimi həyata keçirilib. SSRİ dağıldıqdan sonra iki müstəqil dövlətə çevrilən Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalılığa əsaslanan münasibətlər məhz ulu öndərin prezidentliyi dövründə qurulub. Hər iki tərəf bu əlaqələrin inkişaf etdirilməsində maraqlı olub. Elə bu maraqdan irəli gələrək 1995-ci il oktyabrın 6-da Rusiya baş nazirinin müavini A.A.Bolşakovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Ulu öndər Heydər Əliyevlə keçirilən görüşdə iki dövlət arasında iqtisadi əməkdaşlığın real vəziyyəti və perspektiv imkanları müzakirə obyekti olub. Görüşün sonunda Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq, elm, təhsil və texnika sahələrində münasibətləri tənzimləyəcək hüquqi sənədlər imzalanıb. Rusiya-Azərbaycan münasibətləri bu əsas üzərində inkişaf edərək Azərbaycan Prezidenti Heydər Əliyevin 2-4 iyul 1997-ci il tarixli Rusiyaya ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilənin imzalanması ilə nəticələnib. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” bu müqavilə iki ölkə arasında mövcud olan və daima inkişaf edən əlaqələrin hüquq bazasını təşkil edir, mühüm strateji sənəd sayılır. 9-10 yanvar 2001-ci ildə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərə gəlməsi iki ölkə arasında siyasi-iqtisadi münasibətlərin inkişafına yeni təkan verib. Bununla da iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsası qoyulub. Qeyd olunan səfər çərçivəsində iki ölkə arasında münasibətlərin genişləndirilməsini nəzərdə tutan Bakı Bəyannaməsi imzalanıb.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı 2003-cü ildən indiyə qədər də Rusiya ilə qarşılıqlı milli maraqlara cavab verən münasibətlər davam etdirilir. Prezident İlham Əliyevin 5-7 fevral 2004-cü ildə Rusiyaya səfərinin nəticəsi olaraq ölkələrimiz arasında münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoyub. Bundan sonra müxtəlif illərdə Rusiya prezidentlərinin, diplomatlarının, nazirlərinin, iş adamlarının Azərbaycana səfərləri olub. Eləcə də dövlət başçısı İlham Əliyev və hökumət üzvlərinin Rusiyaya çoxsaylı səfərləri gerçəkləşib. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daim gücləndirilməsi üzrə Hökumətlərarası Birgə Komissiya fəaliyyətini gücləndirib. Parlamentlərarası əlaqələr yeni müstəvidə davam etdirilib. Ötən illər ərzində Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, hərbi, mədəniyyət, təhsil, səhiyyə və sair sahələrdə əlaqələr daha da inkişaf etdirilib. Humanitar sahədə əməkdaşlığı tənzimləyən çoxsaylı saziş və müqavilələr imzalanıb. Ümumilikdə isə iki ölkə arasında müqavilə-hüquqi bazaya 100-dən artıq dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir. Təkcə iqtisadi sahəyə dair statistikaya müraciət etsək görərik ki, 2017-ci ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faizdən çox artıb. 2018-ci ilin birinci yarısında mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Bu rəqəmlər Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin real mənzərəsini canlandırır.

Şübhəsiz ki, Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfər etməsi ölkələrimiz arasında münasibətlərin inkişafına daha bir təkan olacaq. Çünki, Soçidə keçirilən bu görüşdə prezidentlər İlham Əliyev və Vladimir Putin "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat” imzalayıblar. Bununla yanaşı, Rusiya və Azərbaycan hökumətləri arasında 2024-cü ilə qədər əməkdaşlıq Proqramı, Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı (5 "yol xəritəsi”), iqtisadiyyat nazirlikləri arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında saziş imzalanıb. Eyni zamanda, daşınmaz əmlak hüququnun qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında, sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, elektrik ötürücü xətlər və boru kəməri nəqliyyatı ilə daşınan mallara gömrük nəzarəti, turizm, idman sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Tərəflər rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında memorandum, malların hava nəqliyyatı vasitəsilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında protokol və sair mühüm sənədlər də imzalayıblar.

Prezidentlərin iştirakı ilə keçirilən sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatla çıxış edən dövlət başçıları da ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf edəcəyinə əminlik ifadə ediblər. Prezident Vladimir Putin qeyd edib ki, 2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar "Qazprom”, "Transneft” və "Lukoyl”dur. Ümumiyyətlə, Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir. Bundan başqa, "KamAZ” Gəncə avtomobil zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını və onlara xidmət göstərilməsini qaydaya salıb. Rusiyanın "R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayə yatırıb. "Qazprombank” Sumqayıt Kimya-Sənaye Parkının inkişafında iştirak edir. Sərmayənin həcmi təqribən 750 milyon dollardır.

Həmkarı İlham Əliyevlə beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi apardığını, Dağlıq Qarabağ probleminə də toxunduqlarını diqqətə çatdıran V.Putin vurğulayıb ki, Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək. O qeyd edib ki, səfər çərçivəsində əldə olunmuş razılaşmalar, imzalanan sənədlər Rusiya-Azərbaycan dostluğunun daha da möhkəmlənməsinə xidmət edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına kömək göstərəcək.

Prezident İlham Əliyev isə öz növbəsində bildirib ki, hər iki dövlət başçısı arasında müntəzəm əlaqələr çox möhkəm bazaya əsaslanan münasibətlərə dinamizm verir. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Dövlət başçısı deyib ki, bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və hazırkı səfər zamanı ikitərəfli münasibətlərin bir çox aspektləri, beynəlxalq problemlər ətraflı şəkildə müzakirə olunub: "Bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə, uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”.

Yekun olaraq qeyd etmək istərdik ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Hər iki dövlət rəhbərinin həyata keçirdiyi siyasi kurs nəticəsində bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Rusiyaya etdiyi son səfər zamanı imzalanan sənədlər, o cümlədən iqtisadi əməkdaşlığa dair yol xəritələri əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Rusiya və Azərbaycanın birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə etməklə, tranzit imkanlarımızı artacaq, minlərlə yeni iş yerinin yaradılması ilə nəticələnəcək. Bütün bunlar hər iki dövlətin iqtisadi tərəqqisinə xidmət etməklə yanaşı, münasibətlərimizin inkişafına daha bir təkan verəcək. İqtisadi maraqların təmin olunduğu yerdə isə siyasi maraqlar, "düyünlənmiş” problemlər də tədricən həllini tapar. Bu baxımdan ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Dağlıq Qarabağ münaqişənin nizamlanmasında səylərini davam etdirəcək, ədalətin yanında yer almaqla, regionda sülhün, əmin-amanlığın, əməkdaşlığın davamlı olmasına mühüm töhfə verəcək.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər