• cümə, 29 Mart, 15:39
  • Baku Bakı 14°C

Rublun enişi Ermənistanı çökdürdü

20.12.14 10:43 1121
Rublun enişi Ermənistanı çökdürdü
Rublun sürətlə ucuzlaşması forpost Ermənistanın iqtisadiyyatını da çökdürmək üzrədir. Aksiyalar aramsız xarakter almağa başlayıb. Dünən Ermənistan paytaxtında yüzlərlə marşrut taksisi maye qaz yanacağının bahalaşmasına etiraz edərək xəttə çıxmayıb. Mikroavtobus sürücüləri maye qaz yanacağına qiymətin kəskin şəkildə artmasından sonra zərərlə işlədiklərini deyirlər. Son günlər Ermənistan dramının dəyərinin enməsi səbəbindən əsas istehlak mallarının qiyməti bəzi hallarda 40 faizədək, o cümlədən avtomobil yanacağı kimi istifadə edilən maye qazın qiyməti 20 faizədək artıb.
Sürücülər əvvəl 1 kub metri 190 drama aldıqları maye qaz üçün indi 230 dram verməlidirlər. Çərşənbə günü axşam başlanan 5 marşrut üzrə işləyən sürücülərin tətilində dünən 10-dan çox istiqamətlərdə sərnişin daşıyan mikroavtobus sürücüləri iştirak edirdi. “Səhər açılmamış evdən çıxıb, gecə yarısı evə qayıdırıq. Qazın qiymətini qaldırıblar, bizə qalası pulu yanacağa xərcləyirik. Görün mağazalarda qiymətlər hara çatıb. Necə yaşayaq, necə ailə saxlayaq?” - deyə sürücülər bildiriblər. Onlar maşınların istismarına sərf etdikləri xərclərin artdığını, marşrut sahiblərinə gündəlik ödənişləri verə bilməyib hər gün 30-40 min dram borclu qaldıqlarını deyirlər. Polis etiraz aksiyasının şəhər mərkəzində keçirilməsinə yol verməyib. Yüzlərlə mikroavtobus paytaxtın mərkəzindən uzaq mikrorayonlarında cərgələrə düzülüb dayanır. Marşrut taksi sürücüləri tələb edirlər ki, qazın qiyməti endirilsin.
Yerevan meriyası problemi həll etmək üçün şəhər nəqliyyatında gediş haqqının artırılmasını təklif edir.
Sərnişin Daşıyanlar İttifaqının sədri Qrant Yeğiazaryan deyir ki, sürücülərin zərərsiz işləməsi üçün marşrut taksilərdə hal hazırda 100 dram olan gediş qiymətini 300 dramadək artırmaq lazımdır. Buna sürücülər də razı deyil. Onlar deyirlər ki, əhalinin ödəmə qabiliyyəti buna imkan vermir: “Nə qədər dözmək olar? İkinci həftədir, biz evə pul aparmırıq. Qaz baha, ehtiyat hissələri baha... Maşını saz saxlamaq üçün borc pul götürmüşəm, ödəyə bilmirəm. Evə bir çörək alıb apara bilmirəm”. Yerevan meriyası 2013-cü ildə sakinlərin sərt etirazları nəticəsində şəhər nəqliyyatında gediş qiymətinin 100 dramdan 150 drama qaldırılması qərarını dəyişməyə məcbur olmuşdu.
Yeri gəlmişkən, bu il Rusiyada rublun 1998-ci ildən bəri ən böyük dəyərsizləşməsi qeydə alınıb. Ölkə mediası rublun dəyər itirməsinin dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə yanaşı baş verməsinə diqqət çəkir. Bu, Ermənistana da birbaşa təsir göstərib. Son 9 il götürülsə, Ermənistanda rublun bu qədər ucuzlaşması müşahidə olunmayıb. Valyuta mübadiləsi məntəqələrində rublun məzənnəsi noyabr ayı başlayandan bəri kəskin aşağı düşüb. İndi bir rublu əvvəlki tək 12-13 drama deyil, cəmi 8-9 drama dəyişdirmək olar. Dramın məzənnəsinin oynaması Ermənistanda inflyasiyaya yol açıb. Mərkəzi Bank dramın məzənnəsindəki enmə-qalxmaların regionun və dünyanın maliyyə bazarlarındakı proseslərdən qaynaqlandığını bildirir. İqtisadçı Samson Avetyanın fikrincə, Ermənistanda yaranan durumda xarici amillərlə yanaşı, daxili amillər də rol oynayır. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı idxala əsaslanır, bunun əksi olsaydı, hər şey tam başqa cür olardı. “Hər şey müstəqillik qazanandan bəri – artıq uzun illər boyunca çarpışdığımız ticarət kəsirindən asılıdır. Bu, yetərincə öncədən bilinən prosesdir. Fikrimcə, ticarət kəsiri yaşadığımızı anlayaraq, zamanla tədricən ixraca işləməyi öyrənməliydik. Axı bu kəsiri azaltsaydıq, belə sarsıdıcı enmə-qalxmalarla da üzləşməzdik» - deyə Avetyan deyib. Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryanın hesablamalarına görə, bu, hələ son deyil və rublun davamlı dəyər itirməsi birbaşa və dolayı Ermənistan iqtisadiyyatına da təsir göstərəcək: “Yatırımların həcmindən danışsaq, deməliyik ki, onlar uzun illər ard-arda azalıb və artıq sıfır həddinə çatıb. Çox vacib bir özəlliyi də söyləyək: bu il şəxsi pul köçürmələri də azala-azala gedib. Ancaq məlumdur ki, yaxın vaxtlarda azalma meylləri daha da dərinləşəcək. Transfertlər – bütövlükdə Rusiyadan maliyyə axını və fərdi pul köçürmələri bizim iqtisadiyyatın ən önəmli tərkib hissələrindən sayılır. Bu amillər mütləq iz buraxacaq”.
Beləliklə, Ermənistanda öz qohumlarının hər ay göndərdiyi rubllarla dolananlar çətin durumda qalıblar. Gümrü şəhəri sakinlərindən biri deyir ki, hər şey bahalaşır, amma vətəndaşın gəliri azaldıqca-azalır: “Əvvəllər min rus rublunu 13 min drama dəyişə bilirdiksə, indi bu rəqəm 8 minə düşüb”. İqtisadçı Ermənistanın Avrasiya İqtisadi Birliyinə getməsinə diqqət çəkir və vurğulayır ki, bu birliyin əsas oyunçularından olan Rusiyanın iqtisadiyyatı çöküş yaşayır. Rusiyada başlanan iqtisadi durğunluq və mümkün böhrandan indi hamı danışsa da, Asatryanın sözlərinə görə, Ermənistan hakimiyyəti rus rublunun dəyərsizləşməsindən doğacaq problemlərin qarşısının alınması üçün, hələ ki, heç bir addım atmır. O, bu il Ermənistan iqtisadiyyatının axsadığına diqqət çəkir və bildirir ki, durumun bilinməzliyindən, indiki halda Rusiyanın mənfi təsiri daha həlledici amilə çevrilir: “Niyə? Axı iqtisadi durğunluq və rublun kəskin dəyər itirməsi ucbatından bu ölkədən Ermənistana gətirilən valyutanın həcmi azalıb. Ermənistan məhsullarının Rusiya bazarına ixracı da azaldığından, ayrı-ayrı şəxslərin pul köçürmə həcmi də aşağı düşüb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər