• çərşənbə, 24 Aprel, 18:02
  • Baku Bakı 23°C

Rumınların ümidi - Portret

07.06.16 11:32 1697
Rumınların ümidi - Portret
Futbol üzrə Avropa çempionatının startına iki həftədən də az vaxt qalır. Bunu nəzərə alaraq, biz də oxuculara Avropa çempionatında iştirak edəcək komandalar və lider futbolçular barədə məlumat veririk. Bu dəfə Rumıniya yığması və onun lideri Boqdan Stanku barədə məlumat verəcəyik.
Rumıniya həmişə dünya futboluna istedadlı oyunçular bəxş edib. Elə vaxtilə "Real" və "Barselona" kimi klublarda top qovmuş, "Qalatasaray"la UEFA kubokunu qazanmış George Hacını xatırlamaq kifayətdir. Onun səviyyəsində olmasa da, Hacıdan sonra da Rumıniyadan istedadlı oyunçular çıxıb. Ancaq son illərdə bu ölkənin millisinin nəticələrində bir xeyli geriləmə müşahidə olunurdu. 90-cı illərdə həmişə dünya çempionatlarının final mərhələsində iştirak etmiş, hətta DÇ-1994-də Argentinanı mübarizədən kənarlaşdıraraq, 1/4 finaladək irəliləmiş rumınlar, DÇ-1998-dən bəri mundiala həsrətdirlər. Eyni sözləri Avropa çempionatının final mərhələsi barədə də demək olar. Rumıniya millisi son 3 Avropa çempionatından yalnız AÇ-2008-in final mərhələsində iştirak edib ki, onda da mübarizəni qrup mərhələsində, qələbəsiz başa vurub.
İordaneskunun "diriltdiyi" milli
Ancaq artıq vəziyyət nisbətən düzəlmiş kimi görünür. Belə ki, 2014-cü ildə Rumıniya millisinin "sükanı arxasına" keçən Anxel İordanesku yığmanı AÇ-2016-nın final mərhələsinə çıxarmağı bacardı. Düzü, püşkatmada rumınların bir xeyli bəxtinin gətirdiyini də inkar etmək olmaz. Rumınlar seçmə mərhələdə Şimali İrlandiya, Macarıstan, Yunanıstan, Finlandiya və Farer adaları yığmalarıyla mübarizədə yalnız irlandlardan geri qalaraq, Fransada təşkil ediləcək qitə birinciliyinə vəsiqə qazandılar. İordaneskunun komandasında "Karpat Maradonası" - Hacı kimi dünya səviyyəli ulduz yoxdur. Milli məhz komanda oyunu sayəsində qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanmağı bacardı. Ancaq komandanın uğurunda Razvan Rat, Kiprian Tataruşanu, Vlad Kirikeş, Boqdan Stanku kimi futbolçuların rolunu xüsusi qeyd etmək lazımdır.
Stanku son seçmə mərhələdə xüsusi məhsuldarlığı ilə seçilməsə də, ön xətdə təcrübəsiylə millinin uğurlu çıxışına öz töhfəsini verdi. Hazırda Türkiyənin "Gənclərbirliyi" klubunun şərəfini qoruyan futbolçunun İordaneskunun əsas "silahlarından" biri olacağı gözlənilir.

Məşqçiyə əmanət edilən oğul

Boqdan Stanku 1987-ci il, iyun ayının 28-də, Rumıniyanın Piteşti şəhərində dünyaya gəlib. O, kasıb ailədə dünyaya göz açıb. Onun atası ürək xəstəsi idi. Anası isə təkər zavodunda çalışırdı. Bir sözlə, balaca Boqdanın uşaqlığı maddi çətinliklər içində keçib. Onun futbola marağının necə yaranması barədə əlavə şərhə ehtiyac yoxdur. Bir çox rumın azyaşlı kimi, Boqdan da hələ çox erkən yaşlarından futbola meyl salmışdı. 1998-ci ildə 11 yaşlı Boqdan şəhərin "Arceş" komandasının aşağı yaş qruplarında futbolun sirlərinə yiyələnməyə başlayır. Ancaq həmin vaxtlarda onun üzləşdiyi çətinlik təkcə kasıblıq deyildi. Boqdan hələ çox kiçik olanda atasının vəziyyəti pisləşir. Ailənin bütün yükü isə anasının çiyinlərinə düşür.
Çətinliklərə baxmayaraq, Stanku məşqlərini davam etdirirdi. O, oyunlardan öncə xəstəxanaya gedib atasını ziyarət etməyi də unutmurdu. Bir dəfə o, xəstəxanaya gedir və atasına "sağalacaqsan, sabah oyunumuz var, orda çəkilmiş fotoları sənə göstərərəm" deyir. Boqdan həmin vaxtı atasını son dəfə gördüyünü bilmirdi. Atası Boqdana belə cavab verir – "hə, sabah mən də gələcəm”. Oğlu otaqdan çıxdıqdan sonra isə ölümün yaxınlaşdığını anlayan ata Stanku, Boqdanın top qovduğu akademiyada onun məşqçisi olan Mihael İanovşiyə zəng edib "oğluma yaxşı bax, onun anasından başqa heç kimi yoxdur" deyir. Ata Stanku bu sözləriylə oğlunun gələcəyini müəyyənləşdirir.

"... gəlməsəydiz, futbol mənim üçün bitmişdi"

Atası dünyasını dəyişəndə Boqdanın 14 yaşı var idi. Məşqçi İanovşi atasının vəfatı ilə əlaqədar Boqdana bir neçə günlük icazə verir. İcazə müddəti bitsə də, ondan səs-soraq çıxmır. Ancaq İanovşi ata Stankuya verdiyi sözü unutmamışdı. O, Boqdanı axtarıb tapır. Həmin vaxt Stanku məşqçisinə "bura qədər gəlməsəydiniz, futbol mənim üçün bitmişdi" deyir.
Bundan sonra Boqdan məşqlərdə var qüvvəsiylə çalışmağa başlayır. İanovşi "Arceş"in aşağı yaş qruplarında öz cəldliyi ilə seçilən Boqdana "pişik" ləqəbi verir. Çox çəkmir ki, Stanku "Arceş"in əsas komandasına cəlb olunur. Ancaq əsas komandada onun işləri elə də yaxşı getmir. İlk mövsümdə cəmi 7 oyunda şans qazanan Boqdan, "Mioveni"yə icarəyə verilir. Burda meydana çıxdığı 12 oyunda 3 qola imza atan Stanku "Arceş"ə lazım olmur. Piteşti təmsilçisi onun azad agent kimi "Unirea"ya keçidinə mane olmur.
Boqdan iki il "Unirea"nın uğurları üçün çalışır. İlk mövsümündə 20 oyunda 5, ikinci mövsümündə isə 29 oyunda 6 qola imza atan Stanku, Rumıniyanın ən köklü klublarından olan, bir vaxtlar Rumıniya futbolunun yaşayan əfsanəsi Georgi Hacının də top qovduğu "Styaua"nın diqqətini cəlb edir.

İki milyonluq "hərbçi"
"Ordu klubu" 21 yaşlı hücumçunun transferi üçün "Unirea"ya 2 milyon avro ödəyir. Bu, Rumıniya futbolu üçün heç də az məbləğ hesab edilmirdi. Ancaq Boqdan "hərbçilər"in onun üçün ödədiyi məbləğin qarşılığını öz oyunuyla verir. Stanku "Styaua"dakı ilk mövsümündə 29 oyunda 11 qola imza atır. "Ordu klubu"ndakı ikinci mövsüm isə Stanku üçün bir az da uğurlu olur. O, çempionatda əvvəlkindən az (8) qol vursa da, avrokuboklarda qol hesabını açır. Boqdan "Styauna"nın heyətində Avropa Liqasında meydana çıxdığı 9 oyunda 6 qola imza atır.
Əfsanənin bəyəndiyi gənc
Stanku "Styaua"dakı son mövsümündə isə ümumilikdə meydana çıxdığı 27 oyunda 16 qol vurur. Bununla da o, xarici klubların da diqqətini cəlb edir. Türkiyə nəhəngi "Qalatasaray" 23 yaşlı rumın hücumçu üçün "ordu klubu"nun rəhbərliyilə danışıqlara başlayır. Bunda "Qalatasaray"a yenicə baş məşqçi təyin edilmiş Georgi Hacinin də xüsusi rolu var idi. Rumıniyalı mütəxəssis rəhbərlikdən israrla həmyerlisini transfer etməyi istəmişdi. 2011-ci ilin yanvar ayında İstanbul klubu Stankunu transfer etdi. "Aslanlar" gənc rumın üçün "Styaua"ya 5,6 milyon avro ödədi. Türkiyə mətbuatında Stankunun transferi heç də birmənalı qarşılanmadı. Belə ki, Hacinin öz həmyerlisini komandaya gətirməsi bəzi jurnalistlər tərəfindən narazılıqla qarşılandı. Hacı isə həmin vaxt bu narazılıqlara belə cavab vermişdi:
"Stanku Rumıniyanın ən yaxşı forvardlarından biridir. Məncə, o, özünü artıq isbat edib. Gənc oyunçudur və Avropada dəyəri var".
Ancaq Hacı Stankunun istedadı barədə nə qədər ağızdolusu danışsa da, Boqdanın "Qalatasaray" karyerası uğurlu alınmır. O, yarım mövsüm ərzində meydana çıxdığı 16 oyunda sadəcə, 3 qola imza atır. Elə Hacının də İstanbul klubunda işləri yaxşı getmir. O, uğursuz nəticələrin ardından, mövsümün gedişində postundan ayrılmalı olur.
Hacının kreslosu "laxladığı" zaman Stankunun açıqlaması Türkiyə mətbuatında birmənalı qarşılanmadı. Belə ki, Boqdan "Georgi Haci komandadan ayrıldıqdan sonra "Qalatasaray"dakı gələcəyiniz necə olacaq" sualına belə cavab vermişdi:
"Hacının ayrılmasını istəmirəm. Ancaq o, ayrılsa belə, "Qalatasaray"dan getmək barədə düşünmürəm. Mən bura uzun bir karyera üçün gəlmişəm. Yeni məşqçi hər kim olursa olsun, onunla da çalışmağa hazıram".
Futbolçunun bu çıxışı bəziləri tərəfindən "satqınlıq" kimi dəyərləndirilmişdi.

"İmperator" onu istəmədi

Stanku klubda qalmaq istəsə də, "Qalasaray"ın yeni çalışdırıcısı Fatih Terim onunla eyni fikirdə deyildi. Belə ki, "imperator" yeni qurduğu komandada rumın forvardı görmək istəmir. Fürsətdən istifadə edən "Orduspor" 350 min avro qarşılığında Stankunu bir illik icarəyə götürür.
Boqdanın "Orduspor"dakı ilk mövsümü heç də pis keçmir. O, Superliqada meydana çıxdığı 31 oyunda 10 qola imza atır. Rumıniyalı forvardın çıxışından razı qalan Ordu təmsilçisi onun transfer hüququna yiyələnir. "Orduspor" rəhbərliyi Boqdann transferi üçün "Qalatasaray"a 2,5 milyon avro ödəyir. Futbolçu ilə klub arasında 4 illik anlaşma imzalanır.
Stanku 2012/13 mövsümündə də komandasına əlindən gələn köməyi edir. O, Superliqada meydana çıxdığı 30 oyunda 10 qola imza atır. Ancaq Boqdanın vurduğu qolların komandasına elə də xeyri dəymir. Belə ki, "Orduspor" mövsümün nəticələrinə əsasən aşağı liqaya düşür. Stanku aşağı liqada mübarizə aparmaq istəmirdi. Məhz buna görə də, klub rəhbərliyinə müraciət edərək, ayrılmaq istədiyini deyir. Rəhbərlik də aşağı liqada yüksək ödənişli futbolçu saxlamaq niyyətində deyildi (Stanku "Orduspor"da ilinə 1,2 milyon avro qazanırdı). Məhz buna görə, "Orduspor" rəhbərliyi "Gənclərbirliyi"nin Stanku üçün etdiyi 1,5 milyon avroluq təklifə "hə" cavabı verir. Beləliklə, Boqdan Ankara təmsilçisinin üzvü olur.
Artıq 3 mövsümdür ki, Stanku "Gənclərbirliyi"nin uğurları üçün çalışır. O, Ankara klubunun "vuran ayağı" hesab edilir. 29 yaşlı forvard "Gənclərbirliyi"ndə ümumilikdə meydana çıxdığı 83 oyunda 33 qola imza atıb. Superliqanın son mövsümündə isə Stanku 10 dəfə rəqib qapılara yol tapıb.

İlk oyun, ilk qol
Stankunun Rumıniya millisinə yolu, 2006-cı ildə, hələ "Mioveni"də top qovduğu zaman düşüb. O vaxt ölkənin U-21 millisinə cəlb edilən Boqdan, 2009-cu ildən əsas millinin şərəfini qoruyur. O, millidə ilk oyununu AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Albaniyaya qarşı keçirib. Meydana matçın 64-cü dəqiqəsində daxil olan Boqdan, cəmi 16 dəqiqə sonra komandasını hesabda önə keçirərək, millidəki ilk oyununda ilk qoluna imza atıb. Həmin oyun isə 1:1 hesablı bərabərliklə başa çatıb.

Millinin qol ümidi

Stanku artıq 6 ildir ki, Rumıniya millisinin şərəfini qoruyur. O, bu müddətdə meydana çıxdığı 39 oyunda 9 dəfə rəqib qapıçıları məyus edib. Boqdan millidə yüksək məhsuldarlığı ilə seçilməsə də, komandanın əsas hücumçusu hesab edilir. Elə Fransadakı qitə birinciliyində, Fransa, İsveçrə və Albaniyaya qarşı oyunlarda da baş məşqçi İordaneskunun irəli xətdə əsas ümidi məhz Stanku olacaq.
AÇ-2016 Boqdanın karyerası ərzində ilk böyük turnirdir. Boqdan artıq 29 yaşındadır. Onun Hacı kimi əfsanəyə çevrilmək şansı demək olar ki, yoxdur. Ancaq Fransadakı qitə birinciliyində millini arxasınca aparmaqla, bəlkə də, Hacının də əldə edə bilmədiyi uğura imza ata bilər.

banner

Oxşar Xəbərlər