• şənbə, 27 Aprel, 05:40
  • Baku Bakı 14°C

Rusiya Əsəddən üz döndərir?

14.04.17 09:00 720
Rusiya Əsəddən üz döndərir?
Suriya və onun ətrafında baş verənlər, bu ölkənin, daha dəqiq desək, onun prezidenti Bəşər Əsədin taleyi dünyanın diqqət mərkəzində duran prioritet məsələlər sırasındadır. Prezident Donald Trampın Suriya məsələsində Rusiyaya güzəştə gedəcəyi barədə ehtimallar nəinki özünü doğrultdu, əksinə, Vaşinqton Əsəd qüvvələrini raket atəşinə tutmaqdan belə çəkinmir. Proseslərin necə inkişaf edəcəyi və ABŞ-Rusiya münasibətlərinin gələcəyi hazırda ən çox müzakirə olunan məsələlərdəndir. ABŞ qəti şəkildə bildirir ki, Əsəd rejiminin ləğvi onun üçün başlıca məsələlər sırasındadır. Bəziləri hesab edirlər ki, yaranmış durum Rusiya və ABŞ arasındakı "soyuq müharibə”ni isti fazaya keçirə bilər. Onların qənaətincə, bu gün istər İraqda, istərsə də Suriyada gedən proseslərdə Qərbin və Rusiyanın özəl maraqları var və böyük güclər arasında nə qədər ki, gözəgörünməyən bölgü həll olunmayıb, heç bir dövlət Yaxın Şərqdəki marağından əl çəkməyəcək. Ona görə də Suriya məsələsi yaxın vaxtlarda həll olunan deyil. Hətta Rusiya və ABŞ arasında soyuq müharibə isti fazaya keçə, Suriya Əfqanıstana çevrilə bilər.
Yeri gəlmişkən, ABŞ dövlət katibi Reks Tillersonun Moskvaya son səfərindən sonra Kreml mövqeyini bir qədər yumşaldıb. Belə ki, bağlı qapılar arxasında gedən beş saatlıq danışıqlardan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, "Rusiya Suriyada nə prezidentBəşər Əsədə, nə də başqa birinə üstünlük verir”. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnaməsində göstərildiyi kimi,bütün suriyalılar eyni masa arxasında oturmalı və danışmalıdırlar. "Bu suriyalılararası inklüzivdialoq olmalıdır”,- deyə, rusiyalı nazir bildirib.O əlavə edib ki, "Suriya üçün ABŞ-la əməkdaşlığı davam etdirəcəyik. ABŞ-la koordinasiyanı yenidən başlatmağa hazırıq. Tillersonla görüşümüz konstruktiv və səmimi keçdi. Rusiya və ABŞ Suriya böhranının həllində ortaq fikrə sahibdir”. BBC isə xəbər verir ki, Tillerson və Lavrov Suriya məsələsini fərqli dəyərləndirsələr də, sərt danışmayıblar. ABŞ dövlət katibi növbəti dəfə Suriya prezidentinin istefa verməyinin lazım olduğunu bəyan edib. Tillerson müzakirələr zamanı İdlib vilayətindəki kimyəvi hücumların arxasında Bəşər Əsəd hakimiyyətinin olduğunu birmənalı şəkildə bəyan edib. Lavrov isə Rusiyanın dəlil təqdim edilməsini istədiyini söyləyib.
ABŞ prezidentinin mövqeyinə gəldikdə, Tramp bildirib ki, onlar Əsədin mütləq şəkildə hakimiyyətdən getməsini tələb etməyəcəklər. Amma əlavə edib ki, dinc Suriyanı Əsədin hakimiyyətdə olması ilə yanaşı təsəvvür etmək mümkün deyil: "Düşünürəm ki, bunu təsəvvür etmək çətindir. Lakin mən "qeyri-mümkündür” sözünü istifadə etməzdim”. Tramp onu da bildirib ki, Rusiya güclü ölkədir. "Putin Rusiyanın lideridir. Rusiya güclü ölkədir, amma biz daha güclü dövlətik. Əgər biz Putinlə ümumi dil tapa bilsəydik, bu, çox gözəl olardı”, – deyə o bildirib.
Yeri gəlmişkən, Suriya məsələsində daim Rusiyanın yanında duran Çin mövqeyini dəyişib. Belə ki, BMT Təhlükəsizlik Şurasında Suriya qətnaməsi üzrə səsvermədə Çin bitərəf qalıb. Ağ ev isə dərhal bunu Trampın "böyük” diplomatik qələbəsi adlandırıb. İndi Suriyanı yalnız bir qrup ölkələr, Rusiya istisna olmaqla, zəif dövlətlər dəstəkləyir. Çinlə yanaşı, Efiopiya və Qazaxıstan da səsvermədə bitərəf qalıb. TŞ-nin on üzvü sənədi dəstəkləyib. Qətnamə layihəsinin müəllifləri - Böyük Britaniya, ABŞ və Fransa - Suriya prezidenti Bəşər Əsəd rejimini kimyəvi hücuma görə ittiham edir. BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın daimi nümayəndəsinin müavini Safronkov ilə Britaniyanın daimi nümayəndəsi Raykroft arasında qalmaqal yaşanıb. Raykoft çıxışı zamanı Bəşər Əsədin İdlibdə həyata keçirdiyi kimyəvi hücuma görə Rusiyanı sərt ittiham edib. "Rusiya bu qətliama görə birbaşa günahkardır. Moskva "ölüm saçan maşın”ı - Bəşər Əsədi müdafiə edir”, - deyə Rayskroft bildirib.
Rusiya nümayəndəsi Safronkov isə İngiltərə və digər Qərb ölkələrinin Suriyada rejimi dəyişdirmək istədiklərini deyib. Rus diplomat çıxışı zamanı ingilis həmkarına xitabən "Mən danışarkən mənə bax, başqa tərəfə yox” deyib. "Rusiyanı aşağılamağınızı qəbul edə bilmərəm, nə də buna icazə vermərəm. İdlibdəki kimyəvi silah məsələsi təxribatdır” deyib. Qeyd edək ki, rus diplomatın çıxışına ingilis həmkarından da sərt cavab gəlib. Öz növbəsində ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli deyib ki, Tramp administrasiyası Bəşər Əsədin öz xalqına qarşı terrorla mübarizə aparmasına göz yummayacaq. "Biz rejimin hərəkətlərini diqqətlə izləyirik”, - deyə N.Heyli bildirib. O, B.Əsədin hərəkətlərini dəstəkləyənləri tənqid edib.
Azər
banner

Oxşar Xəbərlər