• şənbə, 20 Aprel, 20:26
  • Baku Bakı 24°C

“Ruhum harada rahatdırsa, orada məskən salıram” - Fotolar

04.09.18 10:30 1715
“Ruhum harada rahatdırsa, orada məskən salıram” - Fotolar
7 il bundan öncə Gənclərin I Ümumrespublika Teatr Festivalıkeçirilirdi. Festivalda uzun, qara saçlı gənc bir aktrisa vardı. Onun hazırladığı "Mənim Düşmən Oyuncağım” adlı tamaşa hər kəsin diqqətini çəkmişdi. Gənc aktrisa Səbirə Həsənova bir ailənin faciəsini səhnədə tək canlandırırdı. Balaca oyuncağı ilə səhnədə hər kəsi ağladan bu qızı sonralar hər dəfə görəndə, onun canlandırdığı o tamaşa gözlərim önünə gəlirdi. Kim deyərdi ki, bu qızı Pantomima Teatrı öz bağrına basıb onu elə pantomimçi kimi yetişdirəcək.Yeni mövsümdə ilk qonağımız yaddaşımızda hələ də kiçik qız kimi qalan Səbirə Həsənova oldu. Yenə o uzun qara saçlar və həmin məsum baxışlar... Və 11 ildir Pantomima Teatrında qazanılan səhnə təcrübəsi.
- Artıq yay bitdi, bizi qarşıda yeni bir mövsüm gözləyir. Özünüzü yeni mövsümə hazır hiss edirsinizmi?
- Əlbəttə. Artıq yeni mövsümə başlamışıq. Özümü gümrah və enerjili hiss edirəm. Hesab edirəm ki, yaradıcı bir insan üçün bu çox önəmlidir.
- İstirahət edə bildinizmi?
- Bəli. İstirahət etməyi çox sevirəm. Maraqlı yerlərə getmək, təbiəti seyr etmək, qısa müddət də olsa mühitini dəyişmək insanın ruhunu sakitləşdirir. Yeni mövsümə daha enerjili başlamaq üçün istirahətin vacib olduğunu düşünürəm. Tətilimi Gürcüstanda və Tovuzda keçirdim. Gürcüstanın tarixi abidələrinə, Tovuzun dağ kəndinə sözün həqiqi mənasında heyranam.
- Səbirə xanım, nə üçün incəsənət?
- Çünki bu adın özünün belə çox böyük anlamı var. İncəsənətictimai şüurun formalarından biridir.Mənim üçün incəsənət insan hisslərini təsvir edən ən ideal vasitədir. Uşaqlıqdan səhnəyə böyük həvəsim vardı. İnsanlar doğularkən bir missiya daşıyır. Mən də bu missiyanı daşıyıram və bu iradəni, bu gücü özümdə hiss edirəm. Bir də ki, həyatda sevdiyin işi görməkdən gözəl heç nə yoxdur.
- Aktrisa olmaq istəyinizi eşitdikdə, ailənizdə hər hansı narazılıq yarandımı?
- Bizim ailədə hər kəs rahatlıqla öz seçimini edə və istədiyi işlə məşğul ola bilir. Düzdür, böyüklərin məsləhəti vacibdir və onlar da bizimlə öz təcrübələrini bölüşürlər. Ancaq mən öz seçimimi bildirəndə ailəmdən heç bir narazılıq eşitmədim. Bilirdim ki, seçdiyim sənət göründüyü qədər asan deyil. Mən də bu sənəti seçəndə bütün çətinlikləri gözə almışdım. İndi də çalışırıq ki, öhdəsindən gələk. Düzdür, hər bir işin öz çətinliyi var. İncəsənət nümayəndələri daha çox gündəmdə və göz önündə olduqları üçün onların gördükləri işlər söz-söhbətə səbəb olur və danışılır. Bu baxımdan işimiz daha çox məsuliyyətlidir.
- Sizi tanıyandan eyni saç düzümündəsiniz. Halbuki hər xanım dəyişiklik etməyi sevir.
- Dəyişikliyi sevmirəm. Hər zaman təbii olana üstünlük verirəm. Mənim üçün rahatlıq hər şeydən önəmlidir. Saçlarım ağardığı zaman boyadan istifadə edərəm. Ancaq indi buna ehtiyac görmürəm.
- Sizi tanıyandan Pantomima Teatrında çalışırsınız. Səbirəni daimi olaraq bir məkana bağlayan nədir?
- 11 ildir ki, Pantomima Teatrında çalışıram. Məktəb illərimdən bu teatra böyük marağım olub. Pantomimadakı yaradıcılıq prosesi məni özünə cəlb edirdi və mən arzuma elə tələbə ikən çatdım. Teatrda müsabiqə elan etmişdilər, özümü sınamaq üçün müsabiqədən keçdim. Teatra gedəndə çox kiçik idim. Elə bu teatrda böyüdüm, formalaşdım, hər dəfəsində arzuma bir addım yaxınlaşdım. Düzdür, indi də özümü peşəkar hesab etmirəm. Bizim universitetdə Pantomima fakültəsi yox idi. Pantomima teatrını Azərbaycanda Bəxtiyar Xanızadə yaradıb, biz hər şeyi ondan öyrənmişik, o, bizim ustadımızdır. Mən öz teatrımı çox sevirəm.
- Bu 11 ildə başqa teatra getmək istəyi olubmu?
- Düşünməmişəm belə. Öz işimdən çox məmnunam. İncəsənət adamları seçdiyi sahədə maraq güdmürlər. Onların içlərində nəyi seçdiyi daha çox önəm daşıyır. Mənim üçün də ruhum harada rahatdırsa, orada məskən salıram.
- Səhnə sizin üçün nə məna kəsb edir?
- Səhnədə olarkən alqışlardan enerji alırıq və bu bizə təkan verir ki, daha gözəl işlər görək.
- Pantomima janrına uyğun bizdə ssenarilər yazılmır. Belə olan təqdirdə, tamaşaları hansı əsərlər üzərində qurursunuz?
- Pantomima Teatrında çalışan yaradıcı heyət aktyor olmaqla bərabər, həm də bir ssenaristdir. Pantomimanın özündə biz pantomima tapırıq. Davamlı olaraq özümüzü inkişaf etdiririk. Tək sahə üzrə yox, çoxsahəli öyrənməyə çalışırıq. Böyük səslənsə də, Pantomima Teatrında hər bir aktyor özünün rejissorudur.
- Bu janrı başa düşmək də asan deyil.
- Pantomima hər kəs üçündür. Tamaşalarımızı izləyən hər bir kəs oradan özünə bir pay götürəcək. Ola bilməz ki, kimsə tamaşadan çıxanda desin ki mən bunu anlamadım. Pantomima varsa görüntü var, o görüntüdən insanlar nəsə alır.
- Pantomima Teatrının rəqibi yoxdur. Bu sizdə hər hansı bir tənbəllik yaradırmı?
- Əsla. Ölkənin pantomima tələbatını təbii ki, bizim teatr ödəyir. Bəxtiyar Xanızadə sanki lokomotiv kimidir.
- Bildiyimiz qədəri ilə, siz taekvondo ilə də məşğul olmusunuz. İdmanla incəsənəti bir arada tutmaq çətin deyilmi?
- Sağlam həyat sağlam idmanın nəticəsidir. İdman insanı gümrah saxlayır. Uşaqlıqdan bəri idmanla məşğulam. Taekvondo daha çox əlverişli olduğu üçün bu idman növü ilə məşğul oldum. Bədən imkanlarım da buna əl verirdi.
- Pantomima plastikadan ibarət olduğu üçün yəqin ki, bunların bir ortaq nöqtəsi də var?
- Eynən. Orda da bədən parametrləri yoxlanılır. Mən hər kəsə idmanla məşğul olmağı məsləhət görürəm. Kim özünü sağlam hiss etmək istəyirsə, idmanla məşğul olsun. Fərqi yoxdur, idmanın hansı növü olursa-olsun.
- 20 ildən sonra özünüzü harada görürsünüz?
- Hollivudda (gülürük). Film sahəsində baş verən proseslər orada daha sürətli gedir. O prosesdə olmağı çox istəyərdim. Niyə də olmasın? Düşünmürəm ki, 20 ildən sonra pantomimada olaram. 20 ildən sonra səhnədəki o qıvraqlıqları edə biləcəyimə də əmin deyiləm. Əlbəttə, qarşımı kəsən heç bir şey olmasa, edərəm. Mənim məqsədim sərhədləri aşmaqdır. Gec-tez bu istəyimə nail olacam.
- Uzun müddətdir sizi nə serialda, nə də filmdə görürük. Buna səbəb nədir?
- İndiyə qədər filmlərdən, seriallardan təkliflər almışam. Amma onların heç birini qəbul etməmişəm.
- Səbəb?
- Özümün maraq dairəmə uyğun olmadığı üçün edilən təklifləri dəyərləndirmədim.
- Sizin maraq dairənizə nələr daxildir?
- Mən daha çox Avropa, Amerika filmlərinə baxıram. Həmin filmlərdə olan keyfiyyətin və sistemin burada olmasını çox arzu edirəm.
- Maraqlıdır, Səbirə həyatda necə biridir?
- Sakit okean kimi. Sakitəm, amma okeanam. Hər an hər şey ola bilər. Yeri gələndə coşa bilərəm, yeri gələndə sakit ləpələr olmağı bacarıram.
- Niyə gündəmdən qaçırsınız? Həyatınızda, yaradıcılığınızda gündəm yaradacaq hadisələrlə rastlaşdıqda, siz sadəcə susursunuz.
- Təbiətim belədir. Gizliliyi sevirəm. Mənim gördüyüm işlər də bunu tələb edir. Həyatımda, yaradıcılığımda baş verən hər hansı prosesi kimlərləsə paylaşmağı sevmirəm. Paylaşdığım insanlar sadəcə dostlarımdır. Əslində aktyorların gündəmdə qalmaq kimi bir fobiyası var. Hansı ki, bu fobiya bu gün üçün tələb olunur. Ancaq mən o tipdə bir insan deyiləm. Heç zaman gündəmdə qalmağa və məşhur olmağa çalışmamışam. Bunun üçün heç nə etmirəm.
- Sizcə, aktrisanın şansı daha çox olmalıdır, yoxsa istedadı?
- Hər ikisi. Ancaq daha çox istedadı olmalıdır. İstedad olmasa, şans da gələ bilməz.
- Amma bu gün şanslı olan aktrisalar gündəmdə daha çoxdur.
- Çünki gündəmdə qalmaq üçün sənət o qədər də vacib deyil. Bu, bir mexanizmə çevrilib. Ona görə də şanslılar daha çox öndədir. Hər kəs öz bacardığı yolla qabağa gedir. Heç kim heç kimin qabağını kəsib, onun istedadını əlindən almır. Bəli, kamera arxasında çox istedadlılar var.
- Son olaraq yeni mövsümdəki obrazınızdan danışmağınızı istərdik.
- Sentyabrın 15-dən mövsüm başlayır. Bu mövsüm təzə tamaşalarımız var, hazırda teatrda həmin tamaşaların məşqləri gedir. Bilirsiniz ki, Pantomima Teatrı bir laboratoriyadır. Burada özümüzü göstərmək üçün müəllimimiz bizə çox şanslar verir. Ona görə hər kəs öz bacarığını, emosiyalarını ötürmək üçün teatrın səhnəsini bir meydan olaraq görür. Mən bir bolqar yazıçısının "Sara Keyn” adlı əsərinə müraciət etmişdim. O pyesi oxuyandan sonra mənə çox təsir etdi. Və mən də bunu səhnələşdirmək qərarına gəldim. Tamaşa hazır olanda onu tamaşaçıların ixtiyarına verəcəyik.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər