• cümə axşamı, 28 mart, 22:20
  • Baku Bakı 13°C

Rusiya Ermənistanı hədələdi

12.07.13 08:02 1939
Rusiya Ermənistanı hədələdi
Son günlər Rusiya ilə Ermənistan arasında münasibətlərdə bir soyuqluq açıq şəkildə özünü büruzə verməkdədir. Narazılıq xüsusən də Rusiyanın Azərbaycana silah satması məsələsi ortaya çıxandan sonra daha qabarıq formada hiss olunur. Kremlin siyasi dairələrində antiermənistan bəyanatları mütəmadi hal almağa başlayıb. Ermənistan və bir sıra ermənipərəst Qərb ekspertləri bildirirlər ki, düzdür, Rusiya Azərbaycana silah satışı ilə pul qazanır. Ancaq bu addımdan Ermənistana təzyiq əlamətləri də hiss olunur. Ermənistanın siyasi dairələrində də buna etiraz əlaməti olaraq Rusiyanın layihəsi olan Avrasiya İttifaqı və Gömrük Birliyinə üzv olmağın yolverilməz olduğu barədə fikirlər səsləndirilməyə başlayıb. Xüsusən də Ermənistan prezidenti Serj Sarkisyanın Varşavada etdiyi çıxış Rusiyada ciddi rezonans doğurub. Belə ki, Serj Sarkisyan bildirib ki, Ermənistan daha çox Avropa ənənələrini özünə yaxın bilir. “Erməni xalqı Avropa dəyərlərinə əsaslanan cəmiyyət qurmaq istəyir. Biz “Şərq tərəfdaşlığı” çərçivəsində daha böyük tərəqqiyə nail olan ölkələrdən biriyik. Ölkəsinin Qərblə inteqrasiyaya üstünlük verdiyini də dilə gətirməsi Rusiyanın siyasi dairələrində narazılıqla qarşılanıb. Cənubi qafqazda forpostu elan etdiyi bir ölkənin rəhbərinin belə bir bəyanatı sözsüz ki, Rusiyada cavabsız qalmaycaqdı. Bu narazılığı növbəti dəfə Rusiyanın Ermənistanda keçmiş səfiri Vyaçeslav Kovalenko səsləndirib. O, daha çox erməni siyasətçilərini tənqid hədəfinə tutsa da, onun tənqidlərinin prezidentə ünvanladığı aydın hiss olunur. “Avrasiya İttifaqına inteqrasiyanın əleyhdarları inteqrasiya birliklərində iştirakın dövlət suverenliyinə zidd olduğunu irəli sürürlər. Necə olur ki, Avropa Birliyində təmsil olunan dövlətlər arasında bu cür fikirlər yayılmır”.
Onun sözlərinə görə, erməni siyasi dairələrində belə bir fikir formalaşıb ki, Rusiya SSRİ-nin bərpasına çalışır. Diplomat daha sonra erməni siyasətçilərinin Avrasiya İttifaqı ilə bağlı tez-tez səsləndirdikləri «İnteqrasiya planlarının minusları», «Gömrük İttifaqı-iqtisadi nonsensdir», Avrasiya İttifaqı - geosiyasi volyuntarizmin büruzə olunmasıdır» kimi fikirlərini tənqid edib. Ekspertlər Rusiyanın bu ölkədəki keçmiş səfirinin sözlərini Ermənistan üçün bir hədə kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, keçmiş səfirin sözləri rəsmi Moskvanın demək istədiyi fikirlərdir. Yəni Ermənistanın Avrasiya İttifaqına qarşı çıxması yalnız və yalnız ona ziyan gətirəcək. Maraqlıdır ki, Kovalenko bundan əvvəl də Ermənistana qarşı ciddi ittihamlarla çıxış edib. Bir müddət əvvəl sabiq səfir Ermənistanda rus dilinə qarşı aparılan kampaniyadan bəhs etmişdi. O bildirmişdi ki, belə getsə, Ermənistanda rus dili tamam sıradan çıxacaq. “Erməni siyasətçiləri rus dilini “Rusiyanın imperiya siyasəti” ilə əlaqələndirirlər. Rus dilində məktəblər demək olar ki, yox dərəcəsindədir”. Səfir qeyd edib ki, Ermənistanda rus dilinə qarşı əsl ideoloji mübarizə gedir. Onun sözlərinə görə, erməni elitasının böyük bir hissəsi Qərblə münasibətlərə istiqamət götürüb. Perspektivdə isə Avropa Birliyi ilə sıx inteqrasiyaya çalışır. Hətta diplomat erməni hakimiyyət orqanlarını hədələməkdən də yan keçmir. Belə bir siyasətin mənfi nəticələrə gətirib çıxaracağını vurğulanır.
Yeri gəlmişkən, Rusiya nəşrlərinin daha tənqid obyekti həm də baş nazir Tiqran Sarkisyandır. Baş nazir dəfələrlə bildirib ki, Gömrük İttifaqına üzv olmaq Ermənistana sərf etmir. Qərb yönümlü siyasətçi kimi tanınan Sarkisyan hesab edir ki, Gömrük İttifaqına üzv olmaq üçün Rusiya ilə ümumi sərhədlərə malik olmaq lazımdır. Hakim Respublikaçılar Partiyasının parlament üzvü Artak Zakaryan da Avrasiya İttifaqına üzv ölkələrlə Ermənistanın ümumi sərhədlərinin olmadığını qabardır: “Ümumi sərhədlərimiz yoxdur. Bundan başqa, Ermənistanın, iqtisadi problemlər bir yana, demokratiya ilə bağlı ciddi problemləri olan ölkələrlə ittifaqa birləşməsini məqsədəuyğun bilmirəm”. Avropa İnteqrasiyası Məsələləri Üzrə Parlament Komissiyasının sədri Naira Zohrabyan isə Ermənistanın istər Avropa məkanında, istərsə MDB çərçivəsində inteqrasiya proseslərində iştirak etməyin tərəfdarıdır. “Belə imkanlardan həmişə istifadə etmək lazımdır. Avrasiya İqtisadi İttifaq məsələləri icra hakimiyyəti səviyyəsində müzakirə olunmaqdadır. Sözügedən strukturla bizim əməkdaşlığımızın formatı müzakirələrdən sonra müəyyən ediləcək”.
Eyni zamanda müxalif “İrs” və “Daşnaksutyun” Erməni İnqilabi Federasiyasının parlament təmsilçiləri Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olacağında və Avrasiya iqtisadi inteqrasiya haqqında bəyannaməyə birləşəcəyində şübhələnirlər. “Bizim bu ölkələrlə ümumi sərhədlərimiz yoxdur. Bundan başqa, Ermənistanın, iqtisadi problemlər bir yana, demokratiya ilə bağlı ciddi problemləri olan ölkələrlə ittifaqa birləşməsini məqsədəuyğun bilmirəm” - dey “İrs” parlament fraksiyasının üzvü Armen Martirosyan bildirib. “Daşnaksutyun” fraksiyasının üzvü Artsvik Minasyanın sözlərinə görə, müxtəlif iqtisadi inkişaf səviyyələri, müxtəlif vergi sistemləri və iqtisadi strukturları bir müstəvidə nəzərdən keçirmək olmaz.
“Rusiya Ermənistanın Gömrük Birliyinə cəlb edilməsi üzrə təzyiqlər göstərir. Lakin mən hesab edirəm ki, Rusiyanın cəhdləri gecikmiş və səmərəsizdi və Ermənistan bununla məhdudlaşmayacaq” - deyə Regional Təhqiqatlar Mərkəzinin direktoru Riçard Kirakosyan bildirib. “Məncə, Rusiya Ermənistanın gələcəkdə Avropa İttifaqına inteqrasiyasına maneə olmayacaq” - deyə politoloq ehtimal edir. “ Daşnaksutyun” üzvü Armen Rustamyan hesab edir ki, Ermənistanın Avrasiya və Gömrük İttifaqına üzvlüyünün mümkünsüzlüyünü bildirib. “Gömrük Birliyi ilə müqavilələr imzalamaq tezdir. Bu bizim Avropa İttifaqı ilə münasibətlərimizə xələl gətirə bilər. Bunlar müqayisəedilməz dərəcədə bir-birinə zidd təşkilatlardır. Hakimiyyət eyni vaxtda hər iki formatda əlaqələr yaratmağa imkan verən qaneedici həll tapılacağını bildirir. Bu məsələlər danışıqlar zamanı araşdırılmalıdır” - deyə Armen Rustamyan yerli agentliklərdən birinə bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər