• şənbə, 20 Aprel, 13:25
  • Baku Bakı 23°C

“Ruh” Jurnalistlərin Müdafiəsi İB QHT Şurasının dəstəyi ilə reallaşdırdığı layihəyə yekun vurub

07.11.16 14:55 963
“Ruh” Jurnalistlərin Müdafiəsi İB QHT Şurasının dəstəyi ilə reallaşdırdığı layihəyə yekun vurub
"Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi "Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzusundakı dördüncü - sonuncu "dəyirmi masa”sını Bərdə rayonuda keçirib. Bununla da ictimai birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi "İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinə yekun vurub.
"Dəyirmi masa”nı giriş sözü ilə Bərdə Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fəxrəddin Əzizov açaraq bildirib ki, Azərbaycan dövləti mediaya hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Bu qayğı nəticəsində ölkənin ictimai həyatının ən müxtəlif məsələləri ilə bağlı təşəbbüslər reallaşdırılır. Belə təşəbbüslərdən biri də bu gün Bərdədə həyata keçirilir. F.Əzizov əlavə edib ki, torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir dövrdə müharibə təhlükəsi qalmaqdadır. Ancaq müasir dövrdə müharibənin aparılmasının forma və üsullarında dəyişiklik var. Mövcud dəyişiklik müharibənin həm də informasiya cəbhəsinin olması reallığına söykənir.
"Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri, "İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinin koordinatoru Əvəz Rüstəmov çıxışına layihənin məqsəd və vəzifələri barədə məlumat verməklə başlayıb. O bildirib ki, istər 2014-cü ilin avqustunda cəbhə xəttində atəşkəsin geniş miqyaslı pozulması faktı, istər ondan sonra yaşananlar, istərsə də 2016-cü il aprelin ilk həftəsində davam edən iri miqyaslı silahlı qarşıdurma müharibəni ölkəmiz üçün qaçılmaz proses kimi dəyərləndirməyə imkan verir. Belə bir durumda cəmiyyətin hazırlıq səviyyəsi vacibdir. Bu isə eyni zamanda informasiya müharibəsinə hazırlığını nəzərdə tutan prosesdir.
Ə.Rüstəmov qeyd edib ki, onlayn medianın və sosial şəbəkələrin rolunun artdığı hazırkı şəraitdə cəmiyyətin informasiya tələbatının doğru-dürüst şəkildə ödənilməsi, ümumən fikir plüralizminin dərinləşməsi baxımından mühüm şərtdir. Ancaq biz müharibə şəraitində yaşayırıq və bu amil hər birimizdən informasiya, onun yayılması məsələlərinə həssas yanaşmağı tələb edir. Layihə də bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasını hədəf seçib. "Layihə çərçivəsində indiyədək Zaqatalada, Şəmkirdə, Xaçmazda "dəyirmi masa”lar təşkil olunub. Bərdə rayonunda keçirilən tədbirlə layihəmizə yekub vurulur. İnanırıq ki, ötən müddətdə gördüyümüz işlər müsbət qiymətləndirilmə üçün əsaslar verir”, - deyə o vurğulayıb.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, "İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsinin eksperti Seymur Verdizadə bildirib ki, internet özü ilə yeni dəyərlər gətirir. Onlara müsbət tərəfdən yanaşmaq mümkündür. Amma bəzən neqativ meyllər daha çox nəzərə çarpır və həmin meyllər ictimai maraqlara meydan oxuyur. "Bunu bizlər həm 2014-cü ilin avqustunda, həm də 2016-cı ilin aprelində müşahidə etdik. Əlbəttə, aprel ayında dövlət qurumlarımız daha çevik işlədilər. Düşünürəm ki, media da cəmiyyəti düzgün şəkildə məlumatlandırdı. Ancaq bəzi saytlar oldu ki, ya qeyri-peşəkarlıqdan, ya da müəyyən maraqlar yerinə yetirdiklərindən məsələyə fərqli yanaşdılar. Əlbəttə, Milli Ordumuz cəbhədə böyük uğur qazandı. Ancaq bəzən bu uğur daha şişirdilmiş formada göstərildi. Belə hal yolverilməzdir. Çünki bu, həm düşmənin əks addımlarının müəyyənləşməsinə kömək göstərir, həm də vətəndaşımızı yanlış məlumatla üz-üzə qoyur. Əlbəttə, bu cür hallara qarşı cəmiyyətin səfərbər olunması mütləqdir. Layihəmiz də məhz bu məqsədə xidmət edir”, - deyə o vurğulayıb. S.Verdizadə çıxışında həmçinin cəmiyyətin informasiya müharibəsinə hazırlığının müxtəlif aspektləri ilə bağlı istər yerli, istərsə də beynəlxalq təcrübədə meydana çıxan cəhətlərdən söz açıb.
Tədbirdə mövzu ətrafında bir sıra məqamlarla bağlı geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.


banner

Oxşar Xəbərlər