• cümə, 29 Mart, 11:30
  • Baku Bakı 5°C

“Rusiya Ermənistanı itirmək istəmir”

05.12.13 09:41 1914
“Rusiya Ermənistanı itirmək istəmir”
Noyabrın 28-29-da Vilnüsdə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” ölkələrinin III zirvə toplantısı keçirildi. Yekun olaraq iki ölkə assosiativ üzvlük haqqında sazişə qoşuldu. Rəsmi Bakı da sammit çərçivəsində Avropa Birliyi ölkələri ilə viza rejiminin sadələşdirilməsinə dair sənədə imza atdı. Amma Ukraynanın assosiativ üzvlüyü qəbul etməməsi Kiyevdə kütləvi etirazlarla qarşılandı. Bu hadisədən sonra Rusiya prezidenti Ermənistana səfər edərək bir sıra bəyanatlar səsləndirdi, Kremlin Qafqazdakı maraqlarını qoruyub saxlayacağını bəyan etdi. Bütövlükdə Vilnüs sammitinin yekunları, Ukrayna və Ermənistandakı etiraz aksiyaları, viza rejiminin sadələşdirilməsinə dair sazişin əhəmiyyəti, Rusiyanın qonşu ölkələrə təzyiqi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Fərhad Mehdiyev cavablandırır.
- Vilnüs sammiti gözləntiləri doğrultdumu?

- Əvvəlcədən nəzərdə tutulduğu kimi, “Şərq tərəfdaşlığı” ölkələrinin III zirvə toplantısında Gürcüstan və Moldova ölkələri ilə assosiativ üzvlüyə dair saziş imzalandı. Ermənistan və Belarusun ümumiyyətlə bu prosesə qoşulmayacağı əvvəlcədən bəlli idi. Çünki hər iki dövlət istiqamətini hələ bir qədər bundan əvvəl Rusiyaya, Gömrük İttifaqına doğru dəyişmişdi. Bununla da onlar zəncirvari bir prosesin itirilmiş həlqələri sayılırdılar. Azərbaycan isə Avropa Birliyi ilə yalnız viza rejiminin sadələşdirilməsinə dair müqavilə imzaladı. Nəhayət Ukraynaya gəldikdə, Viktor Yanukoviç hökuməti son anda bu sazişə qoşulmaqdan imtina etdi. Bu da paytaxt Kiyevdə müxalifətin, deputatların, həm də geniş ictimaiyyətin narazılığına səbəb olub. İnsanlar kütləvi şəkildə meydana toplaşaraq hökumətin bu qərarına etirazlarını bildirir, hökumətin istefasını tələb edirlər. Hökumət əleyhdarlarının qənaətinə görə, Ukrayna Avrointeqrasiya yoluna üstünlük verməlidir. Düşünürəm ki, bu məsələdə Ukrayna hökuməti geriyə doğru addım atacaq. Artıq Ukrayna prezidentinin Avropa Komissiyasının rəhbəri Joze Manuel Barroza ilə telefon danışığı aparması, assosiativ üzvlük haqqında sazişin bəzi detallarının hər iki tərəfdən olan nümayəndə heyətinin müzakirə etmək haqqında razılığa gəlməsi söylədiyim fikrin təsdiqi üçün yaxşı sübutdur. Bundan sonra baş verənlər Ukrayna daxilindəki proseslərin gedişindən asılıdır. Orada Avrointeqrasiya dəstəkçiləri, ictimai rəyi çox güclüdür. Gec-tez hökumət bu gücə boyun əyməlidir. Bütün bu prosesləri təsəvvür etdikdən sonra belə bir sual yaranır: Bu sammit “Şərq tərəfdaşlığı” ölkələrini razı saldımı? Məncə, sammitdən razı qalmaq üçün əsas var. Bu da Gürcüstan və Moldova timsalında iki ölkənin sazişə qoşulmasıdır. Hər halda irəliləyiş əldə olunub. Onsuz da Azərbaycanın sazişə imza atmayacağı gözlənilirdi. Çünki ölkəmiz ümumdünya ticarət təşkilatına üzv deyil. Bu, bizim qarşımızda bir əngəldir.
- Ukraynada olduğu kimi Ermənistanda da etiraz aksiyaları keçirilir, vətəndaşlar hökumətin, prezidentin istefasını tələb edirlər. Bu hadisələrin inkişafı regionda vəziyyəti dəyişdirə bilərmi?

- Ermənistandakı etiraz aksiyalarının səviyyəsi və dərəcəsi Ukraynada olduğu kimi deyil. Düzdür, orada da Avropaya inteqrasiya tərəfdarları var. Lakin bunlar heç bir halda İrəvan hökumətinin siyasətinə təsir göstərməyəcək. Digər tərəfdən, Ermənistan Rusiyadan həddindən artıq asılı haldadır, nəinki Ukrayna. “Qazprom”un Ukraynaya satdığı qazın qiymətinin aşağı salınacağı bəlli deyil. Amma Rusiyanın Ermənistana satdığı qazın min kubu 270-dən 189 dollara endirildi. Bu, Rusiya tərəfindən Ermənistana qarşı atılan ciddi addımdır. İrəvan hökumətinin Moskvanın təsirindən qaçmaq, başqa çıxış yolu axtarmaq üçün heç bir imkanı yoxdur.
- Avropa Birliyi ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair sazişin imzalanmasının xüsusi əhəmiyyəti varmı?

- Həmin sazişi xüsusi əhəmiyyətli hadisə saymıram. Bu, Avropaya inteqrasiya etməyi qarşısına məqsəd qoyan bir ölkənin sadəcə növbəti bir addımı, irəliləyişidir. Eyni sazişi Avropa Birliyi Ermənistan, Moldova, Gürcüstan, Ukrayna, Belarusla da imzalayıb. Saziş Avropa ölkələrinə getmək baxımından şərtləri bir qədər yumşaldır. Sıradan bir vətəndaş üçün sazişin əhəmiyyəti budur ki, o, Avropa ölkələrinə getmək üçün əvvəllər 60 avro rüsum ödəyirdisə, indi bu məbləğ 35 avro olacaq. Adi vətəndaşa bu, əlavə üstünlük gətirmir. Lakin bəzi kateqoriyadan olan insanlara münasibətdə vəziyyət fərqli olacaq. Onlar viza üçün əlavə pul ödəməyəcəklər. Həmin adamlar pensiya yaşında olanlar, 12 yaşınadək uşaqlar, xidməti pasporta sahib vətəndaşlar, əlillər, tələbələr, dövlət qulluqçuları, tədqiqatçılar, QHT nümayəndəsi olan və bu fəaliyyətlə bağlı Avropaya gedən şəxslər və sairdir. İkinci kateqoriya adamlar bir illik viza almaq hüququna malik olacaqlar. Xidməti pasport sahiblərinin isə 5 ilə qədər etibarlı pulsuz viza almaq hüquqları olacaq. Bu müddət ərzində onlar Avropa ölkələrinə dəfələrlə gedib-gələ biləcəklər. Diplomatik pasportu olanlardan ümumiyyətlə viza tələb olunmur.
- Bəzi ekspertlər Azərbaycan tərəfinin nə Assosiativ üzvlük sazişinə, nə də Gömrük İttifaqı təşkilatına qoşulmayaraq, yalnız viza rejiminin sadələşdirilməsi haqqında sənədə imza atmasını siyasi gediş kimi dəyərləndirirlər. Sizin bu barədə fikirləriniz necədir?

- Bu müqavilənin imzalanmasını nə Avropa Birliyinə ciddi yaxınlaşma kimi qiymətləndirmək olar, nə də Rusiyaya yaxınlaşma kimi. Mənim fikrimcə, sözügedən müqavilə özündə hər hansı ciddi hadisəni göstərmir. Avropa Birliyi bu sazişi bir çox ölkələrlə imzalayıb. Onların bəzisi heç “Şərq tərəfdaşlığı”nın üzvü də deyillər.
- Rusiya prezidenti Vladimir Putin Ermənistana rəsmi səfəri çərçivəsində Gümrüdəki rus hərbi bazasına baş çəkib, regionlararası Foruma qoşulub. O, Forumda çıxışı zamanı Rusiyanın Qafqazdan getmək fikrində olmadığını, əksinə regiondakı mövqeyini daha da gücləndirmək istədiyini bəyan edib. Bu bəyanat region ölkələrə mesaj sayıla bilərmi?

- Putinin bu bəyanatı onun Gümrüdəki bazaya getməsini tamamlayan hadisədir. Hətta bu cür fikir səsləndirməsəydi belə, biz əminliklə deyə biləcəkdik ki, Rusiyanın Cənubi Qafqazdan getmək niyyəti yoxdur. Yəqin ki, yaxın keçmişdə Gürcüstanda yaşananlar hər kəsin yadındadır. Eduard Şevarnadzenin dövründə Gürcüstanda hakimiyyət dəyişikliyi oldu. “Qızıl gül” inqilabı nəticəsində Mixeil Saakaşvili hakimiyyətə gəldi. Qərbə, NATO-ya inteqrasiya yolunu tutan rəsmi Tiflis beynəlxalq aləmdən ciddi dəstək alırdı. Bundan istifadə edən Saakaşvili 2008-ci il avqustun 8-də hərbi qüvvələrini Şimali Osetiya və Abxaziyaya yeritdi. Məqsəd Gürcüstan ərazisi sayılan həmin bölgədə nəzarəti tam ələ almaq, mərkəzdən qaçma meylinə son qoymaq idi. Rusiya dərhal buna reaksiya verdi, rus qoşunları bölgəyə yeridildi. Rəsmi Moskva Şimali Osetiya və Abxaziya üzərində nəzarəti bərpa etməklə yanaşı, həmin bölgələri “müstəqil” ölkə kimi də qələmə verdi, onları tanıdı. Lakin bu da Gürcüstanı öz yolundan döndərə bilmədi. Regionda Kremlin yeganə istinad etdiyi ölkə Ermənistandır. Nəyin bahasına olursa-olsun Rusiya Ermənistanı itirmək istəmir. Putinin səfərində prezidentlərin iştirakı ilə imzalanan yeni müqavilələr bu fikri bir daha təsdiq edir. Həmin müqavilələr sayəsində Rusiya Ermənistan iqtisadiyyatına qoyduğu sərmayələrin həcmini bir az da artıracaq. Azərbaycana gəldikdə, Rusiyanın ölkəmizə təzyiq etmək, onu ələ keçirmək imkanları zəifdir. Belə vasitələr Kremlin əlində azdır. Azərbaycanın iqtisadi vəziyyəti nə Ukraynaya, nə də Ermənistana bənzəmir. Bizim Rusiyadan iqtisadi asılılığımız yoxdur. Enerji resurslarımız bu ölkə üzərindən daşınmır. Bəziləri azərbaycanlı miqrantlarla bağlı məsələləri şişirdir, bunu ciddi təsir vasitəsi kimi göstərməyə çalışırlar. Amma bir qədər araşdırma aparanda görürük ki, Rusiyada yaşayan 2 milyon azərbaycanlının yarısı həmin ölkənin vətəndaşlarıdırlar. Üstəlik, getdikcə orada vətəndaşlıq alanların sayı artır. Belə vəziyyətdə şimal qonşumuz onları ölkə ərazisindən çıxarda, qova bilməz. Bundan başqa, yerdə qalan bir neçə yüz azərbaycanlı öz ölkəsinə qayıtsa, onlar burada işlə təmin oluna biləcəklər. Azərbaycanın daxili sosial-iqtisadi vəziyyəti o qədər də aşağı səviyyədə deyil ki, bu amil bizdə ciddi problem yaratsın. Buna görə də Rusiyanın regiona təzyiq siyasətinin heç bir nəticəsi olmayacaq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər