• cümə axşamı, 25 aprel, 05:27
  • Baku Bakı 19°C

Rusiya-Azərbaycan: iqtisadiyyat və biznes

07.09.18 17:38 1057
Rusiya-Azərbaycan: iqtisadiyyat və biznes
Azərbaycan və Rusiya arasında bütün sahələri əhatə edən əməkdaşlıq ilbəil yüksəlməkdə davam edir. Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfər etməsi, həmkarı Vladimir Putinlə birgə bəyanata imza atması, eləcə də hökumət üzvləri və şirkət rəhbərləri arasında müxtəlif razılaşmaların əldə edilməsi ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına yeni təkan olacaq. Bu səfər qonşu ölkənin mediasında geniş müzakirə olunur. "Rusiya-Azərbaycan iqtisadi münasibətləri son dövrlər tamamilə yeni səviyyəyə yüksəlib”. "Vestnik Kafkaza” portalında dərc olunan məqalə məhz belə başlayır. Məqalədə vurğulanır ki, prezidentlər Vladimir Putin və İlham Əliyevin Soçidə keçirilən görüşündən sonra ikitərəfli əlaqələrin rəqəmsal iqtisadiyyat elementlərinə əsaslanacağı artıq tam şəkildə təsdiqini tapıb. Lakin elə bunsuz da ötən il iki ölkə arasında ticarət münasibətlər 35 faiz yüksələrək 2,5 mlrd. dollara yüksəlib. 2000-ci illərdən bəri Rusiyanın ən iri sənaye müəssisələri "Avtovaz”, "Rostelmaş”, "Metrovaqonmaş”, "Krasnaya Sormovo” gəmi təmiri zavodu (bu müəssisə Xəzər Dəniz Gəmiçiliyinin tankerlərlə bağlı sifarişlərini həyata keçirir) Azərbaycan bazarında yer tutub. Daha bir misal. 2008-ci ilin mayında Sankt-Peterburqun "Baltika” şirkəti Azərbaycanın Baku-Kastel pivə emalı zavodunu alıb. Bir il sonra Xırdalan şəhərində ilk məhsul təqdim edilib. 20 mln dollar investisiya yatırmaqla istehsalın modernləşməsi prosesi başa çatıb. Bundan əlavə, Rusiyanın "Rosaqromaş” assosiasiyası yerli "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə Azərbaycana kənd təsərrüfatı texnikasının ixracını artırıb. Bura "Niva” taxılyığan kombaynları daxildir. Azərbaycanda bundan əlavə Rusiya-Azərbaycan birgə "XəzərLada” müəssisəsi fəaliyyət göstərir. Bu müəssisə Rusiyanın məşhur "Avtovaz” şirkətinin kapitalı əsasında təsis edilib. Azərbaycan müəssisələri ilə "Sollers” ASC-yə daxil olan "UAZ” ASC də aktiv əməkdaşlıq edir. Bu müəssisə avtomobil və xüsusi texnika, texniki xidmət, avtomobil hissələrinin satışını həyata keçirir. UAZ şirkətinin Azərbaycanda əsas alıcıları neft və qaz sənayesi müəssisələri (ARDNŞ, Azəriqaz, Azərsu), eləcə də, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi və inşaat şirkətləridir. Azərbaycan investorları da Rusiya ərazisində sənaye obyektlərinə investisiya yatırırlar. 2010-cu ildə Krasnodar vilayətində çay emalı fabriki istismara verilib. Beloreçensk şəhərində inşa edilən müəssisəyə 17 mln. dollar investisiya yatırılıb. Bundan əlavə, "Azersun Holding”in maliyyə dəstəyi ilə konserv zavodunun inşasına başlanılıb. Maliyyə-bank sektorunda da əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycan Beynəlxalq Bankının Rusiyada fəaliyyət göstərən bölməsi - MBA-Moskva uğurla fəaliyyət göstərir. MBA-Moskva Rusiyada bütövlükdə 9 yerdə qərarlaşıb – Moskvada 5, Sankt-Peterburqda 3, Yekaterinburqda isə 1. Azərbaycan bazarında aktiv fəaliyyət göstərən banklardan biri də "VTB-Azərbaycan”dır. Bu bank 2009-cu ildən fəaliyyət göstərir. Rusiyanın "Uralsib”, "Nikoyl” banklarının da Azərbaycanda bölmələri fəaliyyət göstərir. Onlar aktivlərin həcminə görə, ilk onluğa düşüblər. Ötən il Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 mlrd. dollar təşkil edib. Azərbaycan bazarında 700-dək birgə şirkət fəaliyyət göstərir, onların üçdə biri 100 faizli Rusiya kapitalıdır. Soçidə baş tutan sammitdə Vladimir Putin də bəyan edib ki, sahibkarlıq müəssisələri, cəmiyyətləri arasında əlaqələr, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr güclənir. Rusiya-Azərbaycan İşgüzar Şurası tək ötən il birgə layihələrə 450 mln. dollar dəstək verib. Bundan əlavə, Azərbaycanda Rusiyanın energetika şirkətləri – Qazprom, Transneft və Lukoyl uğurla fəaliyyət göstərir. Rusiya və Azərbaycanın enerji sistemi inteqrasiya olunmuş rejimdə çalışır. Sənaye sahəsində də kooperasiya genişlənir. Məsələn, "Kamaz” lisenziyalı yük maşınlarının istehsalına, eləcə də Gəncə Avtomobil Zavodunda onların servis xidmətinə başlayıb. Rusiyanın "R-Farm” şirkəti Azərbaycanda dərman preparatlarının istehsalı müəssisəsinə 74 mln. dollar yatırıb. Bu müəssisə gələn il açılacaq. Eyni zamanda "Qazprombank” Sumqayıt kimya-sənaye parkının inkişafında iştirak edir. Onun yatırdığı investisiya 750 mln. dollar təşkil edir. Bakı və Moskvada ən perspektivli layihələr sırasında "Şimal-Cənub” nəqliyyat dəhlizi nəzərdən keçirilir. Bu dəhliz Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirməyi nəzərdə tutur. Bu, eyni zamanda Cənubi Asiyadan İran vasitəsilə Yaxın Şərqə, oradan isə Avropaya yüklərin sürətli daşınmasını həyata keçirə bilər. Bu arteriyanın ümumi uzunluğu 7 min km. təşkil edir. Bu, özlüyündə dəmir, bərə və avtomobil məlumatlarını birləşdirir. Adıçəkilən dəhlizin böyük bir hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək. Marşrutun müəyyən hissələri üzrə işlər aparılır. Gələn il Samur çayı üzərindəki sərhəd-buraxılış məntəqəsi ərazisində də işlərin başa çatdırılması nəzərdə tutulub. Azərbaycan ərazisində artıq "Şimal-Cənub” infrastruktura layihələri reallaşdırılıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu il əvvəlki illə müqayisədə nəqliyyat dəhlizi ilə yüz dəfədən artıq yüklərin daşınması həyata keçirilib: "Və bu, hələ başlanğıcdır. Belə ki, bu qlobal layihə ölkələri və qitələri əhatə edəcək. Bununla da ölkələrimizin tranzit imkanları genişlənəcək, yüzlərlə iş yeri yaradılacaq”. O ki qaldı regionlararası əməkdaşlığa, bu gün Rusiyanın 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Onlardan 17-si ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə çərçivə sazişləri imzalayıblar. Moskva və Bakıda əmindirlər ki, Soçi sammitində razılaşdırılan və müxtəlif istiqamətləri özündə əks etdirən "yol xəritəsi” ticarət dövriyyəsini gücləndirəcək. Rusiya Azərbaycan üçün ixracla bağlı bir nömrəli tərəfdaşdır və Azərbaycanın qeyri-neft sahəsi tərəfdaşları sırasında ilk yerdə təmsil olunur. Hələ ki, aydın olan odur ki, ticarət-iqtisadi qarşılıqlı əməkdaşlıq formatı iki ölkənin potensial imkanlarını tam şəkildə özündə əks etdirmir. Müəyyən bürokratik maneələrin aradan qaldırılması, kiçik və orta biznes təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsi gərəkdir. Bu potensialın sistemli istifadəsi iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın intensivləşdirilməsinə gətirib çıxaracaq.


Azər
banner

Oxşar Xəbərlər