Rusiya demoqrafik böhranın yeni mərhələsindədir
Demoqrafik problem "Domokl qılıncı” kimi Rusiya cəmiyyətinin başı
üzərində əsməkdə davam edir. Əhalinin sürətlə azalması artıq hakimiyyət üçün
ciddi problemə çevrilir. Tək ötən il ölkədə son 16 ilin ən aşağı doğum göstəricisi
qeydə alınıb. Əksəriyyətin gəldiyi qənaət budur ki, demoqrafiya son illər
Rusiyada yaşanan problemlərin sırasında ən prioritet məsələdir. Hakimiyyət
orqanları bununla bağlı çoxsaylı islahatlar, proqramlar, şirnikləndirici təkliflər
irəli sürsələr də, vəziyyət düzəlmir. Yayılan məlumatlara görə, 1992-ci ildən
2016-cı ilədək Rusiya əhalisi səkkiz milyon azalıb ki, bu da ümumi əhalinin beş
faizini təşkil edir. Bu sahə üzrə ixtisaslaşan ekspert Maşa Gessen yazır ki,
Rusiyada müşahidə olunan ölüm reytinqi İkinci Dünya Müharibəsindən bəri
Avropada qeydə alınmayıb. O, daha sonra qeyd edir ki, Rusiya dünyada yeganə
ölkədir ki, sülh dönəmində əhalisi bu miqyasda və belə davamlı şəkildə azalır.
Maraqlıdır ki, adətən Rusiya demoqrafiyasının qənimləri kimi sayılan
alkoqolizm, narkomaniya və QİÇS artıq burada fövqəladə rol oynamır. HİV və
vərəm kimi xəstəliklərdən ölənlərin sayına görə Rusiya özü ilə eyni gəlirə
bərabər ölkələrdən çox fərqlənmir. Gessen sonda belə bir sualla çıxış edir.
"Bəs rusların erkən ölməsinin səbəbi nədir?” Onun cavabı belədir: "Belə görünür
ki, həyat həvəsi cəmiyyətin ümid və nikbinlik əmsalı ilə sıx bağlıdır”.
Yeri gəlmişkən, demoqrafların gəldiyi qənaət budur ki, ötən əsrin
90-cı illərindəki vəziyyət təkrarlana bilər. Özü də məsələ ondadır ki, tək
demoqrafik deyil, həm də iqtisadi tendensiyalar doğumun səviyyəsinə təsir edir
- ən əsası əhalinin rifah səviyyəsi aşağı düşür. Demoqrafların sözlərinə görə,
tək ana kapitalı kifayət etmir. Əmək Nazirliyində etiraf edirlər ki, əlavə
tədbirlər gərəkdir. Rusiyada demoqrafik göstəricinin müsbət axara düşəcəyini
heç yaxın perspektivdə də gözləmək gərək deyil. Rusiya Statistika İdarəsinin
məlumatına görə, 2016-cı il ölkədə dünyaya gələnlər baxımından fəlakət ili kimi tarixə düşüb. Ötən il ölkədə 1,9 mln.
insan dünyaya gəlib. Bu da 2015-ci illə müqayisədə 50 faiz azdır. Qeyd edilir
ki, demoqraflar artıq bir neçə ildir ki, ölkəyə fəlakət kimi ayaq basan
demoqrafik problem barədə həyəcan təbili çalırlar. Məsələn, 2015-ci ildə Rusiya
Elmlər Akademiyası, MDU, Elmi-Tədqiqat Ekspertiza İnstitutu, Ali İqtisadiyyat
Məktəbi və s. qurumlar "Rusiyanı başının üstünü alan demoqrafik fəlakət və onun
qarşını necə almalı” adı altında hesabat hazırlayıb. Bu hesabatda xüsusi
vurğulanırdı ki, yaxın aylar ərzində Rusiya ötən əsrin 90-cı illərinin
demoqrafik problemləri ilə üzləşə bilər.
Tədqiqatçılar 2007-ci ildən həyata keçirilən ana kapitalı proqramının
mənfi fəsadlarına da diqqət yetirirlər. Lakin Rusiya hökumətində fərqli
düşünürlər. Bu sahədə aparılan islahatların demoqrafik vəziyyəti 60 faiz
dəyişdiyi iddia edilir. Baş nazirin müavini Olqa Qolodeç hökumətin ötən gün
keçirilən iclasında bildirib ki, demoqrafik vəziyyətlə bağlı nəticələr
unikaldır. "Dörd ildir ki, dalbadal asan olmayan vəziyyətdə biz əhalinin təbii
artımının şahidi oluruq. Biz ümid edirik ki, gördüyümüz tədbirlər tempi qoruyub
saxlamağa imkan verəcək. Lakin bir neçə il bundan əvvəl demoqraflar xəbərdar
edirdilər ki, tək ana kapitalı kifayət etməyəcək” , - deyə o bildirib.
Demoqraflar hesab edirlər ki, doğumun səviyyəsini artırmaq üçün effektiv
addımlar atılmalıdır. Müavinətlər, vergi ödəmələri, valideynlərə dəstək
verilməsi, əmək məşğulluğu təqdim edilməlidir. Rusiya Ali İqtisadiyyat
Məktəbinin rəsmisi Andrey Korotayev hesab edir ki, doğum səviyyəsinin aşağı
düşməsi aşağıdakı faktorla əlaqəlidir - bu, aydın və proqnoz ediləndir. Hazırda
20-29 yaşında olan qadınlar arasında doğum ən aşağı həddədir. Doğumun bu səviyyəsi
2020-ci ilə kimi davam edəcək.
Açılan rəqəmlərə görə, son 8 ildə Rusiya əhalisinin azalması davam
edib.Əhali 2 milyon 200 min nəfər və ya 1,6 faiz azalıb. Hazırda Rusiyada
146,9 milyon adam yaşayır. Rusiyanın 83 regionundan cəmi 20-də əhali artıb,
bunlar da etnik regionlardır, yəni burda əsas əhali qeyri-rusdur.Rusiyada
ikinci böyük demoqrafik problem qadınların kişilərdən çox
olmasıdır.Hazırda hər 47 kişiyə 53 qadın düşür.Statistika Xidməti Rusiyada
kişilərlə qadınların sayı arasında belə natarazlığın bir əsas səbəbini kişilər
arasında erkən ölümün çoxluğunda görür.BMT-nin 2009-cu il hesabatına
görə, Rusiya əhalisi 2050-ci ilə azalıb, 116 milyona düşəcək.Moskvadakı
Ali İqtisadiyyat Məktəbinin siyasi elmlər kafedrasının rəhbəri Mark Urnov deyir:
"Bugünkü demoqrafik proses, yəni əhalinin azalması çox güclüdür. Artımı dövlət
büdcəsi ilə həvəsləndirməklə iş bitmir. Bu, həm də mədəniyyət məsələsidir. Biz
istehlakçı cəmiyyətində yaşayırıq. Belə olanda həmişə təbii artım azalır. Bu,
Avropada da müşahidə olunur. Bir az zəif şəkildə ABŞ-da da eyni proses gedir”. Siyasi
təhlilçi deyir ki, beyin axını da demoqrafik problemi yaradan əsas
səbəblərdəndir: "Bu yaxınlarda regionlarda keçirilmiş araşdırma göstərdi ki,
xırda və orta bizneslə məşğul olanlar pullarını qorumaq üçün çıxıb-gedirlər.
Bəs kim qalır?” Urnovun fikrincə, "əgər Rusiya vəziyyəti kökündən dəyişmək
istəyirsə, uzunmüddətli büdcə siyasətini dəyişdirməlidir. Təhsilə, uşağa
baxmağa, uşaq bağçalarına, məktəblərə, mədəniyyətə xərcləri artırmalıdır. Uzun
müddətə hesablanan dəyərlər sistemi yaradılmalıdır. Bəlkə onda vəziyyət
düzələ”.
Azər NURİYEV