• çərşənbə axşamı, 23 aprel, 17:09
  • Baku Bakı 24°C

Rusiya-Ermənistan hərbi əməkdaşlığı kimə lazımdır?

24.11.16 11:44 1185
Rusiya-Ermənistan hərbi əməkdaşlığı kimə lazımdır?
Rusiya və Ermənistanın birləşmiş ordu qüvvələrini yaratması erməni siyasi dairələrində narazılıq və narahatlığı artırmaqdadır. Bəlli olduğu kimi, rəsmi sənədlərdə bu təşəbbüsün əsasən Ermənistan və Rusiya sərhədinin qorunmasını hədəflədiyi göstərilir. Hökumətlərarası sazişin layihəsində göstərilir ki, birləşmiş hərbi qüvvələr sülh dövründə Ermənistan tərəfinin komandanlığı altında fəaliyyət göstərəcək. Hərbi əməliyyatlar zamanı isə birləşmiş qruplaşma qoşunları Rusiyanın Cənub hərbi dairəsinin tabeliyinə keçə bilər. Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, regiondakı hərbi vəziyyəti balanslaşdırmaq məqsədilə Ermənistan ərazisində Rusiyanın "İsgəndər” raket kompleksləri yerləşdirilib.
Beləliklə, son zamanlar iki ölkənin hərbi əməkdaşlığında yeni təkanlar nəzərə çarpır: Rusiya Ermənistana iri silah partiyaları satır, birləşmiş hava hücumundan müdafiə (HHM) sistemi yaradılır. Ölkənin ikinci ən böyük şəhəri olan Gümrüdə S-300 kompleksləri ilə təchiz edilmiş 102-ci hərbi baza yerləşir. Bu baza da MDB-nin vahid HHM sisteminə daxildir. Məsələyə münasibət bildirən Ermənistanın beynəlxalq münasibətlər və təhlükəsizlik institutunun eksperti, politoloq Ruben Mehrabyan hesab edir ki, Kremlin Cənubi Qafqazda hərbi-siyasi varlığını genişləndirməkdən ötrü Ermənistanı öz platsdarmına çevirmək səyləri həm bu ölkəyə, həm də bütövlükdə regiona təhlükədir.
Politoloq qərb nəşrlərinə müsahibəsində deyib ki, birgə ordu qüvvələrinin yaradılması Gürcüstanın NATO ilə münasibətlərinin güclənməsinə Moskvanın cavab addımıdır: "Bu, Ermənistanın suverenliyi hesabına edilir və onun təhlükəsizliyinə hədədir. Bütün Cənubi Qafqazın təhlükəsizliyi bundan əziyyət çəkəcək. Bu, Gürcüstanla münasibətlərdə müəyyən gərginlik yaradacaq. Faktiki olaraq, Kreml "Brejnev doktrinası”nın dəyişdirilmiş versiyasını gerçəkləşdirir. Yəni qonşu ölkələrin suverenliyini məhdudlaşdıraraq, onlardan yaxınlıqdakı regionlarda aqressiv siyasəti üçün bufer və platsdarm kimi yararlanır”. Politoloqun fikrincə, rəsmi Yerevan belə durumlara "bütün immunitetini itirib” və bənzər hədələrə adekvat reaksiya göstərmək qabiliyyətini əldən verib. "Hökumətin əhali üçün həzm edilə bilən izahlar düşünüb tapmaqdan başqa çarəsi qalmır. O bunu "ölkənin təhlükəsizliyini gücləndirmək” kimi qələmə verir. Əslində, baş verənlər isə bunun tam əksidir”, - deyə Ruben Mehrabyan bildirib. Ekspert düşünür ki, bu addım Ermənistan cəmiyyətində onsuz da mövcud olan gərginliyi daha da artıracaq: "Bu sazişin reallaşması parlament seçkiləri ərəfəsində hakim Respublika Partiyasının mövqelərinə son dərəcə mənfi təsir edəcək”.
Politoloq bildirib ki, Ermənistanda son ilyarımdakı təlatümlərin, demək olar ki, hər biri - ötən yayın "elektrik” etirazları, Azərbaycanla dördgünlük müharibə, iyulda "Sasna Tsrer” silahlı qruplaşmasının hərəkətləri, Gümrüdə erməni ailəsini öldürmüş rus əsgəri Permyakovun anlaşılmaz sonluqla bitən məhkəməsi – Rusiyanın regiondakı varlığıyla bağlıdır. "Qarabağda erməni tərəfinin 100 nəfərdən çox itki verdiyi müharibə erməni cəmiyyətinin uzun müddət inandığı, "əbədi Ermənistan-Rusiya dostluğu” adlı mifi ciddi laxlatdı”, - deyə Mehrabyan vurğulayıb. "Baş verənlər, o cümlədən hələ 1999-cu ildə Gümrüdə olanlar bir daha göstərdi ki, Rusiya bizim müttəfiqimiz deyil. Əslində, Rusiya öz imperiya maraqlarını qoruyur, vəssalam. Rusiya əsgərinin Gümrüdəki həmin bu cinayəti, cinayətin araşdırılması və məhkəmə zamanı Rusiyanın davranışı onun Ermənistana əsl münasibətini göstərdi. Son illər Ermənistanda ölkəni böhrana itələyən mənfi hadisələr yetərincədir. Bu durumdan faydalanan təkcə bir qüvvə görürəm, o da Putin Rusiyasıdır. Onun siyasəti erməni dövlətçiliyini dağıtmaq, Ermənistanı tabe etdirmək, onu Rusiya imperiyasının quberniyasına çevirməyə yönəlib”, - deyə politoloq bildirib.
Ekspert hesab edir ki, Kreml özünə tabe etmək istədiyi ölkələr üçün müxtəlif təzyiq alətlərinə əl atır. Onun sözlərinə görə, bu zaman Rusiyanın müxtəlif qurumlarından, məsələn, Putinin dostlarının rəhbərlik etdiyi "Gazprom”, "Rosneft”, "Inter RAO EES” kimi dövlət şirkətlərindən yararlanırlar.
"Siyasətdə də eyni şey baş verir. MDB ölkələrində "rəngli inqilab”lar olanda, bizə Moskvadan bu inqilablarla mübarizə texnologiyaları gəldi. Bu texnologiyaların əsas ünsürləri siyasi mühitin "siyasi zibil”lə çirkləndirilməsi idi. Hazırda Ermənistanda 100 siyasi partiya var. Onların əksər hissəsi "şəxs-partiya”lardır. Sayları o qədərdir ki, bütöv bir partiya bir marşrut avtobusuna yerləşər. Əsas oyunçulara gəlincə isə, Ermənistanda siyasi mühit, bir çox digər postsovet ölkələrində olduğu kimi, oliqarxlaşıb, iqtisadiyyatı oliqarxlar inhisara alıb. Siyasi partiyalar, faktiki olaraq, oliqarxların inhisarına alınaraq vətəndaşların real tələbatlarından qoparılıblar. Ümumən, Ermənistanda bugünkü durumu artmaqda olan total böhran saymaq olar. Siyasi, iqtisadi, institusional böhran. Bu, postsovet dövlətçiliyin böhranıdır. Elə "Sasna Tsrer” qrupunun iyul çıxışı da bu fonda baş verdi. Bu hadisənin özü göstərdi ki, Ermənistanda dövlət institutları son dərəcə zəifdir. Bu isə ciddi sual doğurur: biz, suverenliyimizi itirmədən bu vəziyyətdən təkamül yolu ilə çıxa biləcəyik, yoxsa fəlakətdən keçməli olacağıq? Təəssüf ki, indi hər iki variantın baş vermə ehtimalı bərabərdir”, - deyə Ruben Mehrabyan bildirib.
Digər politoloq Riçard Kirakosyan isə Rusiya ilə ABŞ-ın yaxınlaşmasının Ermənistan üçün yaxşı heç nə vəd etmədiyi qənaətindədir. Elə erməni nəşrləri də onlarla həmrəydirlər. Məsələn, "Jamanak” qəzeti birləşmiş Rusiya-Ermənistan ordu qruplaşmasının yaradılmasını çox ciddi təhlükə adlandırıb. Qəzet belə bir sualla çıxış edir – "Əgər Azərbaycanla hərbi əməliyyatlar başlayarsa, Rusiya Ermənistanın tərəfində döyüşəcəkmi? - Əlbəttə yox”. "Lraqir.am” saytı isə analitik İqor Muradyanın fikirlərini dərc edib. Onun qənaətincə, indi amerikalılar Ermənistan qarşısında konkret bir sual qoyacaqlar - ya Rusiyaya tabe olmaqda davam edirsən, ya da Avroatlantik tərəfdaş olursan. Analitik hesab edir ki, Ermənistan Rusiyanın bir əyaləti olaraq qalacaq və dünya siyasətində onun barəsində heç kim danışmaq belə istəməyəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər