• cümə axşamı, 28 mart, 23:17
  • Baku Bakı 13°C

Rubl ölür...

13.11.14 11:16 1422
Rubl ölür...
Rusiya rublu ilə bağlı baş verən proseslər getdikcə dərinləşməkdədir. Artıq iki gün öncə Rusiya Mərkəzi Bankı rublun rəsmi məzənnəsinin valyuta dəhlizi çərçivəsində (bivalyuta səbəti) saxlanılması praktikasından imtina etdi. Beləliklə, Rusiya rublunun dollar və avroya qarşı məzənnələri bazar amilləri təsiri altında formalaşacaq və bununla da ölkə üzən məzənnə siyasətinə keçəcək.
Ekspertlər hesab edirlər ki, bu, Rusiya Bankının mütəmadi valyuta intervensiyalarından imtina etmək qərarının məntiqi nəticəsidir. Qeyd edək ki, Mərkəzi Bankın rəhbərliyi qərara alıb ki, valyuta müdaxiləsi istənilən an və tələb olunan həcmdə həyata keçirilə bilər və bu, bazarın və tələb-təklif balansının cari vəziyyətindən asılı olacaq. Rusiya hökumət mənbələri xəbər verir ki, hökumət dolların məzənnəsinin hazırkı 45 rubldan 42 rubla qədər enəcəyini proqnozlaşdırır. Lakin aydındır ki, neftin ucuzlaşması şəraitində rublun möhkəmlənməsi üçün heç bir makroiqtisadi əsas yoxdur və əgər bu günə qədər rublun məzənnəsi valyuta intervensiyaları hesabına nisbətən sabit saxlanılırdısa, valyuta dəhlizi və valyuta intervensiyalarından imtinadan sonra rublun məzənnəsi daha da enə bilər.
Bundan başqa, Rusiya Mərkəzi Bankı kommersiya banklarına rubl likvidliyinin verilməsini məhdudlaşdırmaq niyyətindədir. Mərkəzi Bankda hesab edirlər ki, bu vəsaitlər valyuta bazarında sırf spekulyativ məqsədlər üçün istifadə olunur və valyutaya olan tələbatı artırır. Hazırkı vəziyyətdə isə bu ucuzlaşma daha çox makroiqtisadi amillərlə bağlıdır və ilk növbədə buna neftin ucuzlaşması təsir edir. Belə olan halda, Mərkəzi Bankın yuxarıda qeyd edilən qərarlarının rublun məzənnəsinə müsbət təsir edəcəyi inandırıcı görünmür.
Rusiyada baş verənlərin fonunda dollar bahalaşmaqdadır. “Bloomberg” Agentliyinin hesabatına görə, Rusiyanın Mərkəzi Bankı pulun dəyərini sabitləşdirmək üçün təkcə oktyabr ayında 30 milyard dollar istifadə edib. Rusiya Mərkəzi Bankının sədr müavini Kseniya Yudayeva bildirib ki, ilin sonunda stabilliyin yaranması gözlənilir. Dolların bahalaşmasına təsir göstərən digər bir amil isə Avropa Mərkəzi Bankının sədri Mario Draghinin avro ilə bağlı daha çox yumşalma siyasəti həyata keçirəcəkləri barədə açıqlaması olub. Bu açıqlamadan sonra avro dollara nisbətən son iki ilin ən aşağı səviyyəsinə düşüb. Beynəlxalq valyuta səbətində dolların güclənməsinə təsir göstərən üçüncü amil isə Cənubi Afrika Respublikasının kredit notlarının kəskin aşağı düşməsi olub. Bu prosesdən sonra CAR-ın milli valyutası rand son 5 həftədə ən aşağı səviyyəyə enib.
Bütün bu baş verənlərin Azərbaycana hər hansı təsirləri ola bilərmi? İqtisadçı-ekspert Samir Əliyevin bildirdiyinə görə, neftin ucuzlaşması və dolların bahalaşması fonunda 2014-cü ilin III rübündə Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb: “Azalma beynəlxalq ehtiyatlarda da müşahidə edilib. Beynəlxalq ehtiyatların xarici valyutada olan aktivləri sentyabr ayında 340,18 milyon dollar azalıb. Sentyabr ayı ərzində xarici valyutada olan aktivlərin həcmi 17,783 milyard dollardan 17,443 milyard dollara düşüb. Güman ki, azalma noyabr ayında da davam edəcək. Çünki neft 80 dollara yaxınlaşır, dolların isə digər valyutalara nisbətən bahalaşması ehtiyatlarımıza mənfi təsir göstərəcək”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, rəsmi valyuta ehtiyatlarında azalma iyul ayından, beynəlxalq ehtiyatlarda isə (rəsmi valyuta ehtiyatı, qiymətli kağızlar və qızıl üzrə) avqust ayından etibarən müşahidə olunmağa başlayıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənova görə, azalma dolların məzənnəsində yaşanan sürətli artımın nəticəsidir: “Mərkəzi Bankın yürütdüyü pul siyasəti manatın sabit saxlanmasına yönəlib. Bunun üçün məcburdur ki, bazara əlavə dollar buraxsın”. İqtisadçı qeyd edir ki, azalmanın digər səbəbi ixracımızın böyük hissəsini neft və neft məhsullarının təşkil etməsidir: “Onu da nəzərə almaq lazımdır ki, ABŞ Federal Ehtiyat Sistemi dolların məzənnəsini möhkəmləndirmək üçün bazarlara isti pul axınını dayandırdı. Gələn il də ABŞ hökuməti dolların kursunu möhkəmləndirmək siyasətini həyata keçirəcək. Əgər hökumət siyasətini dəyişməzsə, Mərkəzi Bankın ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması gözlənilir. Hökumətin həyata keçirdiyi siyasət, əsasən, ondan ibarətdir ki, ölkə daxilində bahalaşmanın qarşısını alsın. Qeyri-neft sektorunda istehsal yalnız daxili bazara yönəlib. Bu sektorda ixracımız çox aşağıdır. Manat ucuzlaşarsa, bu, idxal etdiyimiz məhsullarda qiymət artımına gətirib çıxaracaq. Hökumət inflyasiyanın qarşısını almaq istəyir. Nə qədər ki, qeyri-neft sektorunun ixracda həcmi artmayacaq, Mərkəzi Bank da bu siyasəti həyata keçirəcək. Yoxsa mövcud vəziyyətdə manatın sabit saxlanmasına ehtiyac var”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər