Ruhunu şeytana satanların internet televiziyaları
Xaricdəki anti-Azərbaycan şəbəkəsi özünü "təbliğat” metodunda
dəyişiklik etməyə başlayıb. Belə ki, ölkəmizə əleyhinə olan qüvvələr ənənəvi
metodlarla yanaşı, yeni texnologiyaların da tətbiqini genişləndirib. Onların
himayəsi ilə özlərini "siyasi mühacir” elan edən bəzi azərbaycanlılara internet
televiziyası yaradaraq öz ölkələri əleyhinə təbliğat aparmaları tapşırılıb.
Bu günlərdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP)
Sədr müavini - İcra katibi Əli Əhmədov özünü "Facebook” səhifəsində bununla
bağlı status paylaşıb. YAP funksioneri qeyd edib ki, müxalifət partiyalarının
təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarla insana yaşamaq hüququ
verilməsi, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə
edilməsi heç kimə sirr deyil. Baş nazirin müavini yazıb ki, hazırda ölkələrin
daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə
müdaxilə etməyin yeni forması sınaqdan keçirilir və bunlardan biri internet
televiziyalardır. Onun fikrincə, müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin
yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş
istifadə edilir, Azərbaycana qarşı geniş təbliğat şəbəkəsi yaradılır və bu iş
Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir. YAP
sədrinin müavini Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi
qüvvələrini ölkəmizə qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə siyasi
proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməyə səsləyib.
Mövzu ilə bağlı "Kaspi”
qəzetinə açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi ki, Azərbaycan cəmiyyətində
suyu bulandırmaq o qədər də asan deyil: "Ölkə ictimaiyyəti sağda, solda, eləcə
də xarici ölkələrdə baş verənləri görür və başqalarının səhvlərindən nəticə
çıxararaq ölkədəki sabitliyin qiymətini yaxşı anlayır. Dağıdıcı qüvvələr istər
xaricdən, istər ölkə daxilindən Azərbaycanda ortalığı qarışdırmaq üçün illərdir
çalışırlar, amma bir şeyə nail ola bilmirlər. Əlbəttə, indi yeni texnologiyalar
dövrüdür və informasiya hər kəs üçün də əl çatandır. İstənilən şəxs istənilən
şəraitdə bu texnologiyalardan istifadə edə bilər. Təbii ki, həvəskarlar bəlli
bir müddət ərzində bu texnologiyadan istifadə edirlər və sonradan yorularaq
geri çəkilirlər. Amma o kəslər ki, davamlı şəkildə bu texnologiyalardan
istifadə edir, təbiidir ki, onlar başqa qüvvələr tərəfindən mütləq dəstəklənir.
Söhbət anti-Azərbaycan qüvvələrin belə adamları dəstəkləməsindən gedir.
İnternet televiziyalarının qurulmasına normal yanaşılmalıdır. Amma o
televiziyaların, xüsusisən də Azərbaycana yönəlik fəaliyyət göstərən
televiziyaların bütün davranışlarına diqqət etsək, görəcəyik ki, onlar ölkədəki
heç bir pozitiv halı qeydə almırlar, göstərmirlər, danışmırlar. Yalnız
neqativlər haqqında danışırlar, yaxud da özlərinin uydurduğu neqativlər
haqqında fikirlər yürüdürlər. Təəssüflər olsun ki, bu neqativlər haqqında
danışmaq üçün də ruhunu şeytana satmış və özünə "siyasi mühacir” deyən
şəxslərdən istifadə edirlər”.
A.Həsrət vurğuladı ki, bu internet televiziyalarına Azərbaycanın
daxilində oturub, özünü radikal müxalifət elan etmiş qüvvələr də dəstək verir:
"Əlbəttə onlara bu qüvvələrin maliyyə dəstəyi verdiyini söyləmək bir az çətin
olar. Çünki ciddi maliyyə resursları olan qüvvələr Azərbaycanın daxilində, yəni
radikalların arasında çox deyil. Ümumilikdə onlar özləri ələ baxımlıdırlar və
hansısa şübhəli mərkəzlərdən maliyyə alaraq öz ehtiyaclarını təmin edirlər.
Amma ictimai rəydə həmin televiziyaların tanıdılması, populyarlaşdırılması üçün
bu adamlar əllərindən gələni edirlər. Təəssüflər olsun ki, bir sıra hallarda
bəzi insanlarımız həmin internet televiziyalarının yaydığı saxta, əsassız,
anti-Azərbaycan təbliğatına az qala inanırlar. Bizim də vəzifəmiz ondan
ibarətdir ki, bu televiziyaların əsl mahiyyətini üzə çıxaraq, sahiblərinin
iddia etdiyi kimi, kiminsə öz gücünə fəaliyyət göstərdiyi haqqında yalanları
faş edək və bu arxalarnda əsasən ermənilərə yaxın mərkəzlərin durduğunu
göstərək. Təbii ki, bu mərkəzlər Azərbaycana düşmən münasibət sərgiləyirlər və
ona görə də anti-Azərbaycan mövqeyində olan azərbaycanlılardan da öz məqsədləri
üçün istifadə edirlər. Bunu da demokratiya, insan haqları, fikir azadlığı kimi
epitetlər altında gizlədərək cəmiyyətə sırımağa çalışırlar. Ancaq Azərbaycan
cəmiyyəti kifayət qədər düşünməyi və təhlil etməyi bacarır. Bizim ölkənin insanları
başa düşürlər ki, daxili sabitlik pozularsa, Azərbaycanı da Suriya, İraq,
Liviyadakı kimi elə bir vəziyyətə çata bilər ki, illər uzun bu sabitliyi bərpa
edə bilmərik. Ona görə də həmin qüvvələrin siyasəti Azərbaycanda ayaq açıb
yerimir və yeriyə də bilməyəcək”.
Bakı Politoloqlar Klubunun
sədri Zaur Məmmədov bildirdi ki, son zamanlar Azərbaycandan kənarda
yaşayan, siyasətlə məşğul olan müxtəlif
qruplar ölkə hakimiyyətinə və dövlətə qarşı növbəti kampaniyaya başlayıblar:
"Bu kampaniyanın əsas məğzi iki istiqamətdən ibarətdir. Birincisi, özlərini
"müxalif vətənpərvər” adlandıran qruplar üçün maliyyə əldə etmək niyyətidir.
Onlar əslində bilirlər ki, siyasi ölüdürlər və nə qədər çox maliyyə əldə
etsələr, o qədər çox həyat səviyyələrini yaxşılaşdıracaqlar. İkincisi isə,
xaricdəki ayrı-ayrı qüvvələrin Azərbaycan hakimiyyətinə təsiri və dövlətə
təzyiqidir. Bildiyimiz kimi, 2000-ci illərin əvvəllərindən başlayaraq dünyadakı
siyasi və iqtisadi hegemonlar müstəqil siyasət yürüdən ölkələrə qarşı internet
vasitəsilə kampaniyaya başladılar. Məhz sosial şəbəkələr vasitəsilə
hakimiyyətləri devirməyə, xalqı onlara qarşı mübarizə aparmaq həddinə gətirib
çıxardılar. Hakimiyyətləri indiyədək dəyişən Tunis, Liviya, Misir və digər
ölkələrin həyat səviyyəsi, insanların sosial durumu, idarəçilik sistemi isə heç
də yaxşılaşmayıb”.
Z.Məmmədov qeyd etdi ki, bu gün müxalif siyasi partiya vəsiqəsi ilə
xaricə köç edən şəxslər həmin ölkələrdə tez bir zamanda yaxşı maliyyə əldə
edirlər və özləri üçün internet televiziyaları yaradırlar: "Hesab edirəm ki,
xalq belə məsələlərdə gözüaçıq olmalıdır və prosesləri obyektiv
qiymətləndirməlidir. Özünü "siyasi mühacir” adlandıranlar, o cümlədən onları
ölkə daxilində dəstəkləyən radikal müxalifət indiyə qədər Dağlıq Qarabağla
bağlı sərt bəyanat veribmi? Niyə Qarabağ problemindən daha çox digər uydurma
məsələlərin qabardılmasına üstünlük verirlər? Çünki onları maliyyələşdirən
xaricdəki mərkəzlər buna imkan vermir”.
AZAD