AZE | RUS | ENG |

Rusiya Azərbaycana təminat verməlidir - Səfir

Rusiya Azərbaycana təminat verməlidir - Səfir
Polad Bülbüloğlu: “Rusiya hökuməti təminat verməlidir ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanların əziyyəti boşa getməsin”


Dmitri Savelyev: “Perspektivdə ölkələrimiz arasındakı ticarət dövriyyəsindəki hesablaşmalarda manat və rubldan istifadə etmək mümkündür”

Moskvada ABŞ və Avropa ölkələrinin iqtisadi sanksiyaları ilə əlaqədar Azərbaycan-Rusiya ticarət münasibətlərinin inkişaf perspektivlərinə dair mətbuat konfransı keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, konfransda çıxış edən Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu sentyabrın 15-də Bakıda Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasının keçirildiyini bildirib: "Komissiyanın iclasında Rusiyadan 5 nəfər nazir müavini, Dövlət Duması və Federasiya Şurasının komitə sədrləri və vitse-spiker iştirak etdilər. Prezident İlham Əliyev də Rusiyadan gələn nümayəndə heyətini qəbul elədi. Hökumətlərarası komissiyanın iclası çox səmərəli keçdi İki ölkə arasındakı əlaqələrə dair gündəlikdə duran əsas məsələlər və müzakirə olundu. Hökumətlərarası Komissiyanın gündəmi çox geniş idi. Əsas müzakirə mövzusu təbii ki, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı idi. İki ölkənin müxtəlif nazirlikləri bu barədə geniş müzakirələr apardılar".

Səfir Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının daşınmasının nizama salınmasının vacibliyini vurğulayıb: "Azərbaycan kənd təsərrüfat məhsulları ilə özünü tam təmin edir, həm də ixracla məşğul olur. Bu gün Azərbaycanla Rusiya arasında logistika çox yüksək səviyyədədir. Lakin məhsulların daşınmasında bəzən inzibatı problemlər baş verir. Bu problemlərdən biri də Rusiyanın İstehlak Bazarına Nəzarət Xidmətinin ("Rospotrebnadzor") yaratdığı problemlərdir. Kənd təsərrüfatı məhsulları tez xarab olan məhsullardır. Təbii ki, məhsulun keyfiyyəti yoxlanılmalıdır. Lakin məhsulun Rusiya bazarlarına çatdırılması asanlaşdırılmalıdır. Bunun üçün dövlətin mexanizmləri mövcuddur. Hökumətlərarası komissiyanın iclasında da bunlar müzakirə olundu. Rusiyaya nə qədər kənd təsərrüfatı məhsulu lazımdı? Azərbaycandakı fermer təminat almalıdır ki, yetişdirdiyi məhsulu Rusiya ondan alacaq. Rusiya hökuməti təminat verməlidir ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanların əziyyəti boşa getməsin. Bütün bu məsələlərin həlli yolları və mexanizmləri hökumətlərarası komissiyanın iclasında müzakirə mövzusu oldu".

P. Bülbüloğlu Azərbaycandan Rusiyaya təkcə meyvə-tərəvəzin deyil, quş əti və yumurtanın da ixrac olunmasının müzakirə olunduğunu söyləyib.

Rusiya Dövlət Dumasının maliyyə bazarı üzrə iş komitəsinin sədr müavini Dmitri Savelyev çıxışında bildirib ki, Azərbaycanın Rusiya bazarında yer alması üçün böyük şans yaranıb: "Azərbaycan unikal ölkədir. Bu gün ölkədə yüksək inkişaf var. Bu inkişafı heç bir post-sovet ölkəsində görmək mümkün deyil. Azərbaycan məhsulları Orta Asiya və Çin məhsullarından daha keyfiyyətlidir. Rusiya bazarında bu məhsulları böyük məmnuniyyətlə və böyük həcmdə görmək istərdik".

Deputat Rusiya bazarına Azərbaycan banklarını da dəvət edib: "Çünki Azərbaycan manatını əsassız yerə "qızıl manat" adlandırmırlar. Azərbaycanın milli valyutası çox sabitdir. Hətta perspektivdə ölkələrimiz arasındakı ticarət dövriyyəsindəki hesablaşmalarda manat və rubldan istifadə etmək mümkündür".

İctimai Palatanın üzvü, politoloq Sergey Markov isə çıxışında Rusiyanın Azərbaycanla neft və energetika, hərbi-texniki sahədə uğurla əməkdaşlıq etdiyini bildirib: "Qərbin Rusiyaya qarşı sanksiyaları düşmənçilik siyasətinin təzahürüdür. Azərbaycan Rusiyanın tərəfdaşı olaraq böyük Rusiya bazarında özünün keyfiyyətli məhsulu ilə daha da inamlı iştirak edə bilər. Azərbaycan kənd təsərrüfatı məhsulları ilə də zəngin ölkədir və onun Rusiyanı bu məhsullarla təmin etməyə imkanı var. Bu amil Azərbaycan iqtisadiyyatına da müsbət təsir edəcək".

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN