• cümə, 29 Mart, 14:33
  • Baku Bakı 14°C

Rusiya Ermənistanın həyasızlığına laqeyd qalmayacaq

14.06.16 10:33 1077
Rusiya Ermənistanın həyasızlığına laqeyd qalmayacaq
Bu il mayın 28-də İrəvanda SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş Qaregin Njdenin abidəsinin açılışı Rusiya tərəfindən narazılıqla qarşılanıb. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib ki, Qaregin Njdenin abidəsinin İrəvanda qoyulması onlar üçün anlaşılan deyil: "Böyük Vətən Müharibəsinə münasibətimiz bəllidir. Faşizm və nasizmin qəhrəmanlaşdırılmasına da münasibətimiz məlumdur. Ona görə də bizim üçün anlaşılan deyil ki, nəyə görə İrəvanda bu abidə qoyulub. 2014-cü ildə BMT Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamə qəbul edib. Bu zaman Ermənistan qətnamənin lehinə səs verib. Hesab edirik ki, Ermənistanın rəsmi mövqeyi məhz budur”.
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə bu açıqlamaya münasibət bildirərkən abidənin qoyulmasını düzgün addım adlandırıb və Qareginin erməni xalqının milli qəhrəmanı olduğunu qeyd edib: "Aleksandr Nevski, Alekandr Suvarov, marşal Kutuzov, Baqration qardaş rus xalqının milli qəhrəmanı olduğu kimi, Njde də erməni xalqının milli qəhrəmanıdır”.
Hakim Respublikaçılar Partiyasından olan deputat Marqarita Yesayan isə Zaxarovanın açıqlamasına cavabında deyib ki, ermənilərin qəhrəmanları, tarixi var və kimin abidəsini harada və nə zaman qoymaq Ermənistan Respublikasının öz işidir: "İstənilən məmur tərəfindən verilən istənilən açıqlama qəbuledilməzdir. Qoy özlərinə, öz abidə və tarixlərinə baxsınlar. Öz tariximizin sahibi yalnız biz özümüzük”.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qareginin Ermənistanın milli qəhrəmanı olması barədə parlament vitse-spikerinə cavabında bildirib ki, SS generalı Qaregin və "Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın, ASALA terrorçusu Monte Melkonyanın "milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir: "Qaregin və Drastamat Kanayan 1918-20-ci illərdə tarixi Azərbaycan torpağı olan Zəngəzurda mülki əhaliyə qarşı törətdikləri qırğınları alman faşist ordusunun tərkibində xüsusi amansızlıqla II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə və digər millətlərə qarşı davam etdiriblər. Faşistlərin irqi ayrı-seçkilik, "Ari” irqi və antisemitizm ideologiyasına sahib çıxaraq, Qareginin formalaşdırdığı irqçi təmayüllü şovinist erməni milli məfkurəsi bu gün Ermənistanın hakim Respublika Partiyasının, Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir. Dəhşət doğuran hal odur ki, "Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir. Qareginə böyük abidə qoyulması II Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlara hörmətsizliyin ifrat nümunəsidir. Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu əməllərinə düzgün qiymət verilməlidir. Ermənistanın bu cür davranışları Rusiyanı qıcıqlandırmaq üçün atılan addımlar kimi qiymətləndirilir. Bəs onsuz da gərginliyin hökm sürdüyü bir vaxtda Rusiyanı daha da qıcıqlandırmaq Ermənistana nə üçün lazımdır?
Bu haqda fikirlərini "Kaspi” ilə bölüşən millət vəkili Aydın Mirzəzadə dedi ki, ermənilər artıq reallıq hissini tamamilə itiriblər: "Onların Rusiyanın vassalı olduğu hamıya məlumdur. Bir dövlət kimi mövcud olmalarına görə Rusiyaya borcludurlar. İqtisadiyyatları sırf şimal qonşumuzun dəstəyi nəticəsində yaşayır. Ancaq Ermənistan zaman-zaman özündə ona dəstək verən Rusiyaya qarşı üsyan etmək cəsarəti tapır. İşğalçı ölkədə dəfələrlə Rusiya bayrağı yandırılıb. İkinci Dünya müharibəsində ermənilərdən ibarət faşist legionuna rəhbərlik etmiş Qareginə heykəl qoyulması Ermənistanın Rusiyaya qarşı üsyanının başlaması deməkdir. Şimal qonşumuz faşizmlə bağlı məsələlərə çox həssaslıqla yanaşır. Hüquqi varisi olduğu SSRİ bu müharibədə 20 milyon nəfər insan itirib. Faşist Almaniyasının hücumu nəticəsində SSRİ öz inkişafında bir əsr geriyə düşdü. İndi isə Rusiyanın belə bir iradına ermənilər çox həyasız və aqressiv şəkildə cavab verdilər. Hətta Rusiyaya necə yaşamaq barədə dərs keçmək istəyirlər”.
Millət vəkilinin fikrincə, bütün bunlar təsirsiz ötüşməyəcək və ermənilər bu cür hərəkətlərinə görə Rusiya qarşısında cavab verməli olacaqlar: "Digər tərəfdən, ermənilərin bu hərəkəti Rusiya hakimiyyətinin artıq gözünü açıb Ermənistana real baxmasına şərait yaradacaq. Belə bir təəssürat yaradırdılar ki, guya Ermənistan Rusiyaya bağlı sivil dəyərlərlə yaşayan, eyni zamanda, Azərbaycan tərəfindən təzyiqlərə məruz qalan bir ölkədir. Amma son hadisələr bir daha göstərdi ki, bütün deyilənlər uydurma, saxta imiş. Əslində, müasir faşizm indiki Ermənistanda yaşayır. Düşünürəm ki, iki ölkə arasındakı münasibətlər daha da gərginləşəcək. İnanmıram ki, Rusiya Ermənistanın bu həyasızlığına sakit yanaşsın”.
Politoloq Mübariz Əhmədoğlu hesab edir ki, ermənilər hər zaman fürsət düşdükcə Rusiyaya qarşı çıxıblar: "Bir var normal adamlar, bir də var ermənilər. Onlar hamıdan fərqlənirlər, mahiyyətlərində antirusiyalıq var və həmişə Rusiyanın əleyhinə olublar. Onlar yalnız 1915-ci ildə Türkiyəyə qarşı çıxanda Rusiya ilə bir olublar. Təəssüf ki, erməni mövzusunda ruslar da özlərini qəribə aparırlar. Sanki ermənilər bunların ata, anasıdır. Onların sırf sonuncu davranışlarına gəlincə, ermənilər görürlər ki, Rusiya ilə ABŞ arasında mübarizə gedir. Ona görə də belə hərəkət edirlər ki, bir müddətdən sonra Amerikadan pul ala bilsinlər. Bunun üçün antirusiya aləti kimi yararlı olduqlarını sübut etməlidirlər. Azərbaycanın da apardığı siyasət var. Bunun nəticəsində Rusiya Qarabağ siyasətinin mahiyyətini əla bilir, ölkəmizin mövqeyini nəzərə alır. Bu da, ermənilərin acığına gəlir”.
M.Əhmədoğlu düşünür ki, Qaregin Hitlerin yanına da antirusiya planı ilə getmişdi: "Bəzən deyirlər ki, o, türklərə qarşı plan qurmuşdu. Bəyəm o, Hitlerin yanına gedəndə bilmirdi ki, Türkiyə onlarla müttəfiqdir? Türklərlə almanlar tərəfdaş idilər. Ermənilər bilərəkdən bu cür düz-qoş edirlər. Guya o, erməniləri türklərdən xilas etmək istəyirdi. Amma belə deyil. Qısası, hazırda ermənilərə antirusiya mövqeyində olduqlarını nümayiş etdirmək lazımdır ki, Qərbdən pul qopara bilsinlər. Ona görə də Rusiyanı qıcıqlandırmaqla məşğuldurlar”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər