• cümə, 29 Mart, 11:20
  • Baku Bakı 5°C

Rusiya Ermənistan dəmir yollarının idarəetməsindən imtina edir

23.09.19 17:46 1140
Rusiya Ermənistan dəmir yollarının idarəetməsindən imtina edir
Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Moskva-Yerevan münasibətlərində soyuqluq günbəgün artır. Siyasi müstəvidəki gərginlik artıq iqtisadi sahələri də əhatə etməyə başlayıb. Rusiya ilə Ermənistan arasında ermənilərə satılan qazın qiyməti ilə bağlı gedən müzakirələrin qızğın vaxtında ortaya dəmir yolları ilə bağlı məsələ atılıb. Belə ki, Ermənistan rəhbərliyinin Rusiyanın nəzarəti altında olan dəmir yollarındakı yoxlamaları rusları o qədər bezdirib ki, sonuncular 30 illik idarəetməni vaxtından qabaq dayandırmaq qərarına gəliblər. Rusiya hökumətinə yaxın "Kommersant” qəzeti məsələ ilə bağlı necə gündür ki, informasiyalar dərc edir. Qəzet yazır ki, Kreml Ermənistanın dəmir yolunun idarə olunmasından çıxmaqda qərarlıdır. "Rusiya Dəmir Yolları” Dövlət Şirkəti (RJD) Ermənistanla bağlanmış sazişə xitam vermək niyyətindədir. Ermənistan "RJD”nin "Cənubi Qafqaz Dəmir Yolları” (CQDY) törəmə şirkətinin işini əngəllədiyi üçün şirkət Ermənistanla bağlanmış sazişə xitam verməyi planlaşdırır. Bu barədə Rusiyanın "RTVI” kanalına Rusiya nəqliyyat nazirinin müavini Vladimir Tokaryev məlumat verib. Kanal bildirir ki, Ermənistan hakimiyyəti CQDY-də axtarışlar apardıqdan və törəmə şirkətə qarşı cinayət işi açdıqdan sonra RJD ilə Yerevan arasında münasibətlər pisləşib. 2018-ci ildə şirkəti 19 min dollar məbləğində vergidən yayınmaqda təqsirləndirən rəsmi Yerevan onun ofisində axtarışlar aparıb. Ermənistan nəqliyyat nazirinin keçmiş müavininə qarşı cinayət işi açılanda isə onun CQDY-də yoxlamalar zamanı aşkarlanan qanun pozuntularını guya gizlətdiyi üzə çıxıb. Ümumilikdə Ermənistanda CQDY-yə qarşı 7 cinayət işi açılıb. CQDY şirkətindən "RTVI” kanalına bildiriblər ki, əgər Ermənistan Rusiyaya təzyiq göstərmədən işi araşdırmaq niyyətində olsaydı, beynəlxalq məhkəməyə müraciət edərdi. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə mübahisəli məsələləri həll etmək üçün Paris arbitrajına müraciət olunması nəzərdə tutulub. Bunun əvəzində, Ermənistan Rusiya şirkətinə qarşı silsilə cinayət işləri açmağa üstünlük verir. Rusiya münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışaraq, aidiyyəti nazirliklər və Ermənistan baş nazirinin müavini Mger Qriqoryanla müzakirələr aparıb. Lakin bu, heç bir nəticə verməyib. İndi Moskva Ermənistanla bağlanmış müqavilədən çıxmağı düşünür. V.Tokaryevin sözlərinə görə, Ermənistan işi o yerə gətirib çıxarıb ki, CQDY artıq Yerevanda işləyə bilmir. Şirkətin 10 il ərzində fəaliyyətinə dair bütün sənədlər müsadirə olunub, sübutsuz ittihamlar irəli sürülür. Nazir müavini təsdiq edib ki, Rusiya tərəfi Ermənistanla müqaviləyə vaxtından əvvəl xitam vermək məsələsi üzərində ciddi işləyir.
Xatırladaq ki, 2018-ci ilin avqustunda Ermənistan Dövlət Gəlirlər Komitəsi CQDY-də axtarışlar həyata keçirib və şirkəti vergi pozuntularında ittiham edib. Ermənistanın baş naziri N.Paşinyan "Kommersant”a müsahibəsində RYD-nin törəmə şirkətində60milyon dollar məbləğində sui-istifadə faktı aşkarlandığını və vergidən yayınma şübhəsi ilə cinayət işi başlandığını söyləyib. Rusiya tərəfi bütün ittihamları rədd edir. Onu da qeyd edək ki, Rusiya hələ 2008-ci ildə Ermənistanın dəmir yollarının 30 illiyinə konsessiyası ilə bağlı icazə alıb. Bundan əlavə, razılaşmanın daha 10 illiyinə uzadılması da sənəddə əks olunmuşdu.
Qalmaqal start götürən kimi Rusiya dəmir yolları rəhbəri Sergey Valko ilə baş nazir N.Paşinyan arasında görüş oldu. Bundan bir gün sonra isə Paşinyanla Rusiya prezidenti Vladimir Putin telefonla danışıb. Danışıqlar zamanı "gündəmin ən aktual məsələləri” müzakirə olunduğunu bildirilsə də, təfərrüatlar açıqlanmayıb. Lakin "Kommersan”ın əməkdaşları bunu dəmir yolundakı yoxlamalarla əlaqəli olduğunu bildiriblər.
N.Paşinyan bir neçə gün bundan əvvəl bəyan edib ki, yoxlamalar Ermənistanın maraqlarını qorumaq məqsədilə edilir və bu məqsədlə Rusiya tərəfi ilə müzakirələr aparılır. RDY-nin törəmə şirkəti olan "Cənubi QafqazDəmir Yolları”da konsessiya razılaşmasının vaxtından əvvəl dayandırılmasına şərh verməyiblər. Sadəcə bildirilib ki, təsərrüfat işlər ilə məşğuldurlar. "İnfiline-analitika” şirkətinin rəhbəri Mixail Burqoministrov bildirir ki, Ermənistan və "Cənubi QafqazDəmir Yolları”nda yığılıb qalan problemlər kifayət qədərdir. Rusiya tərəfi isə erməniləri nankorluqda suçlayır. Onların sözlərinə görə, şirkətin bütün hesabları "PricewaterhouseCoopers” audit şirkəti tərəfindən yoxlanılıb və hökumətə məruzə edilib.
Beləliklə, çox qəribə bir vəziyyət yaranıb. V.Putinin Ermənistana mümkün səfəri ərəfəsində belə bir xəbərin ortaya çıxması ermənilər üçün ciddi zərbədir. Məsələnin belə şəkildə qoyulması həm də ona işarədir ki, Kreml qazın satışı məsələsində də ermənilərə güzəştə getməyəcək. Məsələn, bu günlərdə "Joxovurd” erməni qəzeti yazır ki, Rusiya hakimiyyət orqanları erməni tərəfinə xoş olmayan sürprizlərlə üz-üzə qoya bilər. "Məsələ ondadır ki, cəmiyyətdə sürətli şəkildə belə bir xəbər dolaşır ki, Rusiya qazın qiymətini 30 faiz artırmaq niyyətindədir. Əgər Rusiya prezidenti Ermənistana səfər edəcəksə, onda Paşinyan onunla mütləq qazın qiymətinin artırılması məsələsini müzakirə etməlidir. Erməni tərəfi ümid edir ki, danışıqlar yolu ilə hansısa nəticə əldə edə biləcək. Mütəxəssislərin qənaətincə, qazın qiymətinin artırılması Ermənistan əhalisi üçün qaçılmazdır.


Azər NURİYEV

banner

Oxşar Xəbərlər