• cümə, 29 Mart, 18:50
  • Baku Bakı 14°C

Ruhi: “Mən olan yerdə heç vaxt qalmaqal ola bilməz”

14.01.14 16:08 2077
Ruhi: “Mən olan yerdə heç vaxt qalmaqal ola bilməz”
Ötən gün ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışması başa çatdı. Layihə bitdikdən sonra iştirakçılar arasında qalmaqal yaşandı. Belə ki, layihə iştirakçıları səsvermə zamanı səslərinin qeydiyyata düşmədiyini iddia etdilər. Bütün bu söz-söhbətlərə aydınlıq gətirmək üçün layihənin təşkilatçıları yanvarın 14-də mətbuat konfransı keçirdi.
“Biznes ledi” kimi tanınan Ruhi Əliyeva mətbuatda “Özünə bax” layihəsinin qalmaqalla üzləşməyi ilə bağlı gedən söz-söhbətlərə aydınlıq gətirərək “Mən olan yerdə heç vaxt qalmaqal ola bilməz” dedi: “Mən sülhsevər insanam, insanlarla dil tapmağı bacarıram. Mənim bundan öncə də bir neçə layihələrim olub və heç birində qalmaqalla rastlaşmamışam. Ümid edirəm ki, bu gündən sonra da eyni şəkildə davam edəcək. Müsabiqədə iştirak endən qızlar haqqında mənə xoşagəlməyən sözlər çatdırmışdılar ki, onları eşidəndə çox pis oldum. Əgər dava axtarsaydım, onlarla dalaşardım. O ki qaldı iştirakçılarımızdan birinin müsabiqənin şəffaflığı ilə bağlı şübhəsinə, inanmıram ki, hansısa SMS yarışmasında saxtakarlıq ola. “Azərcell” ciddi şirkətdir, o, öz adını hansısa Səbinələrə və başqalarına görə batırmaz”.
ATV-nin layihələr departamentinin rəhbəri Tünzalə Məlikovanın sözlərinə görə də, müsabiqədə qeyri-şəffaflıqdan söhbət gedə bilməz: “Səsvermə dayandırılandan sonra orada müəyyən hesablamalar aparıldı. Nəticələr toplandı və son məqamda birinci yerin qalibi müəyyənləşdi. Burada heç bir qeyri-şəffaflıqdan söhbət gedə bilməz. Kimin şübhəsi varsa, onlara səs verən nömrələr və siyahı məndə var, göstərə bilərəm”.
Layihənin siması Ruhi Əliyeva qalibə bağışlanacaq mənzil haqda da mətbuat nümayəndələrinə məlumat verdi: “Ən böyük mükafatımız olan mənzil yaşayış komplekslərindən birində yerləşir. Qalib burada həm yaşaya, həm də istirahət edə biləcək. Mərkəzdə müxtəlif brendlərin satıldığı butiklər, uşaq bağçası, məktəb, hər cür şərait var. Bu layihədə Azərbaycanın ən dəbli və ən zövqlü xanımını seçmişik. Ümumiyyətlə, xanım sözü tək dəbli geyinməkdən ibarət deyil. Xanım sözünün arxasında çox şeylər dayanır. Xanımın oturuşu, duruşu, özünü aparmaq qaydası, tərbiyəsi olmalıdır. Bu söz müqəddəsdir. Hər qadına xanım deyilmir. Mən qadın olaraq hər zaman atdığım addımı izləmişəm ki, kənardan adıma ləkə gəlməsin. Hərdən elə olub ki, içimdəki səsləri boğmuşam, gedib evdə o səsləri hayqırmışam. Çünki ən azından mən xanımam. Bu söz çox zərifdir. Çox xahiş edirəm, ona ləkə gətirməyin. Hər bir stilist bizi geyindirə bilər, ancaq daxilimizi heç kim düzəldə bilməz”. Ruhi layihənin qalibinə verilən ev hədiyyəsinin ona heç bir aidiyyatı olmadığını, bu evi layihənin təşkilatçılarının aldığını bildirdi.
Layihənin qalibi Sevinc Bayramova dəbli xanım seçildiyi üçün sevinc hissi keçirdiyini və özünü xoşbəxt hesab etdiyini bildirdi: “Yarımfinalda olarkən qızlara söyləyirdim ki, biz hamımız qalibik. Əgər münsiflər heyəti bizi bəyənib finala keçiriblərsə, bunun özü də böyük nailiyyətdir. Birinci, ikinci, üçüncü yer tutmağın heç bir mənası yoxdur. Ancaq bəzi şeylər məni çox kədərləndirdi. Qaliblər açıqlananda çox sevindim, ancaq məni bu yarışmada olan dostlarımdan heç kim təbrik etmədi”.
Sonda Ruhi gələcək layihələrindən də danışdı: “Biz artıq “Özünə bax 3” yarışmasını keçirməyə hazırlaşırıq. Bu dəfə tamam başqa formatda görüşünüzə gələcəyik. Ən önəmli yeniliklərimizdən birini açıqlamaq istəyirəm. Belə ki, yarışmada xanımlarla bəylər bir yerdə yarışacaq. Bu layihəmizin də səs-küy yaradacağına inanıram. Bu dəfə isə iki qalib seçiləcək. Biri xanım, biri isə bəy olacaq. Birinci yeri qazanan xanıma 25-30 min AZN məbləğində brilliant qaşlarla bəzənmiş tac, bəyə isə maşın hədiyyə edəcəyik. 2 və 3-cü yeri qazananlara isə sponsorlarımız tərəfindən müxtəlif hədiyyələr veriləcək. Hələ ki münsiflərin kim olacağı haqda tam qərar verilməyib. Amma proyektin siması yenə özüm qalacam. Amma yaxın zamanlarda münsiflərimiz də bəlli olacaq. Bu günə qədər keçirdiyimiz müsabiqədə iştirak edən şəxslər də bu müsabiqəyə qatılıb, özlərini bir daha sınaya bilərlər. Amma ilk üçlüyə düşənlərə olmaz. Mənim yarışda kişiləri, yoxsa qadınları müdafiə edib-etməyəcəyimə gəlincə isə, onu yarışma başlayandan sonra görəcəksiniz”.
Xatırladaq ki, layihədə üç iştirakçıya – birinci yerin sahibi Sevinc Bayramovaya Xırdalan şəhərində 1 otaqlı mənzil, 2-ci yeri qazanan Nərgiz Əliyevaya qiyməti 20 000 manat dəyərində brilyant və zümrüdlərlə bəzədilmiş zinət əşyası, 3-cü yeri tutan Türkan Həsənliyə isə İtaliyaya istirahət üçün bilet hədiyyə edilib.
Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Münsiflər arasında layihənin siması Ruhi Əliyeva, stilist Elnur Həsənov, vizajist Nərmin İbrahimova və modelyer Afaq İsmayılzadə yer almışdı.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər