• cümə, 19 Aprel, 14:11
  • Baku Bakı 25°C

Rusiya ÜAK-la bağlı hansı qərarı verəcək?

13.04.17 13:00 784
Rusiya ÜAK-la bağlı hansı qərarı verəcək?
Bir müddət əvvəl Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı yaranmış vəziyyət Azərbaycanda da birmənalı qarşılanmayıb. Məsələyə yerli ictimaiyyət nümayəndələri öz etirazlarını bildiriblər. Eyni zamanda, Milli Məclisdə müzakirə olunan cari məsələlər zamanı millət vəkilləri ÜAK-ın qarşılaşdığı problemi tənqid edib və Rusiyanın siyasi rəhbərliyinin bununla bağlı növbəti addımlarının müsbət olacağı ilə bağlı ehtimallarını dilə gətiriblər.

Bundan sonra Rusiya Ədliyyə Nazirliyi tərəfindən ÜAK-ın qeydiyyatının ləğvinə dair iddia əsasında Rusiya Ali Məhkəməsi tərəfindən keçirilən iclas təxirə salınıb. Xəbərə görə, Rusiya Ədliyyə Nazirliyinin nümayəndəsi iclasa gəlmədiyi üçün proses aprelin 25-nə təyin olunub.

Məhkəmənin təxirə salınmasına Azərbaycanda ÜAK-ın bağlanmasına edilən etirazlar səbəb oldu, yoxsa bu məsələnin arxasında başqa məqamlar var?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə bildirib ki, ÜAK-la bağlı hətta Rusiyanın özündə belə keçirilən məhkəmənin perspektivini görmürlər: "Şübhəsiz ki, Konqresin ləğvi ilə bağlı Rusiya Ədliyyə Nazirliyinin müraciəti Rusiyada anti-Azərbaycan qüvvələrinin səyinin nəticəsidir. Bu ölkədə minlərlə qeyri-hökumət təşkilatı var və onların fəaliyyətində hansısa çatışmazlıqlar ola bilər. Amma bu, hüquqi müstəvidə həll olunur. Birdən-birə belə müraciət, görünür, müəyyən dairələrdə Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından doğan narahatlıqla bağlıdır. Bununla yanaşı, həm Azərbaycanda olan etiraz, həm də Rusiya daxilində məsələyə çox kəskin reaksiya verilməsi təşəbbüskarları müəyyən qədər düşünməyə vadar etdi. İlk olaraq, Konqresin ləğvi məsələsi həmin dairələri düşündürür. İstənilən halda təşkilatımızın ləğv edilməsi Rusiya-Azərbaycan münasibətlərinə çox böyük kölgə salardı. Belə olarsa, bunun səbəbkarı heç də Azərbaycan olmayacaq”.

Deputat A.Mirzəzadə qeyd edib ki, Rusiya məhkəməsi ÜAK-ın ləğv olunub-olunmaması ilə bağlı istənilən qərarı verə bilər: "Çünki biz alt qatda gedən proseslərdən xəbərdarıq. Bu isə üzdə olan məsələdir. Çox istərdim ki, Rusiya tərəfi bu məsələyə çox ciddi yanaşsın. Azərbaycan etibarlı və əhəmiyyətli bir müttəfiqdir. Azərbaycanı itirmək Rusiyanın marağında deyil. Həmçinin ölkəmiz Rusiya ilə bağlı məsələlərdə çox ehtiyatlı hərəkət edib. Azərbaycan yeganə ölkədir ki, burada rus icmasının heç bir problemi yoxdur. Ölkəmizdə rus dilində fəaliyyət göstərən orta və ali məktəblər, kütləvi informasiya vasitələri, eləcə də teatrlar var. Onu qeyd edərdim ki, Rusiya ilə dostluğu əsas siyasəti hesab edən ölkələrdə belə, rus dilinə və Rusiya ilə münasibətlərə belə qayğı yoxdur”.

Millət vəkili, hüquqşünas Çingiz Qənizadə qeyd edib ki, ÜAK-la bağlı yaranmış vəziyyətə Azərbaycandan çoxsaylı etirazlar bildirilib: "Müsahibələrimizdə, parlamentdəki çıxışlarımızda da Rusiya rəhbərliyinin bu məsələyə müdaxilə etməyəcəyinə inanmadığımızı dilə gətirmişdik. Orada nə olmasından asılı olmayaraq, bu məhkəmənin təxirə salınması ümumi işin xeyrinədir. Çünki aprelin 25-nə qədər kifayət qədər vaxt var ki, sənədlərdəki nöqsanlar aradan qaldırılsın və Rusiyanın "İctimai birliklər haqqında” qanununa uyğunluşdırılması üçün müəyyən addımlar atılsın. Çünki bu Konqres Rusiya-Azərbaycan münasibətlərinin tənzimlənməsində, Azərbaycan həqiqətlərini, mədəniyyətini fəaliyyət göstərdiyi ölkəyə çatdırmaqda böyük işlər görür. Belə bir təşkilat həm Rusiya, həm də Azərbaycan üçün lazımdır. Əgər hər iki dövlət bir-biri ilə çox yaxşı münasibətlər qurubsa, onda belə məsələlər çox xırda görünür”.

Ç.Qənizadənin fikrincə, kənar qüvvələrə imkan verməməliyik ki, nöqsanlarımızdan istifadə edib, "bəhrələnə” bilsinlər: "Təşkilatın sənədləşmə işində müəyyən nöqsanlar ola bilər. Amma məsələnin bu yerə gəlib çıxması bizi narahat edir. Nə olubsa, hamısını arxada qoyaq və düşmən ovuna da çıxmayaq. Ümid edirik ki, Rusiya rəhbərliyi yaranmış problemin aradan qaldırılması üçün addımlar atıb və atacaqdır”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər