• çərşənbə, 24 Aprel, 02:50
  • Baku Bakı 14°C

“Rusiya erməni cəmiyyətini cəzalandırır”

01.07.16 10:54 1178
“Rusiya erməni cəmiyyətini cəzalandırır”
Prezident Vladimir Putinin Ermənistanla Birləşmiş regional hava hücumundan müdafiə (HHM) sistemi yaratmaq təklifini Rusiya hökuməti 2015-ci il oktyabrın 22-də bəyənib və Ermənistan tərəfinin qərarını gözləyirdi. Bu gözlənti uzun çəkmədi və Rusiya ilə Ermənistan müdafiə nazirləri Segey Şoyqu, Seyran Ohanyan ötən ilin dekabr ayında Qafqazda birgə regional HHM sistemi yaratmaq haqqında razılaşma imzaladılar. Bu razılaşma Qafqazda 5 il müddətinə vahid hava hücumundan müdafiə sisteminin yaradılmasını nəzərdə tutur.
Bu günlərdə isə Ermənistan parlamenti Rusiya ilə HHM birləşmiş regional sisteminin yaradılması haqqında sazişi ratifikasiya edib. Ermənistan parlamentində bu sənədin lehinə 102, əleyhinə 8 deputat səs verib. Sözügedən saziş qərbyönümlü siyasi dairələrin və qeyri-hökumət təşkilatlarının mənfi reaksiyasına səbəb olub. Sənədin ratifikasiyasına qədər də İrəvanda parlament binası önündə etiraz aksiyaları keçirilib. Onlarla ictimai fəal hər səhər parlament sessiyasına tələsən millət vəkillərini "Nə səmanı, nə torpağı təhvil verərik!”, "Bu da növbəti xəyanətdir!?”, "Biz yalnız öz ordumuza güvənirik!” şüarları ilə qarşılayıblar. Onlar parlament üzvlərindən tələb ediblər ki, Rusiya ilə birgə hava hücumundan müdafiə sistemi yaratmaq haqqında müqaviləni ratifikasiya etməsinlər. Etiraz iştirakçıları birgə sistem yaratmaq adı altında Ermənistanın hava məkanı üzərində nəzarətin Rusiyaya təhvil verildiyini iddia ediblər. Lakin rəsmi İrəvan Kremlin təzyiqi altında sənədi ratifikasiya etmək məcburiyyətində qalıb. Ermənilərin özlərinin təəbirincə desək, bununla da Serj Sarkisyan hakimiyyəti ölkə suverenliyinə daha bir böyük zərbə vurub.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, Ermənistan siyasi hakimiyyətinin ənənəvi davranışında qeyri-adi, qəribə heç nə yoxdur. O, Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyəsinin hökm sürdüyünü, Kreml rəhbərliyinin də bundan xəbərdar olduğunu diqqətə çatdırıb. Deyib ki, məhz buna görə də ruslar erməniləri cəzalandırır, onları Rusiyanın istəklərinə uyğun davranmağa məcbur edirlər: "Ermənistan cəmiyyəti anti-Rusiyadır. Ona görə də Rusiya bu ölkəyə təzyiq edir. Ermənistan cəmiyyətinin hər bir anti-Rusiyaçılığının əvəzində rəsmi Moskva adekvat addımlar atır, Serj Sarkisyana təzyiq göstərir, ona Rusiyanın şərtlərini diktə edir. Bununla Ermənistan cəmiyyətini cəzalandırır. Kremldə hesab edirlər ki, əgər Rusiya və ya ruslar olmasaydı, ermənilər ümumiyyətlə bu regionda olmazdılar. Rəsmi Moskva belə qənaətdədir ki, ermənilər naşükürdürlər. Belə ki, Rusiyanın hesabına torpaq əldə ediblər, millət olublar, dövlət qurublar, indi isə ermənilər öz inkişaflarında Qərbin rol oynadığını düşünürlər. Buna görə də Rusiya Ermənistanı, erməni cəmiyyətini cəzalandırır. Xatırlayırsınızsa, bu müqavilənin imzalanması məsələsi gündəmə gələndə Sarkisyan belə bir addımın atılmayacağını bəyan etdi. Lakin Rusiya Sarkisyana mesaj çatdırdı ki, müqavilə imzalanmasa, hakimiyyətdən gedəcəksən. Bu dəfə Ermənistan prezidenti erməni siyasətçilərinin bu müqavilənin imzalanmasına etiraz etməsi görüntüsünü yaratdı, özünə yaxın erməni siyasətçilərinin dili ilə bu müqaviləni yenə də imzalamaqdan imtina etdi. Bu dəfə isə Rusiya Ermənistana başa saldı ki, müqavilə imzalanmasa, silah verilməyəcək, bu istiqamətdə imzalanan kredit müqaviləsi ləğv ediləcək. Rusiya Ermənistana şərt kəsdi ki, hava hücumundan müdafiə ilə bağlı müqavilə ratifikasiya edilən kimi silah verilməsini nəzərdə tutan kredit müqaviləsi işə düşəcək. Ermənistan parlamenti irəli sürülən şərtlər qarşısında duruş gətirə bilmədi, geri çəkildi, hava hücumundan müdafiə müqaviləsini ratifikasiya etdi. Yəqin ki, bu günlərdə 200 milyonluq silah krediti müqaviləsinin tələbləri də yerinə yetiriləcək”.
Təhlükəsizlik məsələləri üzrə ekspert, siyasi şərhçi Arzu Nağıyev isə qəzetimizə açıqlamasında bildirib ki, Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsinin olması, faşist Nijdeyə heykəl qoyulması və sair sadəcə bir görüntüdür. Onun qənaətinə görə, Serj Sarkisyan hakimiyyəti belə bir görüntü yaratmaqla öz daxili siyasətini yürüdür və bu addımların Kremli qıcıqlandırması ermənilər üçün o qədər də əhəmiyyət kəsb etmir: "Baxmayaraq ki, Ermənistan Rusiyanın vassalı kimi çıxış edir, paralel olaraq, ruslarla "isti” əlaqəsi olmayan dövlətlərlə də münasibətlər qururlar. Ermənilər Nijdeyə İrəvanın mərkəzində heykəl qoymaqla Rusiyaya qarşı çıxmır, faşizmi dəstəklədiklərini nümayiş etdirirlər. Hava hücumundan müdafiə müqaviləsinə gəldikdə isə, KTMT çərçivəsində fəaliyyət göstərən dövlətlər istər hava hücumundan qorunmaq, istərsə də bir sıra digər məsələlərdə müttəfiqdirlər. Ermənistan parlamenti sözügedən müqaviləni ratifikasiya etməzdən öncə də Rusiya bu ölkənin sərhədlərini, o cümlədən hava sərhədlərini və hava məkanını qoruyurdu. Sadəcə məsələ bundadır ki, NATO ilə Rusiyanın sərhədi Ermənistan ərazisindən keçir. Bu səbəbdən qeyd edilən müqavilə Ermənistan parlamentində ratifikasiya olunmalı idi. Bu müqavilənin Dağlıq Qarabağ müqaviləsinə heç bir aidiyyəti yoxdur. Çünki Dağlıq Qarabağ və işğal altındakı digər rayonlar Azərbaycanın ərazisidir və bu, beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən qəbul olunur. Azərbaycan öz sərhədlərini havadan, sudan və qurudan yalnız özü qoruyur. Ermənistanın isə suverenliyindən danışmağa dəyməz. Bu ölkənin ərazisində Rusiyaya məxsus 102 saylı hərbi baza var. Erebuni aeroportu yaxınlığında Rusiyaya məxsus qırıcı təyyarə eskadrilyası var. Son ratifikasiya da bu istiqamətdə olan növbəti sənəddir. Mühüm fakt budur ki, Ermənistan siyasətində qərbyönümlü, millətçi və Qarabağ klanı arasında 3 istiqamətdə parçalanma, siyasi mübarizə gedir. Sarkisyan Rusiyameyilli siyasət yürütməklə rəhbərlik etdiyi Qarabağ klanını ayaqda tutmağa, hakimiyyətini qorumağa çalışır. Erməni cəmiyyətinin qərbyönümlü simaları isə təbii olaraq bu siyasəti qəbul etmirlər. İqtisadiyyatının 95 faizi Rusiya tərəfindən idarə olunan Ermənistan heç vaxt müstəqil dövlət ola bilməz. Bu gün Ermənistanın iqtisadiyyatı, hava məkanı, sərhədləri, hakim rejimi Rusiyanın nəzarətindədir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər