• cümə, 19 Aprel, 04:57
  • Baku Bakı 18°C

Rus politoloqların optimistliyinin arxasında nə durur?

20.04.16 12:32 2431
Rus politoloqların optimistliyinin arxasında nə durur?
Son günlər Kremlə yaxın rus ekspertlərin dilindən ölkəmizlə bağlı fərqli fikirlər eşidirik və bu cür yumşaq mövqe rus mətbuatına da yansıyıb. Belə ki, 4 günlük müharibənin gedişində Azərbaycana qarşı konkret şəkildə təxribat xarakterli məlumatlar yaymaqdan çəkinməyənlər hazırda ölkəmizin Ermənistandan daha üstün gücə və mövqeyə malik olmasından danışırlar. Hətta həmin müddətdə işğalçı ölkənin acı məğlubiyyət yaşadığı da açıq şəkildə bildirilir. O da qeyd olunur ki, yaxın vaxtlarda danışıqlar prosesi start götürə və qısa müddətdə yekunlaşa bilər.
Bu cür proqnozların arxasında hansı məqsədlərin dayandığı ilə maraqlandıq, belə fikirlərin özündə hansı mesajları daşıdığını ekspertlərdən soruşduq. Onların fikrincə, ruslar hazırda ölkəmizə simpatiya bəsləyən mövqe ilə seçilməyə çalışsalar da, əsas hədəf öz maraqlarını təmin etməkdir.
Bu haqda fikirlərini “Kaspi”yə açıqlayan politoloq Natiq Miri dedi ki, Rusiyanın Qafqazla bağlı istəkləri hamıya məlumdur və şimal qonşumuz həmişə hər şeydən öncə öz geosiyasi maraqlarını düşünüb. İndi də elə bir münbit şərait yaranıb ki, Rusiya bu mühitdən istifadə etməklə öz məqsədlərini reallaşdırmağı planlaşdırır: “Əvvəllər Ermənistanı Dağlıq Qarabağ ətrafı rayonlardan geri çəkdirmək Rusiya üçün müəyyən çətinlik yaradırdısa, artıq həm regiondakı geosiyasi, həm də qlobal vəziyyət dəyişib. Buna görə də Rusiya üçün Ermənistanı o rayonlardan vaz keçirmək daha asandır. Bu, artıq bir zərurətə çevrilib. Bunu həm Qərb, həm də bütün müsəlman dünyası tələb edir. Bunun üzərinə Azərbaycanın hərbi, siyasi üstünlüklərini də gəlsək, bu gün Ermənistan rəhbərliyinin qaçacaq yeri qalmır. Buna görə Rusiya vəziyyətdən bəhrələnməyə çalışacaq. Kazan sənədində 7 rayonun qaytarılmasından danışılsa da, Kremlə yaxın politoloqlar, xüsusən də Markov 5+2 formatından danışır. İki rayonun saxlanılması Rusiyanın “bazarlıq” predmetini ortalığa qoyması üçün bir şərtdir. Çünki Rusiya 2 rayonu qaytarmamaqla və gələcəyə saxlamaqla Azərbaycanı Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına cəlb etmək istəyir. Eyni zamanda, bu rayonların müqabilində Rusiya qoşunlarının yenidən Azərbaycana qayıtmasını təmin etmək niyyətindədirlər. Fikir verirsinizsə, Kazan sənədi əslində, Madrid prinsiplərinin bazasında yeni modifikasiyada ortalığa çıxarılan sənəddir. Yəni orada qismən dəyişikliklər edilib. Bu sənəddə 6 rayonun, o cümlədən Laçının 13 kəndinin qaytarılması nəzərdə tutulur. Markov isə niyəsə 5+2 formatından danışır”.
Politoloqun fikrincə, bu cür təkliflər Rusiyanın öz maraqlarını sığorta etməsi üçün ortalığa atılıb ki, gələcəkdə Azərbaycanla bu yöndə “bazarlıq” edə bilsinlər: “Ona görə düşünürəm ki, indiki geosiyasi və hərbi vəziyyət Rusiyanın maraqları üçün əlverişli şərait yaradıb. Onlar da bundan yararlanmaq istəyirlər. Hazırda Rusiyanın Ermənistanı Qarabağətrafı rayonlardan geri çəkməsi çətin deyil. Ermənistanda, hətta Dağlıq Qarabağda bu yöndə təfkirçilik ruhu aşılanır. Çoxları düşünür ki, bu problemin birdəfəlik həlli mümkün deyil. Ən azından, təzyiq mexanizmlərini əlində saxlamaq üçün Rusiya problemin tamamilə sona yetməsini istəmir. Bir şeyi də nəzərə alın, əgər Azərbaycan Rusiyanın istədiyi kimi Avrasiya İttifaqına daxil olarsa, Rusiyanın orbitinə qayıdarsa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində ordusunun nəzarətini də Rusiyanın əlinə verərsə, rus qoşunları yenidən Azərbaycana gələrsə, şimallılar bu problemin həllini niyə istəməsinlər? Əslində, vaxtilə bu münaqişə gələcəkdə Rusiyanın özünün bu cür maraqlarını təmin etməsi üçün yaradılmışdı. Əgər Rusiya bu istədiklərini alacaqsa, təbii ki, problemin qismən həllində də maraqlı olacaq”.
Politoloq Qabil Hüseynli hazırda təəccüblü vəziyyət yarandığı qənaətindədir. Çünki Rusiya gah İrəvanda KTMT-nın iclasını keçirir və Ermənistanın silahlandırılması qərara alınır, Azərbaycana güc gələ bilməyəcəkləri təqdirdə, yardım ediləcəyi deyilir, həm də vacib şəxslərin dilindən ölkəmizin Ermənistandan üstün olduğu bildirilir: “Sarkisyan da Qarabağa səfər edib. Özü də hərbi geyimdə. İşğalçı gah sülhdən danışır, gah da müharibəyə hazırlaşması görüntüsünü yaradır. Dağlıq Qarabağı silahla doldururlar. Bu işdə Rusiyanın dəstəyi hamıya məlumdur. Amma bu dəfə sülh danışıqlarının qısa zamanda davam edəcəyi iddia edilir. Mənə elə gəlir ki, Rusiya Azərbaycanı və Ermənistanı öz bəyəndiyi sülh razılaşmasına məcbur etmək istəyir. Əgər Azərbaycan təkliflə razılaşmasa, onda Ermənistana hərbi yol seçmək tapşırığı veriləcək. Rusiya bölgədə vəziyyəti gərginləşdirib özünü qane edən sülh variantını qəbul etdirmək istəyir”.
Q.Hüseynli onu da dedi ki, Azərbaycan ordusu sonuncu uğurlu əməliyyatından sonra Qərbin, həmçinin müsəlman dünyasının konkret şəkildə dəstəyini qazandı: “Demək olar ki, bütün dünya ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir, erməni qoşunlarının, işğalçıların ərazilərimizdən çıxarılmasını tələb edir. Belə olan halda, Rusiya ciddi narahatlıq keçirir. ABŞ da dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduğunu açıqlayıb. Azərbaycan 4 günlük müharibədən sonra indiyədək dəstək görmədiyi ölkələrdən də dəstək gördü. Bu, rusları narahat etməyə bilməz. Onlar qorxurlar ki, NATO ölkələri, xüsusən də ABŞ proseslərə müdaxilə edər və Cənubi Qafqazda münaqişəni həll etmək məsələsində təşəbbüsü tamamilə öz əlinə alar. Ona görə də tələm-tələsik, bir qədər də şübhəli həll variantını təklif edirlər. Hətta tezliklə məsələnin yekunlaşacağını iddia edirlər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər