Rusiya Dnestryanı bölgəni Moldovanın ayrılmaz tərkib hissəsi hesab edir
Moldovanın yeni hökumətinin qərbpərəst xətt yürütmək siyasəti gözlənildiyi
kimi dərhal öz "bəhrəsini” verib. Separatçı Dnestryanı bölgənin rəhbəri Vadim
Krasnoselski bəyan edib ki, rəsmi Kişinyovun Moldova ilə sərhəddə sərhəd-buraxılış
məntəqəsini götürmək tələbi heç bir halda yerinə yetirilə bilməz. Onun
sözlərinə görə, bu məntəqə "Dnestryanı Respublika”nın "dövlət” sərhədidir.
Azər NURİYEV
Krasnoselskinin bu sözləri Moldova prezidenti İqor Dodonun separatçı
qurumun rəhbəri ilə payızda keçiriləcək növbəti görüşdə qeyd olunan məsələni
müzakirə etmək çağırışına cavabdır. Dodon onu da qeyd edib ki, gələn il
Dnestryanı münaqişənin siyasi yolla həlli istiqamətində yekun ola bilər.
Tiraspol lideri onu da qeyd edib ki, Moldova ilə birləşmə haqqında danışmaq
istəmir və separatçı bölgənin müstəqillik kursunu bir daha təsdiqləyib.
Maraqlıdır ki, Kişinyovda Rusiya xarici işlər naziri Sergey Lavrovun
bir neçə gün əvvəl səsləndirdiyi fikir də əməlli-başlı gurultu qopardıb. Belə
ki, Moldova kütləvi informasiya vasitələri diqqəti Lavrovun tanınmamış qurumu
Moldovanın ayrılmaz hissəsi adlandırmasına diqqət ayırıb. Dnestryanı bölgədən
olan tələbənin sualını cavablandıran nazir bildirib ki, Rusiya Federasiyası
Dnestryanı bölgəni tanımayıb və onu Moldovanın bir hissəsi hesab edir. bloknot-moldova.md
xəbər verir ki, Moldova jurnalistləri həmin süjeti tanınmamış qurumun
telekanalının kəsdiyini və efirə vermədiyini bildiriblər. Lavrovun görüşü efirə
verilsə də, reportajda həmin hissəyə rast gəlmək mümkün olmayıb. Lavrov
bildirib ki, Rusiya 5+2 formatının iştirakçılarından biridir. "Bu format
münaqişənin bir neçə il əvvəl razılaşdırılan formatda həllini nəzərdə tutur. Bu
prinsiplər Dnestryanı bölgəyə Moldova tərkibində xüsusi status verilməsini
yalnız bir şərtlə nəzərdə tutur – Moldova öz suverenliyini saxlayır. Neytral
dövlət kimi qalır, yəni hansısa bir hərbi-siyasi bloka qoşulmamağı nəzərdə
tutur”, - deyə Lavrov bildirib. O xatırladıb ki, vaxtilə bu sənədin
imzalanmasına bir neçə saat qalmış ona maneələr yaradılıb. "Avropa
İttifaqındakı həmkarlarımız Moldovanın o vaxtkı prezidenti Valdimir Voroninə bu
sənədə imza atmağa mane oldular. Nəticədə "Kozakın memorandumu” imzalanmadı. Ardınca
Lavrov vurğulayıb ki, bu prinsipin əsasında 5+2 formatı (Moldova-Dnestryanı
bölgə - tərəflər, Rusiya, Ukrayna, ATƏT-vasitəçilər, Aİ və ABŞ
müşahidəçilərdir) işləyir.
O ki qaldı Dnestryanı bölgənin telekanalının verilişinə, Krasnoselski
"Nezavisimaya qazeta”ya bildirib ki, jurnalistlərin öz yanaşmaları var.
Verilişə gəldikdə isə ona baxmadığını deyib.
Bütün bunlarla yanaşı, rusiyapərəst prezident Dodon tanınmamış
qurumun rəhbərliyi ilə münaqişə ilə bağlı yığılıb qalan məsələləri müzakirə
etmək fikrində olduğunu bildirib. Bura ilk növbədə bank sahəsi və vətəndaşların
sərbəst hərəkəti mövzuları daxildir. "Biz daha çox vətəndaşların
qarşılaşdıqları cari məsələlərin üzərində konsentrasiya olunmuşuq”, - deyə
Dodon vurğulayıb. Sərbəst hərəkət etmək barədə məhdudiyyətlərə gəldikdə,
prezident bildirib ki, Dnestryanı bölgədən insanlar sağ sahilə hər hansı
problem olmadan gələ bilir. Analoji addımı Tiraspoldan da gözləyirlər. Onun
sözlərinə görə, nəzarət-buraxılış məntəqələrinin götürülməsi kifayət qədər
realistikdir. Başqa mühüm bir məsələ ondadır ki, Ukrayna ərazisindən Rusiya
qazının ixracının dayanması gündəmdədir. Bu isə Moldovanı 2020-ci ildən Rusiya
qazından məhrum ola bilər. Hazırda Moldova Ukrayna ərazisi ilə keçən
transbalkan dəhlizi ilə Rusiyadan 3 mlrd. kub metr qaz alır. Lakin Moskva və
Kiyev yeni şərtlər barədə razılığa gələ bilməsələr, bu tranzit gələn il
yanvarın 1-dən dayana bilər. Hələ ki, danışıqlarda hansısa bir irəliləyiş
yoxdur.
Yeri gəlmişkən, separatçı qurumun rəhbəri Dodonun daha bir təklifinə
reaksiya verib. Söhbət 2020-ci ildə Dnestryanı problemin həlli ilə bağlı yekun
qərarların qəbulundan gedir. Hazırda "kiçik addımlar siyasəti” aparılır. Bu da
Dnestrin hər iki sahilindəki insanlarının həyat tərzinin dəyişdirilməsinə
yönəlib. Tiraspolun mövqeyi üzündən Dnestryanı bölgənin mümkün statusu barədə
söhbət belə getmir. Lakin moldovalı rəsmilər status məsələsini də yaxın
zamanlarda həll etmək istəyirlər. Özü də Rusiyanın, Avropa İttifaqı və ABŞ-ın
köməyi ilə. Maraqlı odur ki, Dnestryanı bölgənin rəhbərliyi status məsələsinin
müzakirəsini tamamilə rədd edir. Bu
zaman Dnestryanı bölgədə 2006-cı ildə keçirilmiş referendumun nəticələri əsas
götürür. Orada isə bölgə əhalisinin 90 faizi Moldovadan ayrılmağa və Rusiya ilə
inteqrasiyaya səs verib. "Bizim mövqeyimiz dəyişməyib. Əgər nə vaxtsa mövqeni
dəqiqləşdirmək zərurəti olarsa, biz referendum keçirəcəyik”, - deyə tanınmamış qurumun rəhbəri bildirib. O
ki qaldı qərbpərəst hökumətin rəhbəri Mayya Sanduya, xanım baş nazir bildirib
ki, münaqişənin həllində qayda-qanun yaratmağın vaxtıdır.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Rusiya hər vəchlə yeni
hökuməti öz orbitində saxlamağa cəhd göstərir. Lavrovun bəyanatı da elə-belə
səslənməyib. Nəzərə alaq ki, gələn ay Sandu Moskvaya səfər edəcək. Bu və digər
məsələlərin də diqqət mərkəzində olacağı şübhəsizdir. Rusiya XİN rəhbəri nəzərə
çatdırır ki, yeni hökumət neytral siyasət yürütməklə və hər hansı bir
hərbi-siyasi bloka getməməklə Dnestryanı bölgəni qazana bilər. Sandu
hökumətinin buna gedib-getməyəcəyini isə zaman göstərəcək.
Azər NURİYEV