AZE | RUS | ENG |

Rusiya-Gürcüstan parlament dostluq qrupu fəaliyyətini bərpa edir?

Rusiya-Gürcüstan parlament dostluq qrupu fəaliyyətini bərpa edir?
Saakaşvili “hə”, “Gürcü arzusu” “yox” deyir

Gürcüstanın yeni seçilən parlamentinin ilk iclası noyabrın 19-dək keçiriləcək. Gürcüstan KİV-ləri xəbər verir ki, ölkə konstitusiyasına əsasən, yeni parlamentin ilk iclası seçkilər başa çatandan sonrakı 20 gün ərzində keçirilməlidir. Konstitusiyaya görə, ölkə prezidenti Georgi Marqvelaşvili yeni parlamentin ilk iclasının keçirilmə tarixini təyin etməlidir. 
Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilər oktyabrın 8-də, ikinci tur isə 30-da keçirilib. Əsas qanuna görə, parlamentin səlahiyyətlərinin icrasına başlamasından sonrakı 7 gün ərzində hökumət istefaya gedir, prezident yeni Nazirlər Kabinetinin üzvlərinin siyahısını bu müddətdə təsdiqlənmək üçün parlamentə təqdim edir. İlkin məlumata əsasən, seçkilərdə hakim "Gürcü arzusu” partiyası parlamentdəki 150 yerin 115-ni əldə edərək konstitusiyalı çoxluğa nail olub. Qalan yerləri isə "Vahid Milli Hərəkat” Partiyası və "Vətənpərvərlər Alyans”ı tutub. 
Yeni parlament işə başlamamış artıq indidən tənqidlərə tuş gəlib. Eks-prezident Mixail Saakaşvili bəyan edib ki, parlamentdə konstitusion çoxluğu əldə edən "Gürcü arzusu”nun Rusiya ilə yaxınlaşma xətti götürəcəyi barədə proqnozları artıq özünü doğrultmaqdadır. Düzdür, hələ ki, məlumatlar M. Saakaşvili tərəfindən səslənsə də, Rusiya tərəfinin də bu istiqamətdə addımlar atdığı barədə mətbuata məlumatlar ötürülür. Rusiya Dövlət Dumasının deputatı, MDB ölkələri ilə dostluq qrupunun rəhbəri Leonid Kalaşnikov bəyan edib ki, Gürcüstan parlamenti ilə dostluq qrupunun fəaliyyətini bərpa etməyə hazırdırlar. Deputat bu bəyanatı, təkrar seçkilərdə "Gürcü arzusu”nun qələbəsi bəlli olduqdan dərhal sonra səsləndirib. "Mixail Sakaşvilinin yenidən hakimiyyətə gəlmək barədə planları puç olduqdan sonra parlamentlərarası dostluq qrupunun bərpası məsələsi meydana gəlib”, - deyən siyasətçi eyni zamanda əlavə edib ki, "bu dialoq heç də avtomatik olaraq münasibətlərin bərpası anlamına gəlməməlidir”. "Hesab edirəm ki, ikitərəfli münasibətlərin bərpası məsələsi gündəmə gətirilməlidir. Belə ki, "Gürcü arzusu”nun qələbəsi ona bu istiqamətdə müəyyən addımlar atmağa imkan verir”, - deyə komitə sədri vurğulayıb. Dumanın üzvü vəd edib ki, rəhbərlik etdiyi MDB işləri üzrə komitə bu prosesin yenidən bərpasına yardımçı olacaq. 
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili də Rusiya deputatının bu sözlərindən çıxış edərək, hakimiyyəti Rusiya qarşısında kapitulyasiyaya hazırlaşmaqda günahlandırıb. 
Hakim partiya eks-prezidentin bəyanatını təkzib edib. "Gürcü arzusu”dan olan deputatlar bəyan ediblər ki, onlar rus həmkarları qarşısında belə bir şərt qoyublar ki, Moskva Abxaziya və Cənubi Osetiyanın tanınması barədə qərarını geri götürməlidir. M.Saakaşvilinin "Vahid Milli Hərəkat”dan olan tərəfdaşları dərhal hakimiyyəti ölkənin maraqlarına xəyanət etməkdə günahlandırıblar. "Biz bəyan etmişdik ki, rusiyalı oliqarx Bidzina İvanişvilinin məramı Gürcüstanı mütəmadi olaraq Rusiyanın təsir dairəsinə salmaqdır”, - deyə müxalifət partiyasından olan deputat Nuqzar Çiklauri vurğulayıb. Lakin "Gürcü arzusu”ndan olan deputatlar Leonid Kalaşnikovun fikirlərini təkzib ediblər. Onlar müxalifəti tələskənliyə yol verməkdə günahlandırıblar. Belə ki, parlamentə yeni seçilən deputat Georgi Qaçeçiladze sərt bir açıqlama ilə çıxış edib. "Hər hansı bir parlamentlərarası məsləhətləşmələr aparılmır və heç planlaşdırılmır da. Hansı dialoqdan söhbət gedə bilər ki, bir tərəfdən cənab Kalaşnikov belə bir bəyanatlar verir. Digər tərəfdə paralel olaraq Abxaziyada Rusiya-Abxaziya hərbi qruplaşması yaradılır. Sözsüz ki, bu, birbaşa Gürcüstana qarşı yönəlib”, - deyə deputat təəccüblə bildirib. Onun sözlərinə görə, Rusiya və Gürcüstanın üzləşdikləri və müzakirə apardıqları yeganə meydança – Cənubi Qafqazda təhlükəsizliklə bağlı beynəlxalq məsləhətləşmələrdir. Bu toplantı da, onun ifadə etdiyi kimi, ildə iki dəfə Cenevrədə keçirilir. Bunlar ATƏT, Avropa İttifaqı və BMT, eləcə də, Karasin-Abaşidze formatlarıdır. Rusiya xarici işlər nazirinin müavini Qriroqi Karasin və Gürcüstan baş nazirinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Zurab Abaşidze mütəmadi olaraq iqtisadi və humanitar sahədə məsələləri müzakirə etmək üçün görüşüb söhbət aparırlar. Georgi Kaçeçiladzeinin "Gürcü arzusu” fraksiyası üzrə həmkarı Zaxari Kuçnaşvili jurnalistlərə bəyan edib ki, Rusiya-Gürcüstan parlamentlərarası dostluq qrupunun bərpası yalnız o halda mümkündür ki, Rusiya qondarma Abxaziya və Cənubi Osetiya Respublikalarının müstəqilliyinin tanınması barədə qərarını ləğv etsin. "Bu, dialoq və münasibətlərin bərpası istiqamətindəki acı dağıntıları aradan qaldıra bilər”, - deyə hakim partiyadan olan deputat bəyan edib. 
Yeri gəlmişkən, Gürcüstan əhalisinin böyük bir qismi Rusiya ilə dialoqun tərəfdarıdır. Bunu "Kviris Palitra” qəzetinə müsahibəsində Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze söyləyib. Onun sözlərinə görə, rəsmi Tbilisi öz siyasətini bir neçə ekspertin əhval-ruhiyyəsi üzərində qura bilməz:  "Dörd il ərzində bu tip şəxslərdən heç bir maraqlı təklif eşitməmişik. Rusiya ilə diplomatik münasibətlərin bərpasına gəlincə isə bu, yalnız Abxaziya və Cənubi Osetiya problemlərində ciddi irəliləyiş olan zaman gündəmə gələ bilər”. Onu da qeyd edək ki, bu ilin əvvəlində neçə illik fasilədən sonra Gürcüstanla Rusiya arasında quru nəqliyyatı bərpa edilib. Gürcüstan avtomobilləri artıq Rusiya ərazisinə daxil ola bilirlər. Quru nəqliyyatının bərpası haqqında saziş yük və sərnişin daşımalarına şamil ediləcək. Rusiya tərəfi gürcü sürücülər üçün viza rejiminin sadələşdirilməsinə dair öhdəlik də götürüb. İlkin mərhələdə tərəflər qarşılıqlı olaraq 500 daşıma kvotası vermək barədə razılığa gəliblər. Bu daşımaları bir il ərzində gerçəkləşdirmək mümkün olacaq. 
Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında quru nəqliyyatı 2006-cı ildə dayandırılıb. 
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311