• cümə axşamı, 25 aprel, 19:29
  • Baku Bakı 21°C

Rusiya Ermənistanın müstəqilliyini ayaqlar altına atır

28.03.18 19:35 858
Rusiya Ermənistanın müstəqilliyini ayaqlar altına atır
Rusiyaya qarşı forpost Ermənistan mediası tərəfindən başladılan təhqir və tənqid dolu kampaniya səngimək bilmir. Erməni mediası, konkret olaraq 1in.am yazır ki, Rusiya Ermənistanın müstəqilliyini ayaqlar altına atır. Cənubi Hərbi dairəsinin qərargahı belə bir məlumat yayıb ki, Rusiya Federasiyası Silahlı Qüvvələri Ermənistanda hərbi polis birləşmələri təsis edəcək. Odlu silahla silahlanacaq bu birləşmələr Yerevan və Gümrüdə yerləşdiriləcək. Sayt yazır ki, Ermənistanda Rusiya hərbi polisinin dislokasiyası qanunaziddir və hər hansı bir dövlətlərarası sazişlərlə razılaşdırılmayıb. Xəbərdə qeyd edilir ki, Moskva ilə Yerevan arasında Ermənistan ərazisində hərbi baza ilə bağlı müvafiq saziş 1997-ci ildə imzalanıb və 2002-ci ildə qüvvəyə minib. Burada baza ilə bağlı qarşılıqlı hüquqi yardım göstərilməsi əks olunub. Sazişin birinci bəndində hüquq-mühafizə orqanlarından bəhs edilir və adıçəkilən sazişdə bir yerdə də olsun Rusiya hərbi polisinin Ermənistandakı bazalar və yaxud onlardan kənarda fəaliyyət göstərəcəyi əks olunmur. Sazişdə hərbi məhkəmələr, hərbi prokurorluq, Rusiya Federasiyası federal təhlükəsizlik şurası əks olunub. "Yəni, bir yerdə də hərbi polisdən söhbət açılmır. Rusiya Silahlı Qüvvələrinin hərbi polisinin Ermənistanda fəaliyyət göstərməsinin heç bir hüquqi əsası yoxdur. Bu ölkənin əsgərləri tərəfindən patrul xidmətinin aparılması heç bir sənəddə əksini tapmayıb”, - deyə müəllif narahatçılığını ifadə edib. Məlumatda daha sonra qeyd edilir ki, hərbi polis birləşmələri silahla, hərbi texnika və xüsusi vasitələrlə təchiz olunacaqlar. Halbuki 1997-ci il razılaşmasına görə, Ermənistandakı Rusiya hərbi birləşmələrində xidmət edən hərbçilərin silah tətbiqi qəti şəkildə qadağan edilib. 1997-ci il razılaşmasının ikinci bəndinə görə, ölkə ərazisindəki hərbi bazalardan kənara silah verilməsi yalnız əlahiddə hallarda verilə bilər. Özü də silah saxlanılması, gəzdirilməsi, tətbiqi yalnız özünümüdafiə hallarında (hərbi bazanın mülkiyyətinə hücum, qorunması, hərbçiləri ailə üzvlərinin qorunması zamanı) mümkündür. Məqalədə daha sonra 2015-i il yanvarında yaşanan hadisə xatırladılır. O zaman Gümrüdəki hərbi bazadakı hərbçi Valeri Permyakov Avetisyanlar ailəsini qətlə yetirmişdi. O zaman Rusiya hərbçiləri qanunları pozaraq qaçan hərbçinin axtarışlarına silah tətbiq etməklə qoşulmuşdular. Hərbçini ələ keçirərək Permyakovu Ermənistan polisinə təhvil verməmişdilər. 2015-ci il hadisələrindən sonra heç kim Ermənistan və Rusiya arasında imzalanan razılaşmaların pozulmasına görə məsuliyyətə alınmadı. Ən əsası, Permyakovun əlində silah bazadan qaçmasından yeddi saat sonra Ermənistan tərəfinə bu barədə məlumat verilmişdi.
Başqa bir məqalədə müəllif Sarqis Arçruni yazır ki, "Ermənistan ərazisində Rusiya hərbi polis idarəsinin təsis edilməsi bir sıra aspektlərdən maraqlıdır. İlk növbədə məsələnin hüquqi aspektinə nəzər salaq: "Görəsən, bu məsələ Moskvanın birtərəfli təşəbbüsüdür, yoxsa erməni tərəfinə hər hansı bir məlumat verilib?” Müəllif yazır ki, problem siyasi mənada diqqəti çəkir. Rusiya mahiyyət etibarilə özünün Ermənistanda hərbi iştirakını artırır. Özü də Rusiya hərbi bazasında hərbi polis birləşməsinin yerləşdirilməsi mahiyyət etibarilə onun funksiyalarına, mandatına uyğun gəlmir. Müəllif yazır ki, "Gümrü hərbi bazasının sabitsizlik yerinə çevrilməsini söyləmək üçün əlimizdə əsas olub. Bu sabitsizlik həm də şəhərdə kriminogen vəziyyətin nəzarətdən çıxmasına səbəb olur. Əgər hərbi polis birləşmələri bölgədə yaşanan özbaşınalığın aradan qaldırılması məqsədilə yaradılırsa, onda Rusiya tərəfi etiraf edir ki, vəziyyətə əlavə nəzarətə ehtiyac duyur. Bu artıq onu deməyə əsas verir ki, hərbi baza Ermənistanın təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Digər tərəfdən hətta Rusiya mediası yazır ki, Rusiya ordusunda nizamnamədən kənar münasibətlər qeyri-effektiv idarəçiliyin, institusional korrupsiyanın nəticəsidir. Kim təminat verə bilər ki, bu kimi hallar aradan qaldırılmamış hərbi polis birləşmələri yeni gərginlik ocağına çevrilməyəcəklər? Qeyd etdiyimiz kimi, hərbi polis birləşmələri hərbi bazanın missiyasına heç bir aidiyyatı yoxdur. Yəni Ermənistanın təhlükəsizliyinin təmin etmək üçün nəzərdə tutulmayıb. Onlar sadəcə ölkədaxili siyasi proseslərə müdaxilə üçün nəzərdə tutulublar. Moskva dəfələrlə həm rəsmi, həm də ekspertlər səviyyəsində bəyan edib ki, postsovet məkanında "rəngli inqliablar”ın qarşısını almağı özünün borcu hesab edir. Aydın olan odur ki, bu cür təbliğat məsələləri fonunda qonşu ölkələrin daxili işlərinə qarışmaq üçün əsas yaradılır. Problem digər bir vacib komponenti də özündə əks etdirir. Qərb-Rusiya qarşıdurması fonunda Rusiya müxtəlif formal və qeyri-formal bəhanələrlə Ermənistanda özünün hərbi iştirakını gücləndirir və bu ölkəni özünün poliqonuna çevirir”, - deyə məqalədə vurğulanır. Müəllif sonda yazır ki, hakimiyyət orqanları Ermənistan-Rusiya münasibətlərində maksimal dərəcədə ölkənin subyektini təmin etməlidir. Yəni, xarici aləmdə Rusiya hərbi bazasının Ermənistanın müstəmləkə dövləti olduğunun simvolu kimi qalmasına qəbul edilməsinə yol verməməlidir.
Yeri gəlmişkən, erməni ekspertləri qeyd edirlər ki, Rusiya hərbi bazası Ermənistanda rus müstəmləkəçiliyinin iki əsas komponentindən biridir. Digəri isə Rusiyayönlü rəhbərlikdəki agent elitadır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər