• cümə, 29 Mart, 17:24
  • Baku Bakı 14°C

RUHUNDAKI MƏNƏVİYYATI İFADƏ EDƏN RƏSSAM

23.05.16 11:01 1849
RUHUNDAKI MƏNƏVİYYATI İFADƏ EDƏN RƏSSAM

Ömür yoluna və yaradıcılığına kifayət qədər bələd olduğum əməkdar rəssam, tanınmış rəngkar Nazim Rəhmanovla bir-neçə saatlıq söhbətimizin yaratdığı əhval-ruhiyyə hələ də mənimlədir. Birlikdə 70 yaşı bu günlərdə tamam olan rəssamın qırx ili ötmüş yaradıcılığının ayrı-ayrı səhifələrinə işıq saldıq, olub-keçənləri xatırladıq. Əslində xatırlanmalı şeylər çoxdu və biz imkan daxilində, özü də məzuniyyətlə bunu etməyə çalışdıq. Başqa sözlə desək, "Abşeron məktəbi”ni ərsəyə gətirməklə SSRİ məkanını lərzəyə gətirən əqidə dostlarından başlamış ta müasir sənət formaları ilə ətrafındakıları təəccübləndirməyə çalışan "Yarat”a kimi...

O, emalatxanasındakı ötən əsrin 60-70-ci illərinin yadigarı olan rəngkarlıq tablolarını, bizim günlərdə yaratdığı əsərlərlə yanaşı qoymaqla, özündən asılı olmayan bir özünəməxsus "bədii-psixoloji” mənzərə yaratmış oldu. Bu qəribə və gözoxşayan görüntüdə qırx illik yaradıcılıq axtarışlarının saldığı "iz”in əlaqəli özünəməxsusluğu kifayət qədər duyulan idi. Bu mənzərə mənə tez-tez yada saldığım bir həqiqəti xatırlatdı: Yaradıcı insan gələcəyə öz keçmişinin çiynində gedir...

Keçmişi xatirələrində, gələcəyi xəyallarında yaşadan Nazim Rəhmanov mənimlə söhbətində 70 yaşın zirvəsindən geriyə dönməyə, "yaşananlar zənciri”nin mümkün qədər tam halda təqdimatına çalışırdı. Qarşımızdakı müxtəlif mövzuları və janrları əhatə edən əsərlərinin ənənəvi tutum almış mənəvi-fəlsəfi məzmununa rəğmən demək olardı ki, onun fəxrlə arxaya dönməyə, elədiklərini başqalarına göstərməyə tam haqqı çatır. Belə ki. üst-üstə sıralanan və artıq əvəzolunmaz mənəviyyat məcmusuna çevrilən əsərlərinin xoş sorağı mərkəzi yerli muzeylərlə yanaşı, okeanın o tayındakı çox nüfuzlu sənət məbədlərindən gəlir. Başqa sözə desək, "Nazim Rəhmanov” imzası bu gün dünyada tanınandır...

Rəssamın gənclik illərini oxucuların gözü önündə canlandırmalı olsaq, onda ilk növbədə onun məşhur "Abşeron məktəbi”nə bağlandığı dövrü xatırlamalıyıq. Hələ məşhur "Əzimzadə məktəbi”ndə oxuyarkən tələbə dostu Əlövsət Əliyevlə birlikdə onun yaşadığı Buzovna kəndində məskunlaşaraq o dövrün sovet ideologiyasına zidd bədii eksperimentlər həyata keçirən Mircavad Mircavadovun yanına getməsini yəqin ki, o, heç vaxt unutmayacaq. Onun həmin bağ evinə davamlı get-gəlləri onun üçün həyat və sənət dərslərinə çevrildi. Doğrudan da, burada hər şey bambaşqa idi: eşitdikləri də, gördükləri də... Mircavadın gerçəkliyə münasibətindəki səmimilik, adilikdə qeyri-adilik görə bilməsi onun onu sonradan bütün yaradıcılığı boyu izləyəcək sənət kredosuna çevrildi. Abşeron kəndi, onun gündəlik məişət qayğıları ilə baş-başa qalan insanları, təzadlı iqlimin yaratdığı bənzərsiz gözəllik qaynaqları onun ilham mənbəyinə çevrildi, desək, yanılmarıq. Bura onu bütün ömrü boyu izləyən uşaqlıq xatirələrini də əlavə etsək, onda rəssamın mövzu seçimində elə də korluq çəkməməsinin sirri aydın olar. Elə bütün bunların məcmusunun onun üçün mənəvi saxlanca çevrilməsinin nəticəsidir ki, rəssam ömrünün yetmişinci baharında da tamaşaçı ilə bölüşdüyü fikirlərində yenə də əvvəlki kimi təravətli və səmimidir, bir çox hallarda isə suallıdır...

Bütün yaradıcılığı boyu əsərlərində ənənə ilə müasirliyin vəhdətini əldə etməyə çalışan Nazim Rəhmanov obrazlı desək, dünyanı ancaq qəlbinin hənirtisi ilə canlandırdığından görüntüyə gətirdiyi motivlər tamaşaçı hisslərinə doğma və yaxın qəbul olunur. Çoxlarından fərqli olaraq müasirliyi zəmanəyə bənzəmədə görməyən rəssamın hər hansı dəbdən uzaq olması da yaradıcılığında kifayət qədər görünəndir. Bunu onun yetmişinci illərdə yaratdığı "Abşeron” (1972), "Qız pişik ilə” (1975), "Çörək bişirənlər” (1977), "Qız və xoruz” (1977), "Muğam” (1978), eləcə də səksəninci illərdə ərsəyə gətirdiyi "Görədil” (1980), "Lənkəranda bazar” (1982), "Xartut” (1982), "Dərviş və muğam” (1982), "Balıqlar” (1983), "Nənəmə qonaq gəlmişəm” (1983), "Haray” (1984), "Unudulmuş mahnı” (1985) və "Həyat ağacı” (1989) tabloları da təsdiqləyir.

Nazim Rəhmanovun əsərləri həmişə xalqına və torpağına bağlı, iç dünyasında gəzdirdiyi mənəviyyata müvafiq ruhda olub. Onun "İthaf” (1990), "Firon”, "İmperator” və "Xəlif” tablolarından ibarət "İnsanlar və zaman” silsiləsi (1992), "Habil və Qabil” (1995), "Dialoq” (1994), "Faciə” (1997) əsərləri isə fəlsəfi qayəli olub, dramatikliyinə görə insan niyyətinə hakim olan təzadlı duyğuların məlum və gözlənilən sonluqlarından insanları nəticə çıxarmağa çağıran bədii tutumdadır...

Yeni XXI yüzillikdə rəssamın yaradıcılığı zamanla dialoq kontekstində inkişaf etməkdədir. İllərlə toplanmış problemləri bədii suallara çevirməyə imkan tapan rəssam bu gün sanki zamandan cavab və ədalət istəyir. Bunu onun "Don Kixot” (2001), "Metamarfoza” (2002), "Ana və uşaq” (2002), "Mələk” (2006), "Ailə” (2009), "Adəm və Həvva” (2010), "İnsan və kainat” (2011) və digər əsərləri də təsdiqləyir .

Tamaşaçısına təzadlı duyğular aşılayan bu tablolarında Nazim Rəhmanov yenə də müəyyən hüdud daxilində olan həyatının ruhi-mənəvi tükənməzliyini sərgiləməkdədir. "İç aləmi” sayılan mənəvi dünyanın, öz-özlüyündə çox təzadlı, bəzən hətta əlçatmaz parametrlərə malik olduğunu rəssamın bu əsərlərində duymaq mümkündür. Əslində, əqlin və hissin tamaşaçı fikirlərini tarıma çəkən qovşağını rəssamın demək olar ki, bütün əsərlərində bunu görmək olar. Bəlkə də həyata bu cür fərqli baxışın milli rəssamlıq məkanında yoxluğundandır ki, hər dəfə o, tamaşaçısı üçün yeni və təravətli görünür. 2015-ci ildə həmkarlarının seçimi ilə onun "İlin ən yaxşı rəngkarlıq əsərinin yaradıcısı” hesab olunması da qənaətimizcə bundan irəli gəlmişdi. Etiraf edək ki, yarışma xarakterli seçimlərdə sona qədər ədalətlilik nümayiş etdirə bilməyənlər belə həmin anda Nazim Rəhmanovun Azərbaycan rəngkarlığına verdiyi töhfələrin özünəməxsusluğunu etiraf etməyə borclu idilər... Bu yerdə qeyd edək ki, bu təqdir rəssamın ilk mükafatı deyildi. Hələ 1989-cu ildə Xəzəryanı ölkələrin Bakıda keçirilən Byennalesində I mükafata layiq görülən rəssam, 2009-cu ildə Daşkənddə təşkil olunan beynəlxalq Byennalenin diplomunu almışdı.

Əsərlərinin məşhur Zimmerli incəsənət muzeyində (ABŞ), Şərq xalqlarının Dövlət incəsənət muzeyində (Rusiya), Azərbaycan Milli İncəsənət və Müasir İncəsənət Muzeylərində (hər ikisi Azərbaycan) nümayiş etdirilməsi də Nazim Rəhmanov sənətinin şöhrətinin dar çərçivədə qalmadığını təsdiqləyir. 2010-cu ildə ABŞ-da işıq üzü görən və dünyanın aparıcı rəssamlarının yaradıcılığını əhatə edən albomda onun iki əsərinin yer alması da Azərbaycan rəssamının milli incəsənətimizin tarixi şöhrətini ləyaqətlə qoruduğunu təsdiqləyir.

Bu günlər 70 illik yubileyini qeyd edən Nazim Rəhmanov hər bir əsərini düşüncə və cəmiyyət arasında körpüyə bənzədir və bu səbəbdən də xalqın ixtiyarına verilən yaradıcılıq nümunələrinin məsuliyyətinin böyük olduğunu bildirməklə, onların yaddaqalan olmalarına çalışır. Elə bu səbəbdən də əsərləri zamansızlığa qovuşurlar. Bu isə rəssamın əldə edə biləcəyi ən böyük mənəvi qazancdır...

Ziyadxan Əliyev

banner

Oxşar Xəbərlər