• cümə, 29 Mart, 16:08
  • Baku Bakı 14°C

Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib - Fotolar

17.01.17 14:00 1596
Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib - Fotolar
Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı Corc Enescu adına parkda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib.

Mədəniyyət günü Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilir. Bu tarixin Rumıniyanın mədəniyyət günü kimi seçilməsində xüsusi önəm vardır. Belə ki, Mihai Eminesku müasir rumın dilinin inkişafına verdiyi üstün töhfələrə görə, Rumıniya mədəniyyətinin "dan ulduzu” adlandırılaraq əsas simvol hesab olunur.

Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rumıniya dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Dan İanku, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Seymur Hacıyev və Emil Lətifov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəsi Dilbər Şükürova, səfirliyin və Binəqədi Rayon bələdiyyəsinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə səfirliyin əməkdaşları və tədbir iştirakçıları tanınmış rumın bəstəkar Corc Enescunun Bakının Binəqədi rayonunda yerləşən abidəsi qarşısına əklil və çiçəklər qoyublar.

Sonra Azərbaycan və Rumıniya Respublikalarının Dövlət himnləri səsləndirilib.

Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku çıxışında tədbir iştirakçılarına tədbirin mahiyyətini izah edərək iki ölkə arasında olan dostluq münasibətlərindən danışıb. O, deyib ki, Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Səfir o cümlədən, təşkilatçılığa görə Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva iki ölkə arasında olan dostluq münasibətlərindən danışaraq, belə mədəni tədbirlərin vacibliyini, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığını, xalqlarımızın uzun illərdir dostluq etdiyini, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşdıqlarını qeyd edib.

Çıxışlardan sonra şairə, Rumıniya səfirliyinin əməkdaşı Fəridə Hacıyeva Corc Eneskunun Azərbaycan dilinə tərcümə etdiyi şeirlərini səsləndirib.

Tədbirin bədii hissəsi Azərbaycanda yaşayan rumın ailənin azyaşlı övladının səsləndirdiyi şeirlə bitib.

Son olaraq abidənin önündə xatirə fotosu çəkdirilib.




banner

Oxşar Xəbərlər