“Rusiya çalışır ki, Azərbaycanı özündən asılı dövlətə çevirsin”

“Rusiya çalışır ki, Azərbaycanı özündən asılı dövlətə çevirsin”

Müsahibə
22 Noyabr 2012, 16:54 1405
Rusiya ilə Azərbaycan arasındakı münasibətlər, Qəbələ RLS-in bu əlaqələrdə oynadığı rol, Xəzər dənizinin hüquqi statusu, ölkəmizin Şimal sərhədində rus qoşunlarının cəmlənməsi, separatçılığın dəstəklənməsinə yönəlik cəhdlər və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri, politoloq Rüstəm Məmmədov cavablandırır.

- Rüstəm müəllim, son dövrlər Azərbaycana kənar dövlətlər tərəfindən təzyiqlərin edilməsi barədə müxtəlif fikirlər, ehtimallar səsləndirilir. Həmin ehtimallarda şimal qonşumuz Rusiyanın adı daha tez-tez çəkilir. Bir politoloq kimi bu məsələyə münasibətinizi öyrənmək istərdik.

- Rusiya böyük bir imperiyadır. Rəsmi Moskva hər zaman bu imperiya ideyasını yaşadıb və indi də yaşatmağa davam edir. Daha doğrusu, bu ölkə hazırkı sərhədləri, durumu ilə barışmır, rahatlıq keçirmir. Rusiyanın maddi durumu çətinləşdikcə, onun imperiya ambisiyaları artır. Biz bunu qəbul etsək də, etməsək də Rusiyanın hazırkı reallığı budur. Yəni, Rusiyanın modelində bizim müstəqilliyimizin dəyərləndirə bilmədiyi məsələ gündəmə gəlir. İkinci bir tərəfdən, Rusiya bizim böyük qonşumuzdur. Azərbaycanın iqtisadi durumunun təmin olunmasında da Rusiya faktoru önəmli rol oynayır. Bunu yaddan çıxarmamalıyıq. Sadəcə, şimal qonşumuzdan istədiyimiz budur ki, bizə bənd olmasın, müstəqil siyasətimizə qarışmasın, ölkəmizi rahat buraxsın. Əslində məntiq belədir. Biz bu məntiqi ideallaşdırmağa, Rusiyanın reallığını özümüzə xeyirli istiqamətdən yönəltməyə çalışırıq. Bu da baş tutmayanda mediada Rusiya əleyhinə müxtəlif materiallar dərc olunur.

Mənə belə gəlir ki, Rusiya faktoru adi məsələ deyil. Yəni, Rusiya indiyə qədər də sakitləşə bilmir ki, regionda müstəqil dövlətlər yaranır, həmin dövlətlərin müstəqil siyasəti olur. Rusun bu məntiqini dəyişmək bizim imkanımızdan xeyli kənardadır. Rus məntiqini dəyişmək qeyri-mümkündür. Ancaq, Rusiyanı siyasi cəhətdən müəyyən dərəcədə neytrallaşdırmaq ideyası var. Bu istiqamətdə Azərbaycanın ali dairələri müxtəlif cəhdlər edirlər. Hətta burada müəyyən nailiyyətlər də var. Bizim üçün Rusiya faktoru necə var, elə olaraq da qalmaqdadır. Bizim siyasətimizdə mütəmadi olaraq korrektə etməyə səbəb hər zaman Rusiya məsələsidir.

- Sizcə, Rusiyanın Azərbaycana təzyiqlərinin arxasında nə dayana bilər?

- Azərbaycanın müstəqil xarici siyasət həyata keçirməsi, müstəqil şəkildə iqtisadi siyasət reallaşdırması, Cənubi Qafqaz regionunun nüfuzlu dövlətinə çevrilməsi, beynəlxalq arenada söz sahibi olması və sair. Bütün bunlar Azərbaycan üçün önəmli bir məsələdir.

- Ekspertlərin qənaətinə görə, Moskva ilə Bakı arasındakı narazılığa səbəblərdən biri də Azərbaycan tərəfinin Qəbələ RLS-in icarə haqqını artırmasıdır. Məgər, Qəbələ RLS Rusiya üçün bu qədərmi strateji əhəmiyyətə malikdir?

- Qəbələ RLS bütövlükdə zəif arqumentdir. Burada daha qlobal maraqlar durur. Məsələn, Azərbaycanın neft-qaz strategiyası, iqtisadi siyasəti Rusiyanın Qərbə münasibətinə böyük zərbə yetirir. Birmənalı surətdə qəbul etməliyik ki, Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft boru xətti ilə Avropaya açılan pəncərəni tamamlamış oldu. Bu yolla Qərbin enerji imkanlarını Rusiyasız da həll etməyin mümkün olması ideyasını meydana çıxardı. Əvvəllər Rusiya qazı və nefti Avropaya istənilən qiymətə satırdı. İndi o rəqabət, o imkanlar dağılandan sonra Rusiyanın bazarı da dağılır. Bu reallıqda məntiqi nəticəmiz nə ola bilər? Nə əldə edib, nə itirəcəyik? Rusiya kimi qonşunu özümüzə düşmən etməməli, onu itirməməliyik. Lakin Rusiya ilə vahid bir iqtisadi məkanda yaşamaq da çox çətindir. Çünki Rusiyanın artan ambisiyaları bizim daxili və xarici iqtisadi siyasətimizə böyük xələl gətirir.

- Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməməsini də Azərbaycanın neft-qaz strategiyasının, müstəqil iqtisadi siyasətinin əngəllənməsi istiqamətində Rusiyanın fəaliyyəti kimi dəyərləndirmək olarmı?

- Tamamilə doğrudur. İşin qaynaqlandığı nöqtə də elə o hissədən başlayır. Rusiya Azərbaycanın Xəzər siyasətini qəbul edə bilmir. Baxmayaraq ki, məcbur olub tanıyıb, hətta bölgünü də müəyyən dərəcədə həyata keçirib. Amma Rusiya yenə də Azərbaycanın Xəzər siyasətini tanımaq, qəbul etmək istəmir. İstəmir ki, Azərbaycan özünün müstəqil neft-qaz siyasətini həyata keçirsin. Bu, belə qiymətləndirilir.

- Sizcə, Rusiyanın Azərbaycanda separatizmi dəstəkləməsi barədə məlumatlar da bu planın tərkib hissəsi sayıla bilərmi?

- Separatçılığa meyilli “Sadval” təşkilatının Rusiyada tədbir keçirməsi, etnik azlıq sayılan bəzi ləzgilərin orada iştirakı, həmçinin Azərbaycanda talış birliyinin yaradılması və sair kimi hadisələri də rəsmi Moskvanın vahid təsir metodlarının bir ssenarisidir. İstər-istəməz həmin hadisələr bu və ya başqa formada Azərbaycana qarşı təsir metodları kimi qiymətləndirilə bilər. Kreml öz iddialarını təmin etmək üçün bütün imkanlardan yararlanmağa çalışır. Çünki Azərbaycanın Qərbə yönəlməsi daha da sürətli ola bilər. Azərbaycan Qərb modelini daha dəqiqliklə tuta bilər. Rusiyada da bundan qorxurlar və təbii ki, çalışırlar hər vəchlə Azərbaycanı özlərindən asılı dövlətə çevirsinlər.

- Yaranmış bu durumda Azərbaycan necə davranmalıdır?

- Birinci növbədə təxribatlara uymamalıdır. Məsələn, deyirlər ki, Rusiyada bazarlar bağlanılır. Bu faktın özü də Azərbaycana bir təsir metodu sayıla bilər. Hamıya bəllidir ki, bu bazarlarda çalışanların böyük əksəriyyəti Azərbaycan etnosudur. Həmin bazarlar dağılsa, deməli, onların maddi durumu, geri qayıtma məsələsi gündəmə gəlir. Bu, Azərbaycana, xüsusən də orada işləyən azərbaycanlılara böyük iqtisadi zərbə ola bilər. Belə hadisənin baş verməməsi üçün, mənə elə gəlir ki, vaxtı ilə bu istiqamətdə işlənmiş bir modelə yenidən qayıtmaq lazımdır. Belə ki, müxtəlif nümayəndələr qrupu təşkil olunmalı, xalq diplomatiyası adı altında Rusiya dairələrinə göndərilməli, siyasi məqsədlər naminə əməli tədbirlər həyata keçirilməlidir. Azərbaycanda kifayət qədər rusdilli əhali var. Onların da nümayəndələri ilə iş aparıb Rusiyaya göndərmək olar. Yetər ki, ölkələr arasındakı gərginlik aşağı səviyyəyə ensin.

Baş nazir və digər hökumət üzvləri səviyyəsində Rusiya-Azərbaycan dialoqu da gücləndirilməlidir. Kremli inandırmaq lazımdır ki, Azərbaycan ağıllı, məntiqli, şovinist olmayan, demokratik Rusiyasız yaşaya bilməz. Digər xalqlar kimi rus xalqına da Azərbaycanda böyük ehtiram var. Amma bütövlükdə şovinist Rusiyanı biz qəbul etmirik. Rəsmi Moskvanın nümayəndələri ilə dialoq zamanı bu kimi məsələlər diqqətə çatdırılmalıdır. Rusiya dairələrinə izah edilməlidir ki, onlar harada, hansı səhvlərə yol verirlər. Bu səhvlərin Azərbaycan və Rusiya arasındakı isti münasibətlərə necə kölgə saldığı açıq-aşkar göstərilməlidir. Bu kimi modellərdən istifadə etməklə, rus dairələrinə çıxmalı, dialoq qurmalıyıq.

- Rusiyanın Azərbaycana təzyiq ehtimalları təsdiqlənərsə, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri necə ola bilər?

- Rusiya Dağlıq Qarabağ kartını itirmək fikrində deyil. Rəsmi Moskva Qarabağ kartından o zaman əl çəkər ki, Azərbaycan yenidən Rusiyanın orbitində olsun. Amma gerçəklik budur ki, biz Rusiyanın orbitində qala bilmərik. Biz ölkə olaraq, bütün dünya dövlətləri ilə dostluq qurmağı bacarmalıyıq. Ancaq bu, milli, dövlət maraqlarının müdafiəsi kontekstində baş verməlidir. Mənə elə gəlir ki, hazırkı dövr bizim üçün sınaq dövrüdür. Bu sınaq dövründən ağlımızı, məntiqimizi işlədərək zərərsiz çıxmalıyıq. Bunun yeganə yolu budur. Biz Rusiya ilə mübarizə apara bilərik. Bizim buna nə həvəsimiz, nə də gücümüz var. Azərbaycanın siyasi elitası Rusiya ilə dostluq münasibəti qurmaq niyyətindədir və çalışır ki, bu xoş niyyətini həyata keçirsin. Rusiyanın özünü inandırmaq lazımdır ki, şovinist siyasət onun özünə böyük zərbədir. Belə rəftar Rusiyaya xoş münasibəti olan ölkələri diksindirir, ruslardan uzaqlaşdırır.

- Bəzi analitiklərin sözlərinə görə, Rusiyanın şimal sərhədlərimizə qoşun toplaması rəsmi Moskvanın gələcəkdə yarana biləcək hər hansı situasiyadan istifadə edib Azərbaycana hərbi müdaxilə etmək istəyinə xidmət edir. Siz bu fikirləri necə qiymətləndirirsiniz?

- Mən inanmıram ki, iki ölkə arasındakı gərginlik Rusiyanın Azərbaycana hərbi müdaxiləsinə gətirib çıxarsın. Bu, Rusiya üçün də arzuolunan hal deyil. Digər tərəfdən, hansısa qüvvə tərəfindən Azərbaycanın işğalı elə də asan məsələ deyil. Sadəcə, rəsmi Moskva Yaxın Şərqdəki hadisələrdən narahatdır. Ona görə də qoşunların dislokasiyasını Yaxın Şərq istiqamətində möhkəmləndirir. Çünki, ABŞ-ın Suriya və İran hadisələrində sərgilədiyi mövqe birbaşa Rusiyanın əleyhinə işləyir.

Rufik İSMAYILOV