Rus mətbuatının yeni tənqid hədəfi - Ermənistan
Son dövrlər Rusiya mətbuatında ard-arda Ermənistanı tənqid edən
materiallar dərc edilməkdədir. Əvvəllər isə belə tənqidi yazılara çox az
təsadüf edilirdi və daha çox Cənubi Qafqazın digər ölkələri hədəfə çevrilirdi. İndiki
halda Rusiya mətbuatının Ermənistanı tənqid edərkən hədəfləri müxtəlifdir.
Burada əsas istiqamət nasist erməni Njdenin Yerevanda heykəlinin ucaldılması və
erməni cəmiyyətinə "qəhrəman” kimi təbliğ edilməsi ilə bağlıdır.
Onu qeyd edək ki, BMT Baş Assambleyası 2017-ci il 19 dekabrda
Rusiyanın təklifi ilə nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə məzmunlu qətnamə
qəbul edib. Sənədə əsasən, bütün dövlətlər nasizm rejiminin bütün mərasimlərini
qadağan etməli, ona qarşı çıxmalıdırlar. Bu istiqamətdə Rusiya tərəfindən bir
sıra tədbirlər də həyata keçirilib. Rusiya Dövlət Dumasında "Faşizmin
qəhrəmanlaşdırılmasına qarşı mübarizə və neonasizmin dirçəldilməsi - qanunverici
aspektlər və beynəlxalq təşəbbüslər” mövzusunda dəyirmi masa keçirilərək faşizm
ideyalarının yayıcıları ilə bağlı məsələ gündəmə gətirilib. Rusiya və Belarus
İttifaq dövlətinin İctimai Palatasının üzvü Dionis Kaptar Yerevanın mərkəzində erməni daşnak generalı
Njdeyə abidənin qoyulmasını qeyd edərək, Rusiyanın narazılığına baxmayaraq, Ermənistanın
hazırkı rəhbərliyinin III Reyxlə əməkdaşlıq edən bir şəxsə heykəl ucaltdığını
bəyan edib.
Bundan başqa, Ermənistanın Avropa İttifaqı ilə assosiativ saziş
imzalaması da Rusiya tərəfindən birmənalı qarşılanmayıb. Bütün bu və digər
məsələlər Ermənistanı Rusiya mətbuatının hədəfinə gətirib. Bəlkə başqa amillər
də mövcuddur?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, burada əsas məqamlardan biri
Ermənistanda anti-Rusiya meyillərinin güclənməsidir: "Bu, təsadüfi proses
deyil. Çünki bu istiqamətdə məqsədyönlü şəkildə iş aparan qüvvələr var, onlar
xaricdən dəstək alırlar. Qərb təsisatlarının bilavasitə istəyi ondan ibarətdir
ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarsınlar. Bu da məsələni bir az
qəlizləşdirir. Çünki Rusiyanın Ermənistanla birbaşa sərhədi olmadığı üçün ona
bilavasitə təsir göstərə bilmir. Lakin Rusiya Ermənistana köməkliklər göstərir,
kreditlər verir. Buna baxmayaraq, Ermənistan özü işləmək istəmir və rəsmi
Moskvadan nə isə umur. Yerevana ayrılan kreditlər isə talan olunur, iqtisadi
baxımdan inkişaf edə bilmir.Digər bir tərəfdən də Qarabağ probleminin həlli tapılmır. Çünki
Ermənistan bu problemin həllini istəmir və işğal etdiyi torpaqları birdəfəlik
mənimsəmək istəyir. Buna görə də bir çox məqamlarda Rusiya ilə Ermənistanın
baxışları üst-üstə düşmür. Bu baxımdan da Qarabağ problemi Rusiya üçün
başağrısıdır və Ermənistanla müttəfiq olsa da, anlayır ki, Azərbaycanın haqqı
tapdanır. Bütün bu proseslərin üst-üstə yığılması və ümumilikdə Ermənistanın
özünü dövlət kimi ifadə edə bilməməsi həm də yaxın müttəfiqi olan Rusiya üçün
böyük bir problem törədir. Düşünürəm ki, Rusiya artıq Ermənistanın nazını
çəkməkdən yorulub. Çox güman ki, elə bu il ərzində regionda böyük dəyişikliklər
görəcəyik. Bu da Ermənistan üçün müsbət heç nə vəd etmir”.
T.Abbasov vurğuladı ki, Rusiya mətbuatı qeyd olunan məsələlərin
hamısını izləyir: "Bundan əvvəl uzun müddət Rusiya mətbuatı Azərbaycana qarşı
ədalətsiz mövqedən çıxış edirdi. Amma məsələləri özü üçün ayırd etdikdən sonra başa
düşür ki, ölkəmizin də haqqı var, onu danmaq olmaz. Ona görə də Rusiya mətbuatı
Ermənistanın nankorcasına hərəkət etməsini, iddialar irəli sürməsini görür və
bunu tənqid edir”.
"Atlas” Araşdırmalar
Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiyanın
bəzi mətbuat orqanları həqiqətən son vaxtlar Ermənistana qarşı tənqidi
yazılarla çıxış edir: "Onu da qeyd edim ki, faşizm mövzusu Rusiya dairələri,
mediası üçün həssas bir mövzudur. Çünki çox böyük əziyyətlər çəkiblər,
milyonlarla insan itiriblər. Ona görə də harada nasistlərdən qəhrəman obrazı
yaradırlarsa, onlara qarşı çox sərt mövqe nümayiş etdirirlər. Məsələn, biz
Ukrayna nümunəsini göstərə bilərik. Ukrayna xalqının böyük əksəriyyəti Banderanı
özünün qəhrəmanı sayır. Amma Rusiya onu nasist, millətçi, insanları qətl edən
bir şəxs kimi qiymətləndirir. Digər səbəblərlə yanaşı, həm də buna görə də
Ukraynanın Rusiya ilə münasibətləri pisdir. Eynilə, Ermənistan hakimiyyəti də
düşünmədi ki, Njdeyə heykəl qoyanda, bu, Rusiyadakı dairələri qıcıqlandıra
bilər. Yenə Bandera öz milləti üçün savaşıb, Njde isə birbaşa faşist
Almaniyasının əlində bir alət olub, insanları qətlə yetirib. Bu da Rusiyada
ciddi narazılıq doğurur və zaman-zaman mətbuat bunu gündəmə gətirir. Ermənistan
bu tənqidlərlə hələ çox üzləşəcək. Nə qədər ki o heykəl Yerevanın
mərkəzindədir, etirazlar azalmayacaq”.
E.Şahinoğlu qeyd etdi ki, Ermənistan Rusiyanın forpostudur, orada
hərbi bazası var, sərhədlərini qoruyur: "Əsas zavod və fabriklər Rusiyanın
əlindədir. Faktiki olaraq, Ermənistan Rusiyanın bir vilayətidir və baş qaldıra
bilməz. İndi qarşıdan seçkilər gəlir və buna görə Ermənistan prezident
məsələsini də gərək rəsmi Moskva ilə razılaşdırsın. Eyni zamanda, Ermənistan
hərdənbir müstəqil siyasət yürütməyə çalışır, onda da Moskva başından vurur.
Njde məsələsi, görünür, Rusiyadakı dairələri çox qıcıqlandırıb,
Ermənistandakılar da həddini aşıblar. Ona görə də belə xəbərdarlıq mesajları
göndərilir”.
Ermənistanda aksiyalara toxunan E.Şahinoğlunun sözlərinə görə,
ermənilər elə bilirdilər ki, Rusiyanın boyunduruğu altında olandan sonra bunların
bütün problemləri həll olunacaq: "Amma rəsmi Moskva bunu etmir və Ermənistandan
sadəcə bir forpost kimi istifadə edir. Rusiyanın nəyinə lazımdır ki, Ermənistan
iqtisadiyyatını dirçəltsin, sosial həyatını düzəltsin? Bu da ermənilərin
narazılığına səbəb olur ki, niyə Rusiya bizim problemləri həll etmir. Ona görə
də Yerevan küçələrində yürüşlər keçirir, tənqidlər səsləndirirlər, guya ki,
Avropaya yaxın olmaq istəyirlər. Bu isə mümkün deyil, çünki Rusiya Ermənistanı
əldən verməz”.
Bəxtiyar MƏMMƏDLİ