• çərşənbə axşamı, 16 aprel, 16:59
  • Baku Bakı 19°C

Rusiya demoqrafik böhranın yeni mərhələsindədir

08.03.17 10:00 1109
Rusiya demoqrafik böhranın yeni mərhələsindədir
Demoqrafik problem "Domokl qılıncı” kimi Rusiya cəmiyyətinin başı üzərində əsməkdə davam edir. Əhalinin sürətlə azalması artıq hakimiyyət üçün ciddi problemə çevrilir. Tək ötən il ölkədə son 16 ilin ən aşağı doğum göstəricisi qeydə alınıb. Əksəriyyətin gəldiyi qənaət budur ki, demoqrafiya son illər Rusiyada yaşanan problemlərin sırasında ən prioritet məsələdir. Hakimiyyət orqanları bununla bağlı çoxsaylı islahatlar, proqramlar, şirnikləndirici təkliflər irəli sürsələr də, vəziyyət düzəlmir. Yayılan məlumatlara görə, 1992-ci ildən 2016-cı ilədək Rusiya əhalisi səkkiz milyon azalıb ki, bu da ümumi əhalinin beş faizini təşkil edir. Bu sahə üzrə ixtisaslaşan ekspert Maşa Gessen yazır ki, Rusiyada müşahidə olunan ölüm reytinqi İkinci Dünya Müharibəsindən bəri Avropada qeydə alınmayıb. O, daha sonra qeyd edir ki, Rusiya dünyada yeganə ölkədir ki, sülh dönəmində əhalisi bu miqyasda və belə davamlı şəkildə azalır. Maraqlıdır ki, adətən Rusiya demoqrafiyasının qənimləri kimi sayılan alkoqolizm, narkomaniya və QİÇS artıq burada fövqəladə rol oynamır. HİV və vərəm kimi xəstəliklərdən ölənlərin sayına görə Rusiya özü ilə eyni gəlirə bərabər ölkələrdən çox fərqlənmir. Gessen sonda belə bir sualla çıxış edir. "Bəs rusların erkən ölməsinin səbəbi nədir?” Onun cavabı belədir: "Belə görünür ki, həyat həvəsi cəmiyyətin ümid və nikbinlik əmsalı ilə sıx bağlıdır”.
Yeri gəlmişkən, demoqrafların gəldiyi qənaət budur ki, ötən əsrin 90-cı illərindəki vəziyyət təkrarlana bilər. Özü də məsələ ondadır ki, tək demoqrafik deyil, həm də iqtisadi tendensiyalar doğumun səviyyəsinə təsir edir - ən əsası əhalinin rifah səviyyəsi aşağı düşür. Demoqrafların sözlərinə görə, tək ana kapitalı kifayət etmir. Əmək Nazirliyində etiraf edirlər ki, əlavə tədbirlər gərəkdir. Rusiyada demoqrafik göstəricinin müsbət axara düşəcəyini heç yaxın perspektivdə də gözləmək gərək deyil. Rusiya Statistika İdarəsinin məlumatına görə, 2016-cı il ölkədə dünyaya gələnlər baxımından fəlakət ili kimi tarixə düşüb. Ötən il ölkədə 1,9 mln. insan dünyaya gəlib. Bu da 2015-ci illə müqayisədə 50 faiz azdır. Qeyd edilir ki, demoqraflar artıq bir neçə ildir ki, ölkəyə fəlakət kimi ayaq basan demoqrafik problem barədə həyəcan təbili çalırlar. Məsələn, 2015-ci ildə Rusiya Elmlər Akademiyası, MDU, Elmi-Tədqiqat Ekspertiza İnstitutu, Ali İqtisadiyyat Məktəbi və s. qurumlar "Rusiyanı başının üstünü alan demoqrafik fəlakət və onun qarşını necə almalı” adı altında hesabat hazırlayıb. Bu hesabatda xüsusi vurğulanırdı ki, yaxın aylar ərzində Rusiya ötən əsrin 90-cı illərinin demoqrafik problemləri ilə üzləşə bilər.
Tədqiqatçılar 2007-ci ildən həyata keçirilən ana kapitalı proqramının mənfi fəsadlarına da diqqət yetirirlər. Lakin Rusiya hökumətində fərqli düşünürlər. Bu sahədə aparılan islahatların demoqrafik vəziyyəti 60 faiz dəyişdiyi iddia edilir. Baş nazirin müavini Olqa Qolodeç hökumətin ötən gün keçirilən iclasında bildirib ki, demoqrafik vəziyyətlə bağlı nəticələr unikaldır. "Dörd ildir ki, dalbadal asan olmayan vəziyyətdə biz əhalinin təbii artımının şahidi oluruq. Biz ümid edirik ki, gördüyümüz tədbirlər tempi qoruyub saxlamağa imkan verəcək. Lakin bir neçə il bundan əvvəl demoqraflar xəbərdar edirdilər ki, tək ana kapitalı kifayət etməyəcək” , - deyə o bildirib. Demoqraflar hesab edirlər ki, doğumun səviyyəsini artırmaq üçün effektiv addımlar atılmalıdır. Müavinətlər, vergi ödəmələri, valideynlərə dəstək verilməsi, əmək məşğulluğu təqdim edilməlidir. Rusiya Ali İqtisadiyyat Məktəbinin rəsmisi Andrey Korotayev hesab edir ki, doğum səviyyəsinin aşağı düşməsi aşağıdakı faktorla əlaqəlidir - bu, aydın və proqnoz ediləndir. Hazırda 20-29 yaşında olan qadınlar arasında doğum ən aşağı həddədir. Doğumun bu səviyyəsi 2020-ci ilə kimi davam edəcək.
Açılan rəqəmlərə görə, son 8 ildə Rusiya əhalisinin azalması davam edib.Əhali 2 milyon 200 min nəfər və ya 1,6 faiz azalıb. Hazırda Rusiyada 146,9 milyon adam yaşayır. Rusiyanın 83 regionundan cəmi 20-də əhali artıb, bunlar da etnik regionlardır, yəni burda əsas əhali qeyri-rusdur.Rusiyada ikinci böyük demoqrafik problem qadınların kişilərdən çox olmasıdır.Hazırda hər 47 kişiyə 53 qadın düşür.Statistika Xidməti Rusiyada kişilərlə qadınların sayı arasında belə natarazlığın bir əsas səbəbini kişilər arasında erkən ölümün çoxluğunda görür.BMT-nin 2009-cu il hesabatına görə, Rusiya əhalisi 2050-ci ilə azalıb, 116 milyona düşəcək.Moskvadakı Ali İqtisadiyyat Məktəbinin siyasi elmlər kafedrasının rəhbəri Mark Urnov deyir: "Bugünkü demoqrafik proses, yəni əhalinin azalması çox güclüdür. Artımı dövlət büdcəsi ilə həvəsləndirməklə iş bitmir. Bu, həm də mədəniyyət məsələsidir. Biz istehlakçı cəmiyyətində yaşayırıq. Belə olanda həmişə təbii artım azalır. Bu, Avropada da müşahidə olunur. Bir az zəif şəkildə ABŞ-da da eyni proses gedir”. Siyasi təhlilçi deyir ki, beyin axını da demoqrafik problemi yaradan əsas səbəblərdəndir: "Bu yaxınlarda regionlarda keçirilmiş araşdırma göstərdi ki, xırda və orta bizneslə məşğul olanlar pullarını qorumaq üçün çıxıb-gedirlər. Bəs kim qalır?” Urnovun fikrincə, "əgər Rusiya vəziyyəti kökündən dəyişmək istəyirsə, uzunmüddətli büdcə siyasətini dəyişdirməlidir. Təhsilə, uşağa baxmağa, uşaq bağçalarına, məktəblərə, mədəniyyətə xərcləri artırmalıdır. Uzun müddətə hesablanan dəyərlər sistemi yaradılmalıdır. Bəlkə onda vəziyyət düzələ”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər