AZE | RUS | ENG |

Rumıniyada deputat seçkilərinə hazırlaşan azərbaycanlı - Soydaş

Rumıniyada deputat seçkilərinə hazırlaşan azərbaycanlı -  Soydaş
Kamran Allahverdiyev: “Bir məqsədim var, o da Azərbaycanı Avropada layiqincə təmsil etməkdir”

Ən böyük istəyi dünyanın siyasi arenasında Azərbaycanı layiqincə təmsil etməkdir və hazırda Rumıniyada keçiriləcək deputat seçkilərinə hazırlaşır. Düşünür ki, xaricdə yaşayan hər bir insanın əvvəl-axır dönüb gələcəyi yer vətən olur. Alman, ingilis, rumın, və türk dillərini səlis bilir. 
Soydaş rubrikamızın budəfəki, qonağı Rumıniyada yaşayan gənc həmyerlimiz Kamran Allahverdiyevdir. 
 
Qeyd edək ki, Kamran 1995-ci ildə Bakıda anadan olub. Bir müddət sonra ailəsi ilə birlikdə Rumıniyaya köçən Kamran, elə ilk təhsilini də orada alır. Orta məktəb illərində bir sıra uğurları olub. İngilis dili olimpiadalarında bir neçə dəfə 1-ci, informatika sahəsi üzrə 4-cü, alman dili üzrə 1-ci, riyaziyyat olimpiadasında 3-cü yerləri tutub. Həmçinin, idmanda müəyyən mükafatlara layiq görülüb. Məsələn, karate üzrə Rumıniya çempionatında 3-cü yerin, lisey illərində məktəb basketbol komandasının kapitanı kimi həmin komanda ilə liseylərarası turnirdə 1-ci və 2-ci yerlərin sahibi olub.
 
- Hazırda Rumıniyada nə işlə məşğulsunuz?

- Bir müddət əvvəl vətəndaşlıq alaraq, prezident Klaus Yohannisin də üzv olduğu və buranın ən böyük siyasi partiyalarından olan Milli Liberal Partiyasına üzv seçildim. Bu partiyanın tərkibində gənclər sahəsində öz siyasi fəaliyyətimi davam etdirirəm. Hazırda Buxarest Texniki Universitetində mekatronika ixtisası üzrə magistratura təhsili aldığım üçün Rumıniyanın paytaxtı Buxarest şəhərində yaşayıram.
 
- Sizcə, insanın dünyagörüşünün formalaşması, inkişafı üçün xaricdə təhsil mütləqdir? 

- Əlbəttə, çox vacib amildir. Əslində, bu, bütün ölkələrin vətəndaşlarına aiddir. İstənilən halda, doğulduğumuz ölkədən fərqli bir yerdə təhsil almaq, fərqli mədəniyyətlər, insanlar tanımaq dünyagörüşümüzün formalaşmasında böyük rol oynayır. Həmçinin, xarici dil bilgisi imkanlarımız da genişlənir. Xaricdə təhsil insanın özünü inkişaf etdirməsi üçün çox yaxşı fürsətlər təklif edir.
 
- Təhsil almaq üçün nə üçün Rumıniyanı seçdiniz?    

- Rumıniyada oxumaq Avropada təhsil almaq mənasını daşıyır. Gənclərimiz üstünlükləri bu universitetlərə versələr, daha çox faydalana bilərlər. Bunlar Babeş-Bolyai Universiteti, Kluj Texniki Universiteti, Buxarest Dövlət Universiteti, Buxarest Texniki Universiteti və başqalarıdır. Tibb sahəsində təhsil almaq istəyən tələbələr də Rumıniyanı, xüsusilə, Kluj və Mureş şəhərlərindəki universitetləri seçə bilərlər. Çünki Rumıniya bu sahədə böyük təcrübə əldə edib.
 
- Ölkəyə uyğunlaşmada nə kimi çətinliklər yaşadınız? 

- 7 yaşımdan etibarən Rumıniyada yaşadığım və təhsil aldığım üçün, demək olar ki, uyğunlaşmaq barədə heç bir problemim yoxdur.
Bura gəldiyim ilk vaxtlarda əsasən, dil məsələsində bir az problem yaşadım. Həmin vaxt heç kimi və heç yeri tanımamağım mənə bəzi əngəllər törədirdi.   
 
- Siyasətə marağınız böyükdür, gənc yaşdan siyasi fəaliyyətə başlamağınızın səbəbi nədir? 

- Əslində, mühəndislik təhsili almışam. Siyasətə hobbi olaraq başladım və çox böyük uğurlara imza atdım. İstər Rumıniyada, istər də Avropanın digər ölkələrində tanınmış siyasətçilərlə dostluq münasibətləri qurdum. Beləcə, bir də fərqinə vardım ki, artıq siyasətdəyəm. Tarix, coğrafiya, siyasət kimi elmləri bilməyim bu işdə mənə kömək oldu. 
 
- Həmin siyasətçilərlə daha çox hansı mövzularda söhbət edirsiniz? 
      
- Əsasən Azərbaycan-Rumıniya əlaqələrini necə inkişaf etdirmək və möhkəmləndirmək, Dağlıq Qarabağ münaqişəsi barədə Rumıniya ictimaiyyətini məlumatlandırmaq, o cümlədən Milli Liberal Partiyasının gələcək planları və növbəti seçkilərə hazırlıq işləri barədə söhbətlərimiz baş tutur. 
 
- Mədəniyyətlər arasında hansı fərqləri müşahidə edibsiniz?

- Əlbəttə, mədəniyyətlər arasında müəyyən qədər fərqlər mövcuddur. Əsas fərqlər insan düşüncələri və mentalitetdən irəli gələn dəyişikliklərdir. Amma xarakter olaraq bizə çox yaxındırlar. Onlar da qonaqpərvər və isti xalqdırlar.
 
- Bəs Rumıniya gəncliyi ilə Azərbaycan gəncliyi arasında hansı fərqlər var?

- Mənə görə gənclər ölkədən, dindən, dildən, mədəniyyətdən asılı olmayaraq, hər yerdə eynidir. Lakin təbii ki, ölkələr arasında olduğu kimi, gənclər arasında da müəyyən mentalitet və fikir fərqləri mövcuddur. Rumıniyada, xüsusilə Cluj-Napocada gənclərin demək olar ki, hamısı ingilis dilində və bir neçə digər Avropa dillərində səlis danışa bilirlər. Bu da onların dünyaya açılmasına mühüm təkan verir. Hər iki ölkə gənclərinin əyləncə meyarları da fərqlidir. Bizim gənclər həftə sonları dostlarla bir araya gələrək dərdləşmək, məsləhətləşmək və ya bir-birinə qonaq getməklə vaxt keçirirlərsə, rumın gəncləri həftəsonunu gecə klublarının birində və yaxud publarda dostlarla əylənməklə keçirir. Rumıniyada gənclər hələ orta məktəb illərindən etibarən, ailədən asılılığı sıfıra endirirlər və müstəqil qərarlar qəbul etməyi öyrənirlər. Daha sonra rumın gəncləri boş günlərində səyahət etməyi çox sevirlər, həm ölkədaxili, həm də kiçik Avropa səyahətləri həyata keçirirlər. Rumın gəncləri intellektual və dünyagörüşü cəhətdən də xüsusi seçilirlər. Ümumi götürdükdə, əvvəl də qeyd etdiyim kimi, gənclər arasında fərqləri elə də qabartmağa dəyməz, çünki əsas fərqlər mentalitet və düşüncədən ibarətdir. 
 
- Rumıniyadakı iş mühitindən danışaq. Orada vəziyyət necədir, hansı şərtlərlə işə götürürlər, maaş nə qədər olur?   

- Burada minimum maaş 400 avrodur. Xarici dil bilgisi olanları və universitet bitirənləri işə götürməyə daha çox üstünlük verirlər. Orta məktəb təhsili və dövlət xəstəxanaları tam pulsuzdur deyə, maaş az olsa belə, onlara kifayət edir. Hətta, səyahətlər ucuz olduğu üçün həmin büdcə ilə tətil üçün də müəyyən planlar qura bilirlər.
 
- Rumıniya deyəndə ilk ağlınıza gələn sözlər və ya ifadələr hansılardır?     

- Karpat dağları, Tuna çayı, Qara dəniz... İnsulini, qələmi, təyyarəni kəşf edən alimlər və bir də məşhur idmançıları Nadia Komaneçi, Georgi Haci, Simona Halep.
 
- Rumıniyana ilə bağlı unutmayacağınız xatirə nədir?

-  Bu ölkə ilə əlaqəli yadımda qalan ən əsas xatirə Rumıniya siyasətinə daxil olan ilk azərbaycanlı gənc olmağımdır. Hazırda Buxarestin Liberal Partiyasının tələbə təşkilatının əsas vitse-prezidentiyəm və gələcəkdə keçiriləcək deputat seçkilərinə hazırlaşıram.
 
- Milli yeməklərimizdən hansını sevirsiniz? 

- Milli yeməklərimizi sevməmək olar (gülür)? Hamısı çox dadlıdır və özünəməxsus ləzzəti var. Amma dovğanı, plovumuzu, kabablarımızı daha çox sevirəm. Bəzən bu yeməklər üçün darıxıram.
       
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Daha çox kitab oxuyuram və gündəmi öyrənirəm. Çünki hər bir siyasətçi dünya iqtisadiyyatını, siyasətini, ümumilikdə dünyada baş verənləri izləməli, bunlar haqqında araşdırma aparmalıdır.
 
- Gələcəklə bağlı planlarınız nədir?

- Mənim üçün gələcək sürprizlərlə doludur (gülür). Yəni planlarımla bağlı konkret bir şey deyə bilmərəm. Amma bir məqsədim var, o da Azərbaycanı Avropada layiqincə təmsil etməkdir.
 
- Ölkəmizə qayıtmağı düşünürsünüzmü?

- Əlbəttə, vətən, xaricdə olan bütün insanların əvvəl-axır dönəcəyi yerdir. 
 
- Gənclərə məsləhətiniz nədir? 

- Gənclərə ən böyük tövsiyəm oxumaqdır. Çünki dünya dəyişir və inkişaf edir. Heç nə olduğu yerdə dayanmır. Bu inkişafa uyğunlaşmaq üçün də oxumaq şərtdir. Bir insanın əvvəlcə özünə xeyri olmalıdır, özünə xeyri olmayanın nə ölkəyə, nə də bir başqasına xeyri olmaz. 
 
 
Günel Azadə

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000