• cümə, 29 Mart, 17:13
  • Baku Bakı 14°C

Rusiya Ermənistana “dişini qıcadı”

02.08.18 20:06 841
Rusiya Ermənistana “dişini qıcadı”
Ermənistanın yeni hakimiyyəti keçmiş hakimiyyət nümayəndələrinə təsir və təzyiqlərini davam etdirməkdə israrlı görünür. Məlumdur ki, ötən illərdə baş vermiş hadisələrə görə keçmiş prezident Robert Köçəryan ittiham olunaraq həbs edilib. Bundan başqa, Ermənistan Xüsusi İstintaq Xidməti silahlı qüvvələrin keçmiş baş qərargah rəisi, KTMT-nin baş katibi Yuri Xaçaturovu da cinayət məsuliyyətinə cəlb edib.
Ermənistanda baş verən son hadisələrə Rusiyanın səssiz yanaşması müxtəlif suallar yaradırdı. Lakin rəsmi Moskva xarici işlər naziri Sergey Lavrovun açıqlaması ilə susqunluğunu pozdu. Lavrov açıqlamasında bildirib ki, Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərini təqib etməyəcəyinə dair vədlərinə ziddir: "İrəvanın müttəfiqi olan Rusiya erməni dövlətinin stabilliyində həmişə maraqlı olub və bu baxımdan orada baş verənlər bizi narahat etməyə bilməz. Bu həm də Ermənistanın MDB məkanında təmsil olunduğu təşkilatların normal işinin təminatı nöqteyi-nəzərdən də çox vacibdir”.
Lavrov, həmçinin qeyd edib ki, son günlər ərzində bir neçə dəfə Ermənistan rəhbərliyinə narahatlıqlarını bildiriblər: "Vəziyyətin konstruktiv məcrada inkişaf edəcəyinə ümid edirik”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Ermənistandakı indiki durum hərc-mərclik vəziyyətindədir: "Çünki, ədəbsizlik olmasın, orada it yiyəsini tanımır. Fəlsəfədə belə bir qanun var ki, yeni bir sistem tam yerinə oturuşmadığı halda, köhnə sistem təslim olmur. Ermənistanda da həmin o keçid dövrüdür və bu dönəmdə istənilən qüvvə başqa bir alternativ qrupa təzyiq göstərə bilir. Siyasi çəkişmələr əsasında artıq Robert Köçəryan həbs edilib. Bu proseslərin arxasında duran mənzərə ondan ibarətdir ki, bu ölkədə başıpozuqluq oradakı vəziyyətə hakim kəsilib. Təbii ki, birincisi, bu, sosial kütlənin köhnə sistemdən narazılığı əsasında meydana gəlib. Digər tərəfdən, hakimiyyətə gəlmiş Paşinyan da vəziyyəti nəzarətə götürə bilmir. Ona görə də çəkişmələr haradasa qaydasız döyüş halını alır. Belə olduqda, kimin gücü nəyə çatırsa, bununla biri-birilərinə təzyiq göstərir, hədələyirlər. Deyərdim ki, bu vəziyyətin axırı vətəndaş müharibəsi ilə sonuclana bilər”.
T.Abbasov bildirdi ki, Rusiyanın indiki halda əsas məqsədi Ermənistanda mövqelərini itirməməsidir: "Birincisi, yaddan çıxarmayaq ki, Rusiyanın Cənubi Qafqazdakı dayaq nöqtəsi Ermənistandakı 102 saylı hərbi bazadır. Digər tərəfdən Rusiya çalışır ki, həmin hərbi bazanın ətrafında oradakı siyasi elitanı səfərbər etsin. Yəni, özünə düşmən yox, dost kimi tanıdığı təsir dairəsini formalaşdırsın və onun dağılmasına imkan verməsin. Həm də ki, onların nüfuzunu durmadan artırsın. Rusiyanın əsas problemi ondan ibarətdir ki, ard-arda Ukraynada səhvlər etdikdən sonra gözü qorxub. Bu səhvlərin kökündə hakimiyyətə can atan qüvvələrlə əlaqələri kəsmək, onlara düşmən mövqeyindən yanaşmaq və sair dayanırdı. Deyərdim ki, bu məsələdə bir neçə fenomenal məqam var idi. Ona görə də Rusiya ardıcıl olaraq səhvləri ucbatından Ukraynanı həm bazarı, həm də tərəfdaşı kimi itirdi və bundan da çəkinməyə başladı. Bu baxımdan Ermənistandakı hadisələrlə bağlı Rusiya o qədər də canfəşanlığa yol vermədi, özünü təmkinli göstərdi. Ancaq yaddan çıxarmayaq ki, Ermənistandakı Rusiya əleyhinə olan qüvvələr də çox fəallaşıblar. Çünki burada Qərbin də əli vardı və qərbpərəst qüvvələrin səfərbərliyi özünü büruzə verdi. Yəni, Ermənistanda baş verən bir neçə fenomenal hadisədən sonra Rusiyanın indiki halda mövqelərinin kövrək olduğunun şahidi oluruq. Bu baxımdan indi Rusiya çalışır ki, Ukraynada buraxdığı səhvləri təkrarlamasın və eləcə də Ermənistanda ona meyl göstərən qüvvələri itirməsin. Onlara göstərsin ki, əvvəlkitək Rusiya Ermənistandakı vəziyyətə nüfuz edə bilir və lazım gələrsə, müdaxilələr edə bilər”.
Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədovun sözlərinə görə isə, Rusiya xarici işlər naziri tərəfindən Paşinyanın yürütdüyü siyasət barəsində söylənilənlər onu göstərir ki, doğrudan da ikitərəfli münasibətlərdə çox ciddi problemlər yaşanmaqdadır. O qeyd etdi ki, Rusiya - Ermənistan münasibətlərində yükün daha böyük hissəsi məhz Lavrov üzərində qurulmuşdur: "Onun təmsil etdiyi qurumun müxtəlif zamanlarda göstərdiyi ermənipərəst siyasət hamıya yaxşı məlumdur. Elə bu institutun Qarabağ münaqişəsi ilə bağlı ölkənin ən əsas institutu ilə fikirlərinin üst-üstə düşməməsi də istisna deyil. Axır ki, Ermənistanla bağlı siyasətdə bu istiqamətə cavab verən şəxslərin fiaskosu onları çox açıq danışmağa sövq etdi. Yoxsa bəzi ekspertlər Köçəryan, Sarkisyan məsələsində Moskvanın susmasını Kremlin Ermənistanın daxili işinə qarışmayacağı kimi qələmə verirdilər”.
Z.Məmmədov vurğuladı ki, Kremlin susması illərdi ona sadiq olan qrupların Rusiyaya olan ümidlərinin puç olmasına gətirib çıxarmaqdadır: "Rəsmi Moskva yaxşı anlayır kı, artıq Paşinyanı durdurmağın vaxtı çatıb. Yaxın vaxtlarda biz artıq sözdə deyil, əməldə də sərt tədbirlərin şahidi olacağıq. O ki qaldı Köçəryan-Sarkisyan rejiminə, bu şəxslərin hakimiyyətə gəlişləri antikonstitusion şəraitdə baş verib”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər