Rusiya AİDS-li miqrantları deportasiya edir ŞOK

Rusiya AİDS-li miqrantları deportasiya edir ŞOK

Cəmiyyət
04 Dekabr 2012, 12:09 1754
HİV-in qanunla xəstəlik hesab edilməsinə, xarici ölkələrdən gələn vətəndaşlarda infeksiyanın aşkar olunduğu təqdirdə onların deportasiya olunmasının vacibliyinə baxmayaraq, bu gün Rusiya müəyyən problemlərlə üzləşib. Son vaxtlar bu infeksiya daha çox Moskva klinika və stasionarlarına müraciət edən miqrantlarda üzə çıxır. Onlar xəstəxanadan çıxdıqdan sonra isə çox vaxt hakimiyyətin və paytaxt həkimlərinin gözündən uzaq düşürlər. Sərt reallıq öz mövcud qaydalarını diktə edir. Belə ki, bəzən ən ölümcül xəstəliyə belə əhəmiyyət verməmək lazım gəlir. Təbii ki, əgər söhbət dünyanın ən böyük meqapolislərdən birinin əmək bazarından gedirsə.

Saxta sertifikatlar

HİV daşıyıcıları olan miqrantlar ucuz işçi qüvvəsi kimi bütün qüvvələri ilə işləyirlər. Bəs onlar Rusiyada hansı problemlərlə üzləşirlər və onların xəstəlikləri ölkəni nə ilə hədələyir?

Moskva meriyası etiraf edir ki, bu gün miqrantlar arasında HİV infeksiyası çox aktualdır. Əgər onlar pul qazanmaq xətrinə qeyri leqal yolla Rusiyanın paytaxtına gəlirlərsə, təbii ki, gec və ya tez onların öz statuslarını və yaşayışlarını rəsmiləşdirmək məsələsi yaranır. RF-nın ərazisində başqa ölkələrdən gələnlərdən üç ay ərzində miqrasiya orqanlarına müraciət etmək, lazımi sənədlər və HİV infeksiyasına yoluxub-yoluxmamaları barədə sertifikat tələb olunur.

HİV analizini miqrantlar üçün vermək çətindirmi? İş ondadır ki, bunun üçün Rusiyada hər cür şərait yaradılıb. Moskva şəhər Səhiyyə Departamentinin xüsusi əmri ilə xarici vətəndaşlar və ya müvəqqəti yaşama izni olanlar, Rusiyaya müddətli işləməyə gələnlər tibbi müayinədən keçməlidirlər. Əlbəttə, bu xidmət pulludur. Səhiyyə müəssisələrindən müsbət cavab alındıqda miqrantlar AİDS mərkəzinə göndərilir və onların kliniki diaqnozu dəqiqləşdirilir. Daha sonra HİV infeksiyası daşıyıcısı olmadıqlarını təsdiqləyən sertifikat verilir. Belə məqamlar da olur: tutaq ki, xarici vətəndaşlar özlərində HİV infeksiyası olmasını gözəl bilirlər. Onu da bilirlər ki, əgər bu, paytaxt rəhbərliyinə məlum olsa, onların yeganə bir yolu var – evə qayıtmaq. Buna görə də son vaxtlar Moskvada saxta sertifikatların sayı çoxalıb. Miqrantların yaxın qohumları, ya da zahirən onlara oxşayan dostları onların əvəzinə analiz verirlər. Belə praktikaya xüsusən Afrika dövlətlərindən gələn tələbələr arasında rast gəlinir. Rusiyada təhsillərini başa vurmaq üçün onlar gah özgə qanını analiz etdirir, gah da hər üç aydan bir Rusiyadan gedir və yenidən sərhədi keçərək qayıdırlar. Görünür ki, üç aydan bir sərhəd keçməyə cəhd də vəziyyətdən çıxış yoluna çevrilib. Amma həmişə yox. Belə bir hadisə olub: HİV infeksiyasının daşıyıcıları olan ər-arvad Ukraynadan gələrək bir neçə il Moskvada saxta qeydiyyatla yaşayıblar. Ancaq bir dəfə İsrailə istirahətə gedərkən sərhəddə yaxalanıblar. Saxta sənədləri aşkarlanaraq infeksiya daşıyıcısı olmaları üzə çıxıb. Bu üzdən Rusiya sərhədindən tez-tez gedib-gələn miqrantlar xüsusi nəzarətə götürülür.

Hamı üçün deportasiya
Təəssüf ki, son vaxtlar miqrantlar arasında HİV infeksiyasına yoluxma halları təsadüfən meydana çıxır. Belə ki, onlar hansısa ağır bir xəstəliyə tutulduqda kömək üçün “Təcili yardım”a müraciət edir və paytaxt stasionarına düşürlər. Əlbəttə, həkimlər dərhal onların qanında HİV olub-olmamasını yoxlayırlar. Bu diaqnozun üzə çıxması üçünsə təkcə bir analiz kifayət deyil. Həmin şəxsin ərazidəki AİDS Mərkəzinə və ya yolxucu xəstəliklər kabinetinə müraciət edərək yenidən analiz verməsi lazım gəlir. Miqrantlar yaxşı bilirlər ki, uğursuz nəticə onların üzünə Rusiyanın qapılarının həmişəlik bağlanması deməkdir. Bu vəziyyətdə öz sağlamlıqlarını və həyatlarını qurban verərək əksər hallarda yayınmağı üstün tuturlar.

AİDS Mərkəzinin məlumatlarına görə, çox az hallarda xəstə miqrantlar onlara müraciət edir. Çox vaxt HİV infeksiyası Rusiyada uzun illər - bəzən ailələri ilə yaşayan, Rusiya vətəndaşları ilə nikaha girən, uşaqlar dünyaya gətirən, işi və ya yaşayış yeri olan vətəndaşlarda aşkarlanır. Onlar Rusiya vətəndaşlığı olduqları və ya qeydiyyatdan keçdikləri üçün bəzən onların ölkədən kənarlaşdırılması çətinlik yaradır. Bu cür yarırus hesab olunan əcnəbilərə qarşı deportasiya prosedurunu hələm-hələm həyata keçirmək mümkün olmur. RF-nın Konstitusiya Məhkəməsi aşağı instansiyalara “humanitar düşünməyi və qərar verməyi” məsləhət görür. Bütünlükdə isə bu humanist prinsiplər HİV-lə bağlı deportasiya problemi yaşayan bir çox ölkələrin diqqətini çəkir. Vəziyyət əlbəttə, sadə deyil. Hamı başa düşür ki, HİV infeksiyası daşıyıcıları yoluxma mənbəyidir və bütün cəmiyyət virusun yayılmasına qarşı mübarizə aparmalıdır. Rusiya problemin əsas yolunu ölkəsinə HİV daşıyıcıları olanların, xüsusən keçmiş SSRİ-dən olan şəxslərin gəlişini məhdudlaşdırmaqda görür. Bunu reallaşdırmaq isə nə qədər düşünülmüş addım hesab olunsa da, miqrantların deportasiyası onların müdafiəsində duran bəzi qüvvələr tərəfindən çətinləşdirilir. Miqrasiya Xidməti ölkə ərazisində HİV daşıyıcısı olan miqrantların ətraf üçün təhlükəli olduğunu bildirir və qanuna görə onların deportasiyasını tələb edir. Ancaq bəzən bu addımı atmağa onların yaşayış yerlərinin olması və Rusiya vətəndaşları olmaları maneçilik törədir. Belə ki, əgər xarici vətəndaşda HİV infeksiyası yoxdursa, o, Rusiyada uzun müddət yaşamaq haqqı tələb edə bilər. AİDS Mərkəzinin hüquqşünası Yana Şabalena da hesab edir ki, HİV infeksiyası daşıyan miqratların deportasiya məsələsi onların haqqının pozulması deməkdir.

Tibbi sığorta olsa...

Rusiyada miqrantların pulsuz müayinəsi üçün səhiyyə xidmətində heç bir sərəncam yoxdur. Baxmayaraq ki, ölkədə narahatlıqla bildirirlər ki, miqrantların əksəriyyəti təkcə AİDS daşıyıcıları deyillər, həmçinin vərəm və HİV-ə yoluxanlardır. Bəs onda miqrantların müdafiəsində nə dayanır? Deportasiya haqqında əmri ləğv olunan ölümcül xəstələr tibbi kömək almaq hüququndan məhrum qalırlar. Məsələn, Rusiya Miqrasiya Xidməti Özbəkistanın dəfələrlə mühakimə olunan vətəndaşını doğulduğu ölkəyə deportasiya edə bilməyib, baxmayaraq ki, onda HİV infeksiyası aşkarlanıb. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Özbəkistan vətəndaşının Rusiyada qalmasını dəstəkləyib, hətta onun Rusiya səhiyyə xidmətindən istifadə üçün iddiasına haqq qazandırıb.

Hazırda Rusiya üçün MDB dövlətlərindən gələnlərin vəziyyəti də çox aktualdır. Müalicə və deportasiya bəzən məntiqi olaraq işə götürənlərin üzərinə düşür. Ancaq iş yerləri xariciləri işə götürərkən onların tibbi sığortası ilə bağlı maraqlanmırlar. Ekspertlər məsələnin məntiqi yolla həllini belə görürlər: işçinin tibbi sığortası həll olunmalıdır və bu da onun bütün tibbi xərclərini qarşılaya bilər.

Rusiyanın bütün dövlət tibb müəssisələri isə gələn il yanvarın 1-dən pullu xidmətə keçirlər.

Qarət, qətl, dələduzluq, fiziki zorakılıq...

“İstənilən ölkə öz vətəndaşının qayğısına qalmalıdır”- bunu Rusiyanin hüquq müdafiəçiləri deyir. Təəssüf ki, bu gün miqrantlar nadir hallarda bu təhlükəsizliyin təminatçısı ola bilirlər. Müxtəlif sferaların, məsələn, prokurorluğun məlumatına görə, Rusiyadakı kriminogen vəziyyət MDB ölkələrindən gələn vətəndaşların hesabına gərginləşir. Belə ki, 90 faiz cinayət MDB ölkələrindən çıxan vətəndaşlar tərəfindən törədilir. Bu sırada Özbəkistan və Tacikistanın adı xüsusi çəkilir. Keçən il Moskva vilayətində hər 20 cinayətdən 10-u xarici vətəndaşlar tərəfindən törədilib. Bunlar ağır və xüsusi ağır cinayətlərdir. Bir sıra qarət, qətl, dələduzluq, fiziki zorakılıq halları miqrqrantların ayağına yazılıb. Miqrantlar dəstəsi epidemioloji təhlükəsizlik baxımından da etibarlı deyillər. Ailədən, evdən, yaxınlarından uzaq, şəraitsiz vəziyyətdə, daimi əmək haqqı olmadan yaşayırlar. Onların qadın kontingenti isə fahişəliklə məşğuldur. Kişilərin narkotik istifadəçi olmaları, təsadüfi cinsi əlaqələr, seksual xarakterli cinayətlər - hamısı HİV infeksiyasının yoluxma yolları kimi göstərilir. Bu kontingenti müdafiə edənlərin əsas diqqətində isə qazanc maraqları dayanır. Bir sıra ictimai təşkilatlar var ki, miqrantların “HİV-ə yoluxması ilə mübarizə” onlar üçün yağlı tikədir. Onlar görüntü xatirinə özlərini problemlə əlləşirmiş kimi göstərməyə çalışırlıar. Qrantlar, xarici sponsorlardan aldıqları pullar hesabına miqrantlar arasında «profilaktik layihələr” həyata keçirirlər. Pulsuz hüquq məsləhətxanaları, müxtəlif vəsaitlərin və məlumat materiallarının dərci bi layihələrə daxildir. Ancaq başı iş-gücdən ayılmayan miqrantların bu vəsaitlərlə tanış olmağa bircə dəqiqə də vaxtları yoxdur. “Xarici vətəndaşların xidmətindən imtina iqtisadi cəhətdən sərfəli deyil” - deyə ekspertlər bildirirlər: «Əmək miqrasiyası müasir dünyanın ayrılmaz hissəsidir. Buna qloballaşmanın təbii hissəsi kimi yanaşmaq lazımdır. Multkultral problemlər inkişaf etmiş ölkələrin ən çox müzakirə olunan sualına çevrilib”.

Sözsüz ki, mövcud problemlər «yerli sakinlərə” çevrilən miqrantlardan qaçmağa imkan vermir. Bu üzdən miqrantlara qarşı baxışlar haçalanır. Belə ki, cəmiyyətdə miqrantlara qarşı tolerant tərbiyənin proqramının hazırlanması barədə də müzakirələr gedir. “Əslində problemlə bağlı hüquq müdafiə təşkilatları üçün görüləcək işlərin sayı-hesabı yoxdur. Əsas odur ki, bu fəaliyyət Rusiyanın qrantları hesabına həyata keçsin, xarici ğlkələrin yox”.

Rusiya mətbuatından tərcümə etdi:
Təranə Məhərrəmova