• şənbə, 20 Aprel, 16:49
  • Baku Bakı 23°C

Rusiya Bakının Dağlıq Qarabağ siyasətini müdafiə edəcək

15.02.18 16:12 728
Rusiya Bakının Dağlıq Qarabağ siyasətini müdafiə edəcək
Rusiyada keçiriləcək prezident seçkilərində Vladimir Putinin qalib gəlməsindən sonra Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi tədbirlər görəcək və Moskva onun bu siyasətini dəstəkləyəcək.
Erməni politoloq Graçiya Qalosetyanın fikrincə, Azərbaycanda erkən prezident seçkisinin elan olunması yerli və regional KİV-də şərh edildiyi kimi, heç də ölkədəki iqtisadi vəziyyətlə bağlı deyil. "Erməni analitiklər seçki tarixinin dəyişdirilməsilə bağlı təhlillərdə tələskənliyə yol verir. Başqa sözlə, bizim siyasi şərhçilərimiz Azərbaycanı istədikləri kimi təsvir etmək istəyir. Halbuki, vəziyyət tamamilə fərqlidir”, - deyə o, bildirib: "Azərbaycanda xüsusi iqtisadi böhran yoxdur. Əksinə iqtisadi inkişafla bağlı müsbət göstəricilər var. Azərbaycan Ermənistanın uzun illərdir müttəfiq gözü ilə baxdığı ölkələrlə yaxşı münasibətlər qurub və bu əlaqələrdə ticarət, iqtisadiyyat əhəmiyyətli paya malikdir”.
Qalosetyan Tehran, Bakı və Moskvanın ən böyük regional nəqliyyat layihəsi olan "Şimali-Cənub” dəhlizinin yaradılmasında əməkdaşlıq etdiklərini xatırladıb: "Martda Astara-Astara dəmir yolu xətti İran və Azərbaycan prezidentlərinin iştirakı ilə fəaliyyətə başlayacaq. İran rəsmiləri bu layihəni Fars körfəzi ilə Qara dənizi birləşdirən ən vacib marşrut kimi xarakterizə edir. Bu layihənin həyata keçirilməsilə Azərbaycan iqtisadi nailiyyətlərlə yanaşı, mühüm siyasi mövqe də əldə edəcək”.
Politoloq fikrini belə davam etdirib: "Bütün sadalananlardan sonra, Azərbaycanda iqtisadi böhran haqda danışmaq yersizdir. Avropanın hər imkanda Azərbaycanın əhəmiyyətini vurğulaması da bu ölkənin avropalıların yanında güclü mövqeyə sahib olduğunu təsdiqləyir. Bütün bunlarla yanaşı, İlham Əliyevlə Vladimir Putinin münasibətləri çox yaxşıdır. Rusiya telekanallarında Ermənistana qarşı efirə verilən xəbərlər, hətta təhqirlər də bunu təsdiqləyir. Həmin kanallarda Azərbaycanla bağlı heç bir tənqidə yol verilmir”.
Erməni analitik Aleksandr Duqinin, Solovyovun, Proxanovun Azərbaycana səfər etdiklərini xatrladıb, onların işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasını müdafiə etdiklərini söyləyib. "Üstəlik, Kreml Sarqsyanın fəaliyyətindən narazılığını heç vaxt gizlətməyib. Görünür, Rusiyada prezident seçkilərindən sonra rəsmi Bakı Dağlıq Qarabağ probleminin həlli istiqamətində bir sıra addımlar atacaq, Rusiya isə bu işdə Azərbaycanı dəstəkləyəcək”.
Daha bir erməni siyasi şərhçisi Naira Ayromyan isə Rusiyanın qarşıdan gələn prezident seçkisindən sonra Yerevanın işlərinə müdaxilə edəcəyini düşünür. "Bu, daha çox Yerevanın Moskva ilə münasibətdə mərkəzdənqaçma hərəkətlərinə yol verməsilə bağlıdır”, - deyə o, qeyd edib.
Məlum olduğu kimi, son günlərdə Ermənistanda NATO hərbi təlimlərinin təşkililə bağlı xəbərlər yayılıb. Düzdür, Ermənistan hakimiyyəti xəbəri təkzib edir. Amma görünən odur ki, Ermənistanda Kremlin ürəyincə olmayan pərdəarxası hadisələr baş verməkdədir və bunun mənfi nəticələri Rusiyada keçiriləcək seçkidən sonra ortaya çıxacaq.
ANAJ,İran
15.02.2018
Fars dilindən tərcümə - WorldMedia.Az
banner

Oxşar Xəbərlər