• cümə, 29 Mart, 12:26
  • Baku Bakı 14°C

Rusiya erməni ağlaşmasının hədəfində

12.04.16 10:33 2213
Rusiya erməni ağlaşmasının hədəfində
İşğal altında olan torpaqlarda son irimiqyaslı hərbi əməliyyatlar erməni cəmiyyətində əməlli-başlı şok effekti doğurub. Azərbaycanın cavab tədbirləri erməni cəmiyyətində pessimist əhval-ruhiyyə yaratmaqdadır. Xüsusən də hər gün özgə torpaqlarında məhv edilənlərin meyitlərinin gətirilməsi cəmiyyətdə qəzəb əhval-ruhiyyəsinin daha da qızışmasına səbəb olur. Hakimiyyət isə burada bir məqsəd güdür - narazılıqların obyektini özündən uzaqlaşdırmaq və hədəf kimi Rusiya və digər ölkələrə yönəltmək. Müəyyən qədər buna nail də olur.
Əksər aksiyalarda Rusiya və Qərb ölkələri tənqid edilir. İttiham olunan tərəf isə daha çox həmsədr dövlətlərdir. Mətbuat səhifələrində Rusiyanın açıq şəkildə ittiham olunmasının ardınca artıq etiraz aksiyaları da start götürüb. Yerevanda tələbə gənclər Ermənistan XİN binası önündə “beynəlxalq strukturların Qarabağın taleyinə laqeydliyinə qarşı” aksiya keçiriblər. Etiraz aksiyasında ilk növbədə Minsk qrupu həmsədrləri ittiham olunub.
Bundan əlavə, bir neçə günlük döyüş əməliyyatları nəticəsində ağır zərbə alan erməni tərəfi hazırda məğlubiyyətin səbəblərini araşdırmaqla məşğuldur. “Armtoday” saytında dərc olunan araşdırmalardan biri Ermənistanın düşdüyü real vəziyyətin tam ortaya qoyulması baxımından maraq kəsb edir. Ümumi olaraq qeyd edək ki, müəllif bu məğlubiyyətə görə Ermənistanın xarici siyasətini və ordu quruculuğu işlərini kəskin tənqid edib. Müəllif yazır ki, Qarabağda gözlənilmədən başlayan müharibə, elə gözlənilmədən də bitdi: “Hərbi əməliyyatlar Azərbaycanın döyüşdən əvvəl kəşfiyyatı idi. Daha doğrusu, müharibənin birinci hissəsi bitdi. Çünki Azərbaycanın arsenalında olan silahı nəzərə alsaq, buna müharibə demək çətindir. Deyəsən bu, döyüşdən əvvəl kəşfiyyat idi”. Müəllif sual edir: “Necə olur ki, düşmən ildırım sürətilə cənub istiqamətində bir neçə post tutdu. Axı bu postların ətrafında piyada və tank əleyhinə minalarla dolu olan sahə var idi? Bununla bərabər, bizim döyüşçülər itkin düşüb. Onlar hara yoxa çıxıblar, başlarına nə gəlib, heç kim indiyə qədər bilmir”.
Daha sonra müəllif Dağlıq Qarabağ adlı qurumun tərəf kimi tanınmamasından şikayət edərək, atəşkəs razılığının Azərbaycan və Ermənistanın baş qərargah rəisləri arasında olduğunu deyir: “Bəs Dağlıq Qarabağın baş qərargah rəisi haradadır? Həmişəki kimi o yoxdur. Bəlkə Ermənistan birdəfəlik bəyan etsin ki, Dağlıq Qarabağda xalq özü öz taleyini həll edir, rəsmi Yerevan yox. Qoy, Ermənistan rəhbərliyi bunu xalqa izah etsin, biz də bəlkə bunu başa düşərik”. Daha sonra erməni müəllif Ermənistanın nə MDB, nə də Avropada müttəfiqlərinin olmamasından şikayət edir. “Hərbi əməliyyatlar göstərdi ki, bizim nə MDB-də nə də Avropada müttəfiqlərimiz var. Biz fiziki, həm də siyasi cəhətdən blokadada qaldıq. Ermənistan Avropa Şurası, AŞPA, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olduğu halda, bu təşkilatların heç birindən dəstək ala bilmədi. Bu azmış kimi, AŞPA sədri Pedro Aqramunt Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi.
Ermənistandan başqa Rusiya, Qazaxıstan, Qırğızıstanın da daxil olduğu KTMT-nin üzvü olan Belarusun prezidenti Lukaşenko vəziyyəti elə şərh etdi ki, Ermənistanın Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verməli oldu. Rusiya və Qazaxıstan prezidentləri Qarabağ münaqişəsini müzakirə etdilər. Amma hamıya aydındır ki, KTMT və Aİİ-nin üzvü olan Qazaxıstan daim Azərbaycanın tərəfində olacaq. Ermənistan öz siyasətini köklü dəyişməlidir. Zaman irəli gedib, amma bizim xarici siyasət 60-cı illərin səviyyəsindədir”.
Müəllif Rusiyanı da Azərbaycana silah satdığına görə tənqid etməyi yaddan çıxarmayıb. “Rusiya Azərbaycana hücum silahı satmağını biznes kimi qələmə verdi. Bizim KTMT müttəfiqimiz bilmirdi ki, son nəticədə bu silahlar ermənilərə qarşı istifadə olunacaq? Nəticədə Ermənistan məğlub vəziyyətdə qaldı. Bundan başqa Gümrüdəki 102-ci hərbi baza nə ilə məşğuldur? Ermənistana bu baza çox lazımdır? Bu baza bizi Türkiyədən müdafiə edəcək? Hazırda Rusiya-Türkiyə münasibətlərinin gərgin vəziyyətində bu baza bizim üçün təhlükə mənbəyidir. Çünki bu iki dövlət arasında münaqişə olacağı təqdirdə, Türkiyə Rusiya bazasını məhv etmək adı ilə Ermənistan ərazisini bombalaycaq”. Yazı müəllifi Rusiyanı Ermənistana köhnə texnika satmaqda da ittiham edib.
Daha sonra Ermənistanın Aİİ və KTMT-də üzvlüyünə toxunan müəllif bunun məqsədyönlülüyünü şübhə altına alıb: “Bizim rəhbərlik izah etsin ki, Rusiyadan köhnəlmiş avtomobillərin gətirilməsi üçün vergilərin azaldılmasından başqa bu təşkilatlarda üzvlük bizə nə verir? Biz müstəqil dövlətik, yoxsa Rusiyanın bir vilayəti? Rusiya daxilində olan Çeçenistan daha çox hüquqlara malikdir, nəinki Ermənistan Cənubi Qafqazda. Ermənistanda rusiyalı biznesmenlərin əlində olan heç bir sahə rentabelli işləmir – qaz sənayesi, dəmir yolları, elektrik şəbəkəsi, elektrik stansiyaları. Rusiya Ermənistanın İranla istənilən investisiya layihəsinin qarşısını alır. Bütün suallara dəqiq cavab lazımdır. Xarici siyasət və diplomatiyanın səhvləri əsgərlərimizin canı bahasına başa gəlir”.
Qərb mətbuatında və beyin mərkəzlərində də ermənilərin ruslardan rəncidə qaldıqları əsas xətt kimi keçir. Məsələn, “Stratfor” Analitika Mərkəzi Eugene Çausovskinin Yerevanda gördüklərinə əsasən hazırladığı təhlili dərc edib. Müəllif söhbətləşdiyi ermənilərin Rusiya ilə bağlı düşüncələrini bölüşür. Qeyd edilir ki, Rusiyanın Ermənistanda hərbi iştirakının məqsədi təhlükəsizlik təminatından çox, Türkiyə, Qərbin gücünə balans yaratmaqdır. Bəziləri Rusiyaya daha müsbət yanaşsa da, etiraf edir ki, Moskvanın Suriya uğrunda Türkiyə, Ukrayna uğrunda Qərblə mübarizəsi Qafqazda özünü göstərir və bu da Ermənistanın ziyanınadır.
Son əməliyyatlar Ermənistanın geosiyasi mövqeyinin həsəd doğurmadığını üzə çıxardı. Rusiya ilə dəyərli ittifaqı son günlər köməyinə çatmadı. Ancaq Yerevanın üz tutacağı kimsə də yoxdur. Türkiyə Azərbaycanla birlikdədir. Qərb Rusiyayla qarşıdurmaya meyilli deyil. Gürcüstan da oxşar passiv mövqe seçib. İranla ticari və siyasi əlaqələr rol oynaya bilər, ancaq hazırda Tehran Qafqazda Rusiyaya meydan oxumaq gücündə deyil”.
Fransanın “Le Huffington Post” portalında Avropada Təhlükəsizlik və İnkişaf İnstitutunun (İPSE) tədqiqatçısı, MEVA qadın hüquqları qeyri-hökumət təşkilatının baş katibi Patrisiya Lalondun “Dağlıq Qarabağ: münaqişənin təcili həlli” başlıqlı məqaləsi dərc olunub. Müəllif məqalədə Dağlıq Qarabağda atəş səslərinin yenidən eşidilməsindən və onun bütün Cənubi Qafqaz regionunu bürümək təhlükəsindən söz açır. O, Dağlıq Qarabağ münaqişəsinın 20 ildən artıqdır həll olunmadığını, münaqişə nəticəsində bir milyondan çox dinc əhalinin doğma yurdlarından qaçqın və məcburi köçkün düşdüyünü və onların bu illər ərzində yalnız doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşadıqlarını xatırladır. Müəllif Dağlıq Qarabağ münaqişəsinin mənbəyinə toxunaraq, bu torpaqların Azərbaycanın qanuni ərazisi olduğunu bildirir.
Azər
banner

Oxşar Xəbərlər